Zəngəzur dəhlizinin təhlükəsizliyini kim təmin edəcək?
Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın ofisi “Armenpress”in sorğusuna cavab olaraq, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin guya Ermənistan ərazisində Naxçıvana gedən kommunikasiya yollarının Rusiya Federasiyasının FSB-nin sərhəd xidmətləri tərəfindən mühafizə olunacağı barədə bəyanatını şərh edib.
“Üçtərəfli işçi qrupun müzakirələri zamanı, o cümlədən son görüşdə belə bir razılıq əldə olunmayıb. Ermənistanın 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan yolların tərəflərin suverenliyi və yurisdiksiyası altında, qarşılıqlılıq prinsipi əsasında fəaliyyət göstərməsi ilə bağlı mövqeyi olub və belə də qalır”, - şərhdə deyilir.
Qriqoryan bir müddət əvvəl Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın sərhədlərinə nəzarət etmək üçün Rusiya FSB-nin köməyinə ehtiyac olub-olmamasına qərar verəcəyi barədə bəyanatını şərh edib. "Aydın mövqe var ki, gömrük və sərhəd nəzarəti bizim qanunvericiliyimizə və səlahiyyətli orqanlarımıza uyğun aparılacaq. Müzakirələr bitənə qədər başqa heç nə deyə bilmərəm", - Qriqoryan bildirib. o, yalnız bu məsələnin Ermənistan və Rusiya arasında müzakirə ediləcəyini əlavə edib, təfərrüatları açıqlamaqdan imtina edib.