Rusiyalı deputatlardan azərbaycanlılara da mənfi təsir edəcək təklif

Rusiyada sosial pensiyalarla bağlı yeni qanun layihəsi gündəmə gəlib. Dövlət Dumasında təmsil olunan Liberal Demokrat Partiyasının (LDPR) deputatları hökumətə təklif göndərərək, xarici ölkə vətəndaşlarına, o cümlədən Azərbaycandan olan miqrantlara yaşa görə sosial pensiya verilməsinin dayandırılmasını istəyib. Lim10.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Sosial pensiya almaq üçün hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Rusiyada azı 15 il yaşamalı, daimi yaşayış icazəsinə sahib olmalı və kişilər üçün 70, qadınlar üçün isə 65 yaşa çatmalıdırlar.

Yeni qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu qaydanın ləğvi büdcəyə düşən sosial yükü azaldacaq və Rusiyanın sosial öhdəliklərini optimallaşdıracaq.

Qeyd edək ki, daha əvvəl Rusiya Hökuməti yanında Maliyyə Universitetinin dosenti İqor Balyanin pensiyaların dayandırılması ilə bağlı bəzi halları açıqlayıb. Onun sözlərinə görə, vətəndaş 6 ay ərzində pensiyasını almayıbsa və ya müəyyən müddət ərzində tibbi müayinədən keçməyibsə, yaxud təhsil aldığını təsdiq edən sənədi təqdim etməyibsə, bu halda ödəniş dayandırıla bilər.