DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA

Səxavət Əlisoy
Sonuncu 35-ci hissə
DÖVLƏT 33 İL SONRA
XX əsrdə Azərbaycan xalqına iki dəfə dövlət yaratmaq nəsib oldu. 1918-ci ildə qurulmuş birinci dövlət 23 ay yaşadı. 1991-ci ildə ikinci dəfə nüstəqilliyini elan etmiş Azərbaycan dövləti artıq 33 yaşını tamamlayıb. Tarixə qısa bir ekskursiya edək.
1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında bolşeviklər hakimiyyət çevrilişi etdi. Bu səbəbdən Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya müsəlman şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.
Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən fəal və aparıcı üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Fəqət milli ziddiyyətlər Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermirdi. Bu ziddiyyətlərə rəğmən 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ imzaladılar.
İstiqlal Bəyannaməsi təkcə türk-müsəlman dünyasında deyil, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılmasının bəyanı idi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Təkrar yazmaqda fayda var, Azərbaycan Xalq Cümhuriyyəti , Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası, Azərbaycan Cümhuriyyəti, qısaca AXC və ya ADR — Şimali Azərbaycanda yaranmış müstəqil dövlət olaraq, Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və parlament respublikası idi. Paytaxtı 17 sentyabr 1918-ci ilə qədər Gəncə, sonra Bakı şəhəri oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların kompakt yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər yarananda, Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası yaradıldı. AXC Hökuməti Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da Ermənistana verməyə məcbur oldu. Dövlətin rəsmi dili Türk dili, pul vahidi Azərbaycan manatı, Azərbaycan rublu və Bakı bonları, əhalinin sayı 2.862.000 nəfər, ərazisi 113,9 min kv. km, idarəetmə forması Parlament respublikası idi. Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu. 1918-ci ilin noyabr ayının 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi "türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi.
Bunu xüsusilə vurğulamaq lazımdır, 1918-ci ilin may ayının 28-də dünya ilk dəfə “Azərbaycan” adında bir dövlətin doğumuna şahidlik etdi. Beləliklə Azərbaycan xalqının varlığı ortaya çıxdı. “Azərbaycan” deyiləndə dünya artıq coğrafi bir məkan barədə yox, suveren bir dövlət barədə düşünməyə başladı. AXC-nin ikinci ən böyük xidməti o oldu ki, Azərbaycan türkləri ümmətçilikdən türk millətçiliyinə keçid dövrünə qədəm qoydu.
Azərbaycan xalqının milli dövlətçilik şüurunun oyanmasında və onun bir millət kimi formalaşmasında Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə rolu oldu. 23 ay yaşamasına baxmayaraq, AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi, irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldıraraq demokratik idarəetmə sistemi formalaşdırdı. Cümhuriyyətin demokratik ənənələrindən bəhs edərkən, 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan Parlamentinin fəaliyyəti xüsusi qlaraq qürurla qeyd olunmalıdır. Parlamenti bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olaraq tarixə keçdi.
Azərbaycan Parlament yoxdan bir dövlət qurdu. Qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsasları formalaşdırıldı, siyasi və iqtisadi inkişafın bünövrəsi qoyuldu.
Yaşadığı 23 ay ərzində AXC iqtidarı nələr etdi?
AXC-nin dünya çapında imza atdığı addımlardan biri o oldu ki, qadınlara seçib-seçilmək hüququ verdi. AXC-nin bu qərarı inqilabi bir qərar idi. Azərbaycan Cümhuriyyəti bu qərarı verərkən Qərbin bir çox dövlətlər qadınların elementar hüquqlarını belə məhdudlaşdırırdı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı həyata keçirdi. O dövrdə yürüdülən xarici siyasətin ən önəmli uğurlarından biri kimi, Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın müstəqil dövlət kimi tanınması idi. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti dünya ictimaiyyəti tərəfindən de-fakto tanındi. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.
Olduqca ağır bir dönəmdən keçən və çox mürəkkəb şəraitdə fəaliyyət göstərən AXC elmin, təhsilin, xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxladı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açıldı, kəndlərdə xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradıldı, yoluxucu xəstəliklərə qarşı mübarizəyə start verildi. Bu baxımdan parlamentin 1919-cu il sentyabrın 1-də qəbul etdiyi "Bakı Dövlət Universitetinin təsis olunması haqqında" qanunu xüsusi qeyd etmək lazımdır. Universitetin açılması cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidmətlərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun ideyalarının yaşamasında, habelə xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti müstəsna rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin “Dövlət dili haqqında” 1918-ci il 27 iyun tarixli qərarında dövlət dilinin Azərbaycan türkcəsi olduğu elan olundu və bundan sonra bütün məhkəmə orqanlarında, digər dövlət qurumlarda vəzifə daşıyanların ancaq bu dili bilənlərdən ibarət olacağı bəyan edildi.
