"Geri dönsəniz, yaxşı olar, çünki Qəzzaya çatmayacaqsınız" - Katz

İsrailin Müdafiə naziri İsrael Katz Orduya “Azadlıq Donanması Koalisiyasına” məxsus olan və iqlim fəalı Qreta Tunberqin də olduğu gəminin Qəzza sahillərinə çatmasına icazə verməməyi və bunu təmin etmək üçün lazımi tədbirlər görməyi tapşırıb.

Lim10.az xəbər verir ki, bu barədə o, “X” səhifəsində paylaşımında bildirib.

"Mən İsrail Ordusuna gəminin Qəzzaya çatmaması üçün hərəkətə keçməyi tapşırdım. Antisemit Qreta və onun dostlarına açıq şəkildə deyirəm ki, geri dönsəniz, yaxşı olar, çünki Qəzzaya çatmayacaqsınız", - Katz bildirib.

Nazir vurğulayıb ki, İsrail dənizdə, havada və quruda blokadanı yarmaq və ya terror təşkilatlarına kömək etmək cəhdlərinə qarşı hərəkət edəcək.

Qeyd edək ki, yardım aparan gəminin yaxın 48 saat ərzində Qəzza sahillərinə çatması planlaşdırılır.

Gəmidə Fransa və İsveç vətəndaşları, o cümlədən bir diplomat var.