"Gərginliyin aradan qaldırılması yönündə müsbət nəticələr əldə etmişik - N.Kənani
XİN: “İranın Azərbaycanla bağlı siyasəti gərginliyin aradan qaldırılmasına yönəlib”
İran XİN sözçüsü Naser Kənani həftəlik brifinqdə jurnalistlərin Azərbaycanla əlaqələr barədə sualını belə cavablandırıb:
“Tehranın Azərbaycanla bağlı siyasəti gərginlik yaratmağa deyil, gərginliyi aradan qaldırmağa, iki ölkə arasında dostluq münasibətləri çərçivəsini saxlamağa və ikitərəfli əlaqələri öz təbii məcrasına qaytarmağa hesablanıb".
O, qeyd edib ki, İran və Azərbaycan xarici işlər nazirləri arasında üç raund danışıqlardan sonra iki ölkənin nümayəndə heyətlərinin mübadiləsi və danışıqlar baş tutub. Müzakirələrin yekunlaşdırılması, yeni prosesin başa çatdırılması üçün iki ölkənin xarici işlər nazirləri arasında danışıqların dördüncü raundu keçirilib. Bu çərçivədə yəqin ki, yenidən iki ölkə arasında nümayəndə heyətlərinin mübadiləsi aparılacaq.
"Görülmüş diplomatik tədbirlər nəticəsində iki ölkə arasında gərginliyin aradan qaldırılması yönündə müsbət nəticələr əldə etmişik",-Kənani deyib. (Etemad Online)