Sadalanan bu faktlar onu sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyəti siyasi-iqtisadi sahədə mühüm islahatlar həyata keçirməklə yanaşı milli-mənəvi dəyərlərin, xalqın tarixi ənənələrinin qorunması istiqamətində də mühüm addımlar atırdı. Qısa zaman kəsimində Milli Ordunun formalaşdırılması, maliyyə, vergi, bank sahələrini əhatə edən 80-dən çox qanun layihəsinin hazırlanması və böyük əksəriyyətini qəbul edilməsi, milli pul vahidinin buraxılması, Dövlət Bankının açılması, dağıdılmış Bakı-Batumi neft kəmərinin bərpa olunması, Bakı-Culfa dəmir yolunun inşa edilməsi, Xəzər dəniz gəmiçiliyinin inkişaf etdirilməsi, xürafatın hakim olduğu bir toplumun gözünün açılması üçün dövlət hesabına 23 orta ixtisas təhsili məktəbinin, 6 kişi, 4 qadın gimnaziyasının, 5 realnı məktəbin, 3 müəllimlər seminariyasnını, 3 "Müqəddəs Nina" qız məktəbinin, 637 ibtidai məktəbin... fəaliyyətə başlamsı Cümhuriyyəti quran kişilərin nə qədər böyük dövılət adamı olduğunun təsdiqidir.
1998-ci ildə AXC-nin 80 illiyi münasibəti ilə düzənlənən toplantıda çıxış edən prezident Heydər Əliyev Cümhuriyyəti ərsəyə gətirmiş dövlət adamlarının xidmətini bu sözlərlə ifadə etdi: “Bu gün, bu bayram günü Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının və Azərbaycan Xalq Cümhuriyyətinin iki illik fəaliyyətini təmin edənlərin hamısını böyük minnətdarlıq hissi ilə yad edirik. Onlar həqiqətən vətəndaşlıq şücaəti göstəriblər, həqiqətən öz xalqı, milləti qarşısında böyük qəhrəmanlıq nümunələri göstəriblər. Xalq Cümhuriyyətinin yaradıcıları - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xalq Cümhuriyyətinin ilk Milli Şurasının bütün üzvləri, Xalq Cümhuriyyəti hökumətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər. Xalqımız onların xidmətlərini bu gün minnətdarlıq hissi ilə yad edir. Onların gördüyü işlər və əziz xatirələri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır...”
HAŞİYƏ- Azərbaycan Xalq Cümhuriyyəti çar Rusiyasından miras qalmış savadsızlığı və hürafatın hegomon olduğu bir öılkədə sözün həqiqi anlamımda qısa zaman müddətində inqilabi dəyişikliklər etməyə nail oldu. Əhalisinin böyük əklsəriyyətinin oxuyub-yaza bilmədiyi bir məmləkətdə dövlətin inşası, üstəgəl bu dövləti də demokratik prisiplərlə inkişaf etdirməyin bəyan edilməsi gerçəkdən heyrət doğurur. Təsəvvür edin, AXC Hökumət təşkil edərkən Azərbaycanda universitet diplomu olanların sayı 50-dən az, qadınlar arasında savadsızlıq isə çox yüksək səviyyədə idi. Misal üçün, 1918-1919-cu tədris ilində Gəncə gimnaziyasında cəmi 4 azərbaycanlı qız oxuyurdu.. Belə bir durumda xalqın milli şüurunu formalaşdırmağın çox çətin olmasına baxmayaraq, AXC-nin başında dayanan dövlət adamları İstiqlal Bəyannəməsində elan olunmuş müddəaları gerçəkləşdirmək üçün gecə-gündüz çalışdı. Onlar yoxdan bir dövlət qurduqlarının, qurduqları dövlətə qarşı imperialist güclərin və düşmən qonşunun dayandığının fərqində idi. Odur ki, bütün enerjiləri Azərbaycan dövlətinin quruculuğuna sərf olunurdu. Onlar üçün Dövlət və Dövlətçilik şəxsi mənafedən üstün sayıldı. Dəyərli oxucu, lütfən, bir atanın Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri (1919–1920), Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər, maarif, maliyyə naziri vəzifəsində olmuş oğluna yazdığı və dünyda analoqu olmayan məktubnu diqqətlə oxuyun :
”Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısnı yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedərək Seymin maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə baş nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi? “
İndi bir anlığa dövlətin təməlini dağıdan İcra Hakimiyyəti başçılarını, nazirləri, yüksək vəzifə tutan dövlət məmurlarını gözünüzün önünə gətirin. Rüşvət və korrupsiya ilə, dövlətin xəzinəsini talan etməklə Fironlar, Krallar kimi yaşayan yaramaz vəzifə sahibləri o Böyük Kişilərin min bir məşəqqətlə qurduqları Dövlətə və Xalqa qarşı xəyanət etmirlərmi?
