Avropa İttifaqı ölkələrinin xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri Brüsseldə keçirilən görüşdə nəhayət, Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyiblər.
Lim10.az xəbər verir ki, məsələ ilə bağlı məlumat verən Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın sözlərinə görə, paketə Rusiya ilə əlaqəli olduğu güman edilən 200-ə yaxın tanker daxildir.
"Yeni tədbirlər həm də hibrid təhdidləri və insan haqlarını hədəfləyir. Rusiyaya qarşı yeni sanksiyalar hazırlıq mərhələsindədir. Rusiya nə qədər uzun müddət müharibə aparacaqsa, bizim cavabımız bir o qədər sərt olarcaq", - xanım Kallas X (tvitter) sosial şəbəkəsində yazıb.
Bloomberg-in məlumatına görə, tətbiq edilən sanksiyalar Surqutneftegaz və BƏƏ-də yaradılmış LUKOIL Litasco Middle East bölməsinə təsir göstərə bilər. Bundan əlavə, Aİ ölkələri Rusiyaya qarşı 18-ci məhdudlaşdırıcı tədbirlər paketini hazırlayır.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen məsləyə aydınlıq gətirərək deyib ki, bu, “Şimal axını” qaz kəmərinə qarşı sanksiyaları, habelə Rusiya neftinin maksimal qiymətinin azaldılmasını əhatə edəcək.
Mürtəza
Lim10.az