Ada salacaqdılar, dənizin altından 140 min illik sirr tapdılar - FOTO

İndoneziyada Madura boğazının dibindən çıxarılan 140 min illik parçalar elm dünyasında inqilab yaradıb.

Lim10.az xarici KİV-ə istinadla xəbər verir ki, bu hekayə 2011-ci ildə Madura boğazında süni bir ada yaratmaq üçün həyata keçirilən böyük tikinti layihəsi ilə başlayıb. Layihə çərçivəsində 177 milyon kubmetrdən çox qum və daş çıxarılıb.

Dəniz dibindən çıxarılan materiallar arasında elm dünyası üçün əvəzolunmaz dəyərə malik iki insanın kəllə parçası və 6 mindən çox onurğalı fosil tapılıb.

Kəllə parçaları biri alın (frontal), digəri isə parietal sümüyə aid iki mühüm parçadan ibarət idi.
Hollandiyadakı Leiden Universitetindən arxeoloqu Harold Berqhuis tərəfindən idarə olunan araşdırma qrupu, bu fosilləri Javadakı Sambungmacan bölgəsindən məlum olan “Homo erectus” nümunələri ilə müqayisə edərək, böyük bir oxşarlıq aşkarlayıb.

Müqayisələr nəticəsində fosillərin "Homo erectus"a aid olduğu təsdiqlənib. Bu kəşf “Homo erectus”un bu günə qədər yaşadığı bilinən ərazilərə su altında olan Sundalandı əlavə edib.
Ərazi su altında “Homo erectus” fosilinin tapıldığı ilk yerdir.

Kəşflə təkcə insan yox, komodo əjdahaları, camışlar, marallar və hətta nəsli kəsilmiş “Steqodon” adlı nəhəng məməli kimi 36 müxtəlif növə aid qalıqlar da tapılıb.

Steqodonun çiyin hündürlüyünün 4 metrə çatması və çəkisinin 10 tonu keçməsi o dövrün ekosisteminin nə qədər zəngin və rəngarəng olduğunu göstərir.

Tədqiqatçılar fosillərin tapıldığı çöküntü təbəqələrini də ətraflı təhlil ediblər. Fosillərin 140-120 min il əvvələ, başqa sözlə, Orta Pleistosen dövrünə aid olduğu müəyyən edilib.
Bu dövr buzlaqların yavaş-yavaş əridiyi, dəniz səviyyəsinin qalxdığı və sahil düzənliklərini su basmağa başladığı kritik bir mərhələdir.

"Sundaland"ın da bu iqlim dəyişikliyi ilə yavaş-yavaş yoxa çıxdığı, alçaq düzənliklərinin sular altında qaldığı anlaşılır. 14-7 min il əvvəl əriyən buzlaqların dəniz səviyyəsini təxminən 120 metr qaldıraraq bu böyük quru ərazisini hissə-hissə udduğunu demək olar.

Tədqiqatçılar fosillərin tapıldığı çöküntü təbəqələrini araşdırarkən qədim Solo çayından basdırılmış bir dərə sisteminə də çatıb. Bu sistem onu göstərir ki, su altında qalmadan əvvəl bölgədə geniş çay ekosistemləri mövcud idi. Çayların, göllərin və çəmənliklərin birləşdiyi bu coğrafiya ilkin insan icmaları üçün ideal yaşayış yeri idi.

Kəşfin əhəmiyyəti təkcə elmi məlumatlarla məhdudlaşmır. O, həmçinin sualtı arxeologiyanın potensialını və çətinliklərini ortaya qoyur.

Madura boğazındakı bu kəşf əslində daha böyük mənzərənin yalnız bir hissəsidir. Alimlər ümid edirlər ki, texnologiyanın inkişafı ilə onlar su altında qalan şəhərlərin, icmaların və insan fəaliyyətinin izlərini daha aydın şəkildə ortaya çıxara biləcəklər. Bu ərazi təkcə Cənub-Şərqi Asiya üçün deyil, həm də bəşər tarixi üçün kəşf olunmağı gözləyən nəhəng bir arxiv kimidir.

Bu yazı “Daily Mail”in “Okeanın dibində 140 000 il əvvəl qurulmuş gizli şəhər kəşf edildi” və “Metro.co.uk”un “İtirilmiş torpağın tapmacası 140 000 illik kəllə sayəsində nəhayət həll oluna bilər” başlıqlı xəbərlərdən toplanıb.

Billurə Yunus