1920-ci ildə Azərbaycan da daxil Cənubi Qafqazın digər müstəqil dövlətlərinin başının üstündə bir kommunist-bolşevik kabusu dolaşırdı. Rusiya imperiyası iki il əvvəl süverenliyə qovuşmuş dövlətləri bu dəfə “sosializm” şüarı altında işğala məruz qoydu. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşaya bildi. Və 1920-ci ilin aprel ayının 27-də gündüz saat 12-də Azərbaycan Parlamentinə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin və Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum göndərildi. Azərbaycan parlamentinin fəaliyyəti həmin gün saat 20.45-də başa çatdı. Parlament aşağıdakı şərtlərlə hakimiyyətin Azərbaycan kommunistlərinə verliməsi barədə qərar çıxartdı:
1. Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Anadolunun köməyinə gedəcək
2. Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq
3. Azərbaycan Ordusu olduğu kimi saxlanacaq
4. Azərbaycanın siyasi partiyaları üçün fəaliyyət azadlığı təmin olunacaq
5. Keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək
6. Azad şəraitdə toplaşacaq Azərbaycan Şuraları hakimiyyətin idarəçilik formalarını təyin edəcək.
1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyətinin qurulması elan olundu. Və bolşeviklər Azərbaycan Parlamentinin irəli sürdüyü şərtlərin heç birinə riayət etmədi. Müstəqil Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra 71 ildən bir az artıq Rusiyanın müstəmləkəsi olaraq yaşadı. Kremlin fəxri “zəhmətkeş” tituluna layiq görülmüş Azərbaycan xalqı qul əməyinə məhkum edildi. Bu 71 ildə xalqın ana dili arxa plana keçidi, dilin adı, əlifba dəyişdirildi. Xalqın düşünər insanları məhv edildi, minlərlə Azərbaycanlı ziyalı repressiyalara məruz qaldı. Fəqət bütün bunlar, Azərbaycan xalqının total manqurtlaşması ilə nəticələnmədi. Xalq bütün ağrı-acılara, dəhşətlərə, repressiyalara, qətliamlara rəğmən ayaqda qalmağı başardı və 1991-ci ildə ikinci dəfə müstəqilliyini elan etdi. Prezident Əbülfəz Elçibəy milli dövlət strukturlarının yenidən təməlini qoydu, Kremlin əsgərlərini müstəqil Azərbaycan ərazisindən çıxardı, milli valyutanın dövriyyəyə buraxılmasına nail oldu. Prezident Heydər Əliyev Azərbaycanın bir dövlət olaraq məhvinin qarşısını aldı. Dövləti separatçıların və anarxistlərin təhlükəsindən, federallaşmadan xilas etdi. H. Əliyev iqtisadi inkişafın təməlini qoydu, milli ordunu gücləndirdi. Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünü təmin etdi. Prezidentliyi dönəmində xalqın yaralanmış qüruru bərpa olundu. Prezident İlham Əliyev iqtisadi inkişaf tempini yüksəltdi, müasir və modern silahlarla təchiz olunmuş güclü ordu qurdu, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu yüksəldi. Transmilli şirkətlər məhz bu nüfuza görə Azərbaycana 100 milyardlarla dollarlıq investisya yatırdı.
Prezident İlham Əliyev Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişdirdi. Çəkilən yollar, salınan körpülər, tikilən idman qurğuları, yaşayış və inzibati binalar, stadionlar, hava limanları, təhsil və səhiyyə müəssisələri… onun gördüyü işlərin yalnız bir hissəsidir.
