Dünyada ən populyar smartfonlar açıqlandı

Təhlil şirkəti "Counterpoint Research" 2025-ci ilin birinci rübünün nəticələrinə əsasən dünya bazarında ən çox satılan smartfonların reytinqini açıqlayıb.

Lim10.az Valyuta.az-a istinadən xəbər verir ki, aparıcı mövqeni möhkəm şəkildə "iPhone 16" seriyası saxlayır: əsas model "iPhone 16" birinci yerdədir, onu "iPhone 16 Pro Max" və "iPhone 16 Pro" izləyir. 

Xüsusilə Çində (6000 yuandan aşağı qiymətli Çin cihazlarına dövlət subsidiyaları tətbiq edilir) premium seqmentdə güclənən rəqabətə baxmayaraq, "Apple"ın Pro versiyaları ardıcıl üç rüb ərzində bütün "iPhone" satışlarının təxminən yarısını təmin edir.

"iPhone 16e" isə hələlik ümumi reytinqə daxil olmasa da, analitiklər onun satışlarının uğurlu startını qeyd edirlər. Cihaz 2025-ci ilin martında (bazara çıxmasından sonrakı ilk tam ay) dünya TOP-10-da altıncı yeri tutub. "Counterpoint" proqnozlaşdırır ki, 2022-ci il "iPhone SE" ilə müqayisədə daha yüksək qiymətə baxmayaraq, model ilk il ərzində sələfindən satış həcminə görə üstün olacaq.

Dördüncüdən onuncu yerə qədər "iPhone 15", "Samsung Galaxy A16 5G", "Galaxy A06", "Galaxy S25 Ultra", "Redmi 14C", "Galaxy A55 5G" və "iPhone 16 Plus" yer alır.