Avropanın Ukrayna ilə bağlı ABŞ-a təqdim etdiyi "qırmızı xətt" nədir?

"Avropa tərəfinin "qırmızı xətt" deyəndə ilk növbədə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın ərazisi kimi tanınmaması məsələsi dayanır".

Lim10.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Avropanın Ukraynada müharibənin dayandırılması üçün ABŞ-a təqdim etdikləri "qırmızı xətt"də nələrin əks olunduğu barədə danışarkən deyib.

Natiq Miri bildirib ki, Moskva Krımın Rusiya ərazisi olmasının həm ABŞ, həm də Ukrayna tərəfindən tanınmasını istəyir:

"Habelə, 4 vilayət, Donetsk, Luqansk, Zaporejye və Xersonun bütün ərazilərinin də Rusiya ərazisi kimi tanınmasını istəyir. Düşünürəm ki, Avropa "qırmızı xətlər" deyəndə bunları nəzərdə tutur. Çünki bu məsələdə güzəştə gedilsə, Rusiya perspektivdə güclənərək iştahını Avropaya doğru daha da artıra bilər. Ona görə də ərazi məsələsi Avropa üçün "qırmızı xətdir".
 

Politoloqun fikrincə, Ukrayna ordusunun sayının azaldılması da Avropa üçün "qırmızı xətdir":

"Avropa İttifaqı Ukraynaya Avropanın təhlükəsizlik arxitekturasının tərkib hissəsi kimi baxır. Ona görə də Ukraynada güclü ordunun olması Aİ-nin maraqları kontekstindədir. Habelə, Kiyevə hərbi yardımların davamiyyəti məsələsi də müzakirə predmeti deyil. Çünki bu Rusiyanın verəcəyi qərar deyil. Bu yöndə də Moskvanın tələbi qəbuledilməzdir. Bundan başqa, atəşkəs davamlı olarsa, perspektivdə Avropa qoşunlarının sülhməramlı statusda Ukraynada mövcudluğu məsələsi də "qırmızı xətdən" keçir".

Ekspert qeyd edib ki, Ukraynanın təhlükəsizliyi üçün Avropa və Amerikanın birgə təminatına ehtiyac var. ABŞ isə hələlik bundan boyun qaçırır:

"Eyni zamanda, yaxın 10-15 il ərzində qarşılıqlı olaraq bir-birinə hücum etməməklə bağlı konkret öhdəliyin götürülməsi də Avropa üçün "qırmızı xətt" ola bilər. Çünki Ukraynanın dağıdılmış infrastrukturunu, ordusunu bərpa etməyə ehtiyac var. Bu da əsas məsələlərdən biri kimi götürülə bilər".

Həmsöhbətimizin fikrincə, Krımın Rusiya ərazisi kimi tanınması məsələsi açıq məsələlərdəndir: 

"Çünki Rusiya da bir növ yumşaq mövqe nümayiş etdirir. Ancaq onun davamlı olacağı sual altındadır. Çünki Krımın Rusiyanın ərazisi kimi tanınması məsələsi açır məsələlərdən biridir. Zelenski buna getməyəcək. Ancaq məsələdə ABŞ da var. Moskva tələb edir ki, Ukrayna tanımasa da, ABŞ Krımı Rusiyanın tərkib hissəsi kimi tanımalıdır. Yəni əsas əngəl məsələ Krım məsələsidir".

Qeyd edək ki, Avropa ölkələri ABŞ-a Ukraynada müharibənin dayandırılması üçün özlərinin güzəştə getməyəcəkləri "qırmızı xətləri"ni təqdim ediblər. Bu barədə "Franseinfo"ya açıqlamasında Fransanın XİN rəhbəri Jan-Noyel Barro deyib. 

O qeyd edib ki, Londonda başlayacaq danışıqlar Kiyev və Avropa üçün gözləntiləri və "qırmızı xətləri"ni elan etməkdə növbəti bir şans olacaq.