İlham Əliyevin prezidentliyi dövründə dövlət saysız-hesabsız problemlə üzləşdi. Kremlin erməni mafiyası, Qərbdəki erməni lobbisi, imperialist güclər Azərbaycanın torpaqlarını itirməsi, parçalanması və vassal bir dövlətə çevrilməsi üçün əlindən gələni etdi. Bütün bunlara baxmayaraq, onun prezidentliyində Azərbaycan müstəqil dövlət olaraq varlığını qoruyub-saxlamağa müvəffəq oldu. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər isə prezidentin adını əbədi olaraq Azərbaycan tarixinə yazdı…
Artıq Azərbaycan Dövləti yaşının ikinci qərinəsinə qədəm qoyub. Nələr gözləyir, Azərbaycanı növbəti qərinədə?
Və hansı problemləri Dövlət birinci qərinədən ikincinə daşıyır?
20 ildən çoxdur ki, düzgün yürüdülən iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin ən güclü dövlətyinə çevrildi. Artıq Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Beynəlxalq təşkilatlar iqtisadi parametrlərə görə Azərbaycanın sürətlə irəlilədiyini vurğulayır. 5 il əvvəl torpaqlar işğal altında olan zaman dövlət büdcəsinə daxil olan vəsaitin böyük bir hissəsi ölkənin müdafiə sisteminə yönəlirdi. Zəfərdən sonra azad olunmuş torpaqlara “həyat vermək üçün” külli miqdarda vəsaitə ehtiyac var. Dövlət Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna 15 milyard manatdan artıq vəsait qoyub və bu proses davam etməkdədir. Zəngəzur dəhlizinin, eləcə də digər dəhlizlərin (Cənubi Qafqazdakı hazırda aktiv olan və ya açılması planlaşdırılan dəhlizlərin sayı gözlədiyinizdən çoxdur: Çinin Qafqaz və Xəzər bölgəsi arasındakı bir sıra dəhlizləri, “Bakı-Tbilisi-Qars” ı əhatə edən “Bir Kəmər Bir Yol” layihəsi keçidi, Xəzər dənizi və Fars körfəzi arasında inşa edilən kanallar, Əfqanıstanı Avropaya birləşdirən Azure Yolu və Orta Asiyanı Qafqazla Avropaya bağlayan TRACECA dəhlizi…) açılması Azərbaycan üçün xüsusi önəm daşıyır. 43 kilometrlik Zəngəzur dəhlizinin açılması isə minlərlə kilometr ticarət və siyasi təsir potensialına malik olmaqla yanaşı, Naxçıvan Muxtar Rüspublikasının blokadadan çıxması anlamındadır.
Xəzər dənizi böyük həcmdə karbohidrogen ehtiyatlara malikdir. Və bu faktor Azərbaycan dövlətinin növbəti 33 ildə gücünə güc qatacağına işarədir. Qeyri-neft sektorunda əldə olunan uğurlar daha böyük əhəmiyyətə malikdir. Güclü və qüdrətli nAzərbaycanın inşa edilməsi üçün dövlət tərəfindən davamlı olaraq mühüm qərarlar qəbul edilir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər:
1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, Azərbaycanın bütün parametrlərdən güclü və qüdrətli dövlət olmasına hesablanıb.
Xəzər dənizindəki karbohidrogen ehtiyatları və qeyr-neft sektorunun intensiv inkişafı qarşıdakı 33 il ərzində Azərbaycan xalqının rifahının yüksəlişində mühüm rol oynayacaq. Bu dəniz gələcək nəsillərin insan kimi yaşamını təmin etmək qüdrətindədir. Ekspertlərin hesablamalarına görə Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır. Bundan başqa dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var. Xəzərin hidrokarbon ehtiyatlarının çıxarılmasında ətraf dövlətlər və xarici korporasiyalar fəal şəkildə iştirak edirlər. Bu gün Xəzər dənizi dünyada enerji təhlükəsizliyində əsas rol oynayan regionlardan biridir. Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin, həm də ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır. Ölkənin enerji sahəsindəki irimiqyaslı layihələri, infrastrukturun inkişafı və digər strateji sahələrdə görülən işlər Azərbaycanın dünya iqtisadiyyatında daha vacib və nüfuzlu bir rol oynamasına imkan verir. İqtisadi inkişaf tempinin dinamikliyi İkinci qərinədə Azərbaycanı Orta Şərqin strateji və iqtisadi mərkəzlərindən birinə çevirə bilər.
“Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq…” Prezident İlham Əliyevin bu sözlərində böyük həqiqət var. Gerçəkdən, güclü iqtisadiyyat dövləti asılılıqdan xilas edir. Asılı olmayan dövlət isə hər zaman müstəqil siyasət yeridir. Bütün bunlar Azərbaycan dövlətinə bağlı insanlarda qürur hissi yaradır.
Növbəti 33 ildə Azərbaycanın gücünün və qüdrətinin qat-qat artacağını dövlətin düşmənləri belə etiraf edir. Ancaq bu gücün, bu qüdrətin insan faktoruna, dövlətin sosial siyaəsinə pozitiv təsirinin qarşısında dayanan əngəllər var. Nədir onlar? 5 il əvvəl Azərbaycan vətəndaşlarına bu sual verilsəydi, hamının cavabı “müharibə” olacaqdı. Fikrimcə, bu gün Azərbaycan dövlətinin qarşısında iki mühüm vəzifə dayanır. Birincisi, Ermənistanla Sülh Sazişi bağlamaqla dəhlizlərin açılmasına nail olmaqdır. Bu saziş Prezidentin təbirincə desək, nəyin bahasına olursa olsun, imzalanacaq. Saziş imzalandıqdan sonra dövlətin ən ümdə vəzifəsi rüşvət və korrupsiyaya “müharibə” elan etmək olacaq.
Bu gün prezident İlham Əliyev ömrünün müdriklik çağını yaşayır. Onun siyasi reytinqi ən yüksək səviyyədədir. Səviyyənin sabit qalmasında dövləti məhv edən rüşvətxor və korrupsionerlərin başına dəyəcək “dəmir yumruğun” əlahiddə rolu ola bilər. O “dəmir yumruq” düşmənin Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” planını məhv etdi. O “dəmir yumruq” bu gün dövlətin daxildəki düşmənlərinin başında partlamasa, o quldurların cinayət yolu ilə sahib olduqları milyonlar, milyardlar sabah quruculuğunda, oturuşmasında və inkişafında prezident İlham Əliyevin də müstəsna xidməti olan Azərbaycan dövlətinin bünövrəsini dağıdacaq, vətəndaş qarşıdurmasına cərf olunacaq.
Rüşvət və korrupsiyanın başına vurulacaq “dəmir yumruq” avtomatik olaraq dövlətin sosial siyasətinə öz bəhrəsini verəcək. Bu zərbə eyni zamanda Azərbaycanda sosial ədalətsizliyi aradan qaldıracaq. Rüşvətə və korrupsiyaya dəyəcək “dəmir yumruq” maaşların, təqaüdlərin, müavinətlərin əhəmiyyətli miqdarda artımına səbəb olacaq. O “dəmir yumruq” vətəndaş həmrəyliyini möhkəmləndirəcək, hüququn aliliyini ortaya qoyacaq...
Azərbaycanı bu bəladan heç bir fəsad vermədən, xaos törətmədən, yalnız və yalnız prezident İlham Əliyev xilas edə bilər. 22 ildir dövləti idarə edən prezident İlham Əliyev hansı problemin nə zaman, hansı yolla və necə aradan qaldıracağını hər kəsdən yaxşı bilir. Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə adını tarixə “Qalib Prezident” kimi yazdırmış, vətəndaşlara qürur yaşatmış İlham Əliyev “dövləti talan edən düşmənlərə” layiq olduqları cəzanı verməklə cümlə azərbaycanlıların qəlbində taxt qura bilər. Prezidentin Zəfərdən qazandığı nüfuzunu qorumaq üçün bu addımı atacağı şəksizdir.
