Azərbaycanlı qadın İranda həbsdə saxlanılır
31 yaşlı Azərbaycan vətəndaşı qadın İranda həbsdə saxlanılır
Keçən il İranda həbs edilmiş Azərbaycan Respublikasının vətəndaşı Validə Yusifova hələ də Tehranın Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Qeyd edək ki, Validə Yusifova 2021-ci ilin yanvarında Muğanda tutulub və Ərdəbil həbsxanalarından birində təkadamlıq kamerada saxlanılıb. 6 gündən sonra o, Təbrizə aparılıb.
Validə Yusifova Təbrizdəki təhlükəsizlik orqanlarının birində 3 aya yaxın təkadamlıq kamerada saxlanılıb və istintaq olunub. Daha sonra istintaqının davam etdirilməsi üçün SEPAH-ın Kəşfiyyat (ETTELAAT) Təşkilatının həbsxanasının 2-A adlanan bölümünə köçürülüb.
İstintaqı bitəndən sonra Validə Yusifova 2022-ci ilin 24 iyununda Evin həbsxanasının qadın məhbuslar bölməsinə aparılıb.
Yusifova bir müddət öncə qəddarlığı ilə tanınan hakim Əbülqasım Sələvatının sədrliyi ilə Tehran şəhər İnqilab Məhkəməsinin 15-ci şöbəsində mühakimə olunub. O, “narkotik qaçaqmalçılığı” və “casusluq”da ittiham edilib. Sonra xanım Yusufovaya birinci ittihamdan bəraət verilib.
Bu barədə məlumat verən mənbə bildirib ki, 31 yaşlı subay xanımın İranda heç bir tanışı yoxdur və saxlanıldığı təxminən 2 il 6 ay müdətində ona Azərbaycanda öz ailəsi ilə əlaqə yaratmasına imkan verilməyib.
“Yusifovaya həbsxana rəhbərliyi tərəfindən yüksək dozada yuxu gətirici və sakitləşdirici dərmanlar verilir"-deyə, məlumatlı mənbə bildirib.
Qeyd edək ki, İran hakimiyyəti siyasi divdentlər qoparmaq üçün xarici ölkələrin, xüsusilə Avropa dövlətlərinin vətəndaşlarını absurd ittihamlarla həbsə atır.
Azərbaycan Respublikasına qarşı vaxtaşırı təhdid bəyanatları səsləndirən İran rejimi azərbaycanlı xanımı əsassız ittihamlarla həbsdə saxlamaqda xüsusi məqsəd güdür.
Görünür, İran hakimiyyəti bu olaydan sui-istifadə edərək Azərbaycana təzyiq göstərmək və hansısa imtiyazlar allmaq niyyətindədir.
(İran İnternational)