Problemin həllində cəmiyyətin də üzərinə böyük yük düşür. Cəmiyyətin üzərinə düşən keçirdiyi “qabıqdəyişmə” mərhələsində ilk növbədə zehniyyətində də dəyişikliklər etməyə nail olmaqdır. Nədən ki, zehniyyətdə dəyişikliyik baş vermədiyi halda rüşvət və korrupsiyanın metastaz verməsi qaçılmazdır. Cəmiyyət mentalitrtində yuva salmış qorxudan, riyakarlıqdan, yaltaqlıqdan, saxtakarlıqdan... xilas olma yolları barədə düşünməlidir. Dürüstlüyü brendə çevirmək üçün düşünməlidir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, əhalisinin 22.7 faizi ( 2.3 milyon nəfər) gənclərdən ibarətdir. Bu göstərici bir xalq üçün böyük perspektivlər vədə edir. Gənclərin böyük bir qismi Qərb ölkələrinin universitetrlərində təhsil alır. Digər tərəfdən demoqrafik proses nəticəsində “padşahı Allahın yerdəki kölgəsi” hesab edənlərin, “bal tutan barmaq yalayar” təfəkkürünə sahib olanların sayı ilbəil azalmağa doğru gedir. Yəni, cəmiyyət təbii olaraq keyfiyyətcə yenilənir. Və bu yenilənmənin dövlətçilik şüurunun formalaşması ilə müşaiyət olunacağı qaçılmazdır. Cəmiyyətdə dövlətçilik şüuruna malik kəsimin sayının artması avtomatik olaraq neqativ halların qarşısını alır...
Vətəndaşın rifahı dövlətin gücünün barometridir. Azərbaycan xalqı rifah və hüzur içərisində, ehtiyacdan uzaq bir yaşama haqq edir. Buna nail olmaq üçün xalqın zehniyyətcə bəzi baryerləri aşması gərəkdir.
HAŞİYƏ- Bizim xalq olaraq ən böyük bəlamız odur ki, problemin həm də özümüzdə olduğunu görmək istəmirik. Bütün nöqsanların, anormallıqların yalnız dövlət tərəfindən qarşısının alınmasını düşünürük. Gözümüzün qarşısında baş verən mənfi hallara nəinki göz yumuruq, hətta o anormallıqların gerçəkləşməsində iştirak edirik. Seçki proseslərində baş verənləri xatırlayın. Anadolu türkləri ilə qardaşıq. Ancaq onlarla aramızda olan ən böyük fərqin nə olduğunu bilirsinizmi? Anadolu türkləri verdiyi səsi özünün namusu hesab edir. Bizdə necədir? Yazmaq belə insanda mənfi assosiasiyalar yaradır... İdeal bir dövlət arzusundayıq. Bir polisin anormal rəftarını birbaşa dövlətin adına yazırıq. Unuduruq ki, 10 minlərlə əməkdaşı olan polis sistemində rüşvət istəyənin də, zorakılıq edənin də olması mümkündür. O polisin alman, holland və ya norveçli deyil, özümüzdən birinin olduğunu unuduruq. Bunu da unuduruq ki, ölkədə asayişi təmin edən məhz polisdir. Dünyada elə toplumlar var ki, onlar nəinki qanunları pozmaq barədə düşünmür, hətta yol-hərəkət qaydalarından kənara çıxmağı belə ağıllarına gətirmir. Bizim toplumda necədir? Təsəvvür edin ki, üçcə gün polis işə çıxmır. Nələr olacağının fərqindəmisiniz? Qan su yerinə axar. Ən başlıcasını yazıram, son 25 ildə Azərbaycanda hər hansı bir terror hadisəsi baş verməyib. Burada polisin, Dövlət Təhlükəsizlik Xidmətinin nə qədər rolunun olduğunu düşünün. Nöqsanları tənqid etməklə yanaşı xidməti olanın haqqını da verməyi bacarmalıdır cəmiyyət. Vətənsevərliklə paralel olaraq cəmiyyətdə dövlətçilik şüuru da formalaşmalıdır. Hansı dövlətdə ki, vətəndaş Dövləti özünün evi sayır və Dövlətin büdcəsini özünün büdcəsi kimi görür o Dövlətə zaval yoxdur. Hanası ölkədə ki, problemlər kənar müdaxilə olmadan yoluna qoyulur, heç bir güc o ölkədə dövləti sarsıda bilməz.
İqtisadi tərəqqi, demoqrafik statistika, pozitiv dəyişikliyə doğru istiqamət götürəcək zehniyyət, üzü avtoritar Yaxın Şərqə deyil, demokratik Qərbə tərəf çevrilmiş Azərbaycan insanının daha firavan, daha bəxtiyar bir yaşama sahib olacağı deməkdir.
Azərbaycan xalqı bu gün də, 33 il sonra da adının sivil və demokratik dövlətlərin xalqları ilə bir sırada görmək istəyirsə, təkrar-təkrar vurğulayıram, mütləq və mütləq zehniyyətində “islahat” aparmalıdır...
Biz neftimizə və qazımıza görə yox, Dövlətimizin varlığına rəğmən xoşbəxtik. 33 yaşında olan bu dövlətə sahib çıxmaq, onu qorumaq və inkişaf etdirmək cəmiyyətin borcudur. Biri-birimizi həzm etməyə bilərik, lakin hər bir Azərbaycan vətəndaşı öz Dövlətini sevməlidir. Cəmiyyət yatmamalı, gözünü açmalı və dövlətin bir parçasına çevrilməlidir.
Yalnız fəal cəmiyyət dövlətin rasional qərarlar qəbul etməsinə təsir etmək iqtidarında olur. Vətəndaş mövqeyini sərgiləmək təkcə seçkidən-seçkiyə təzahür etməməli, cəmiyyət dövlətin atdığı addımlara adekvat münasibət bildirmək iqtidarında olmalıdır. Sosial demokratiyanın meyarı cəmiyyətin siyasi və iqtisadi qərarların qəbulu proseslərində iştirak etmək və ya onlara təsir etmək bacarığıdır. Cəmiyyət daxilində bu imkanlardan yararlananların nisbəti sosial-demokratiyanın səviyyəsini müəyyən edir. Təhsil müəssisələrindən başlayaraq bütün sosial institut və təşkilatlarda idarəçilikdə iştirak etmək demokratiyanın sosial ölçüsünün əsasını təşkil edir. Başqa sözlə cəmiyyət öz varlığını hər zaman hiss etdirməlidir. Onun vəzifəsi 5 ildən bir keçirilən seçkidə səs vermək, mədəsinin problemlərini həll etmək, özünü par-paltarla təmin etməkdən ibarət deyil. Demokratik mədəniyyətin ən fundamental elementləri azadlıq, bərabərlik, insan hüquq və azadlıqlarına hörmət və sosial ədalət ideyasıdır. Unutmaq olmaz ki, demokratiya mədəniyyəti iradə və ifadə azadlığına malik fərdlərdən ibarət cəmiyyətdə inkişaf edir. Cəmiyyət susmağa üstünlük verəndə, mövqesizlik nümayiş etdirəndə Homo Sapiens olmaqdan uzaqlaşır.
Toplumların dövlətə olan münasibətini şərti olaraq iki qrupa bölmək olar. 1. Dövlətə evi kimi baxan toplumlar; 2. Dövlətə yataqxana kimi baxan toplumlar. Birincilər vətəndaş olaraq dövlət quruculuğunda fəal iştirak edir, evdə baş verənlərə biganə qalmır, mövqe açıqlayır, təkliflər verir, nöqsanları tənqid edir və nəticədə o evin komfortundan yararlanır. İkincilər üçün mədə problemlərinin həlli prioritetdir. Susurlar və bununla başlarını ağrımaqdan qoruyurlar. Qarnını doyuzdurduqdan sonra gecə yatır, səhər işə gedir və ölənə qədər bu proses davam edir.
HAŞİYƏ- 10 il əvvəl Londonun rayonlarının birində bələdiyyə sədri 200 yaşlı bir parkı dizayn etmək fikrinə düşdü. Sakinlər böyük təpki göstərdi. Bələdiyyə sədrinə anlatdılar ki, 200 yaşı olan bu parkın dizayna ehtiyacı yoxdur, giriş-çıxış qapılarının, oturacaqların, uşaqların əylənməsi üçün qoyulmuş qurğuların yerdəyişməsi psixoloji aspektdən zərərlidir. Bələdiyyə sədri qərarından dönmək istəmədi. Və sakinlər məhkəməyə müraciət edərək bələdiyyə sədrinin psixoloji problemi olduğu üçün bu qərara gəldiyini iddia etdilər. Məhkəmə tibbi-psixoloji ekspertiza təyin etdi. Nəticədə bələdiyyə sədrinin psixologiyasında problemi olduğu aşkarlandı və məhkəmənin qərarı ilə nəinki parkın dizayn edilmə qərarı ləğv edildi, hətta məhkəmə onun vəzifəsinə davam etməsini məqbul saymadı...
Son 25 ildə Türkmənistan prezidentləri ilginc qərarlar verməklə dünyanı təəccüb etdirir. Biri Türkmənistanda opera və baleti yasaqladı, uşaqların komputer oyunları oynamasına, sürücülərin avtomobildə radio dinləməsinə icazə vermədi. O biri vətəndaşlara uzun saç saxlamağı, qara rəngli avtomobil almağı qadağan etdi, gözəllik salonlarını bağlatdı... Və 2023-cü ildə Qlobal Köləlik İndeksinə əsasən, bəlli oldu ki, Türkmənistanda 72 min insan müasir köləlik şəraitində yaşayır.
Toplumun fəallığı demokratiya bir yana, ən birinci insanların yaşamında özünü biruzə verir. İngiltərədə orta hesabla hər 30 nəfərdən birinin bank hesabında 1 milyon funt sterlinqi var. Türkmənistanda isə 72 min kölə kimi yaşayır…
Fəal cəmiyyət ölkədə demokratiyanın oturuşmasında, sosial ədalətin bərpa olunmasında, hüququn aliliyinin təmin edilməsində fövqəladə rol oynayır. Sağlam müxalifət də yalnız fəal cəmiyyətin içərisindən formalaşır. Qeyd etdik ki, bizim cəmiyyət qabıqdəyişmə mərhələsini yaşayır. Dövlətçilik şüuru formalaşmaqdadır cəmiyyətdə. 44 günlük Vətən müharibəsi və Zəfər Azərbaycan vətəndaşlarının zehniyyətində dövlətçilik prizmasından pozitiv dəyişikliklərə səbəb oldu. Vətəndaş əmin oldu ki, bu Zəfəri, bu qüruru ona bəxş edən hər hansı bir dövlət və beynəlxalq institutlar yox, məhz öz Dövlətidir.
Dövlətə etibarın artması dövlətçilik baxımından çox mühüm şərtdir. Təşəkkülünün müxtəlif mərhələsində dövləti idarə edən iqtidarın siyasəti vətəndaşların ürəyincə olmaya bilər. Bu təbiidir. Nədən ki, dünyanın heç bir ölkəsində bu günədək bütün parametrlərdən ideal dövlət formalaşdırmaq heç bir topluma nəsib olmayıb. İqtidarlar gəldi-gedərdir. Əbədi olan isə Dövlətdir...
33 il əvvəl yaranan dövlətin bir 33 il sonra daha qüdrətli olacağı şəksizdir. Dövlətin cəmiyyətlə birgə qarşısında dayanan problemləri aradan qaldıracağı da şübhə doğurmur. Çağdaş dünyada inqilabi yolla demokratiya bərqərar olunmur. İnqilablar dövlətin iqtisadi inkişafının qarşısını alır, vətəndaş həmrəyliyini məhv edir, Demokratiya inqilab, qiyam, çevriliş yolu gerçəkləşmir. Demokratiyaya keçidin təkamül yolu ilə, tədricən baş verməsi ən məqbul yoldur. Cəmiyyətin zehniyyətcə demokratiyanı mənimsəməsi əsas şərtdir...
33 il tarix prizmasından baxıldıqda elə də böyük bir zaman deyil. 33 il sonra Azərbaycan dövlətinin yaşı 70-ə yaxınlaşacaq. Dövlət məcazi dillə ifadə etsək, yaşının müdriklik mərhələsinə qədəm qoyacaq.
33 il sonra Azərbaycan dövləti iqtisadi aspektdən nəinki bölgədə, hətta postsovet məkanında lider dövlətə çevriləcək.
3A3 il sonra Azərbaycan dövləti dünya siyasətinin önəmli aktyorlarından biri olacaq.
33 il sonra dövlət maşınının sükanı passioanar insanlarının, Z və Alfa nəslinin nümayəndələrinin əlində olacaq və onlar Azərbaycanın adının bütün dünyada qürurla çəkilməsini təmin edəcək.
33 il sonra Azərbaycanda İnsan Faktoru prioritet olacaq, demokratiya tam olaraq oturuşacaq, sosial ədalətsizlik aradan qaldırılacaq.
33 il sonra Azərbaycanda vətəndaş həmrəyliyi, vətən və dövlət sevgisi ən yüksək səviyyəyə qalxacaq.
33 il sonra Azərbaycanda kasıblığın səviyyəsi sıfıra düşəcək, insanlar rifah və hüzur içində yaşayacaq.
33 il sonra Azərbaycanda sosial bəlalar- rüşvət, korrupsiya, saxtakarlıq, riyakarlıq, yaltaqlıq meydan sulaya bilməyəcək. Yetər ki, vətəndaş dövləti özünün evi hesab etsin.
33 il sonra da, 333 il sonra da, 3333 il sonra da və əbədiyyən Azərbaycan Döləti yaşayacaq. Üçrəngli bayrağımız sonsuzadək göylərə ucalacaq...