Xamenei sui-qəsd ehtimalına görə üç nəfəri varis görür, prosesin sürətli olması üçün... - New York Times

İranın ali lideri Ayətullah Əli Xamenei mümkün sui-qəsd halında ölkədə rəhbərlik boşluğu yaranmasın deyə, öz varisini əvvəlcədən müəyyənləşdirib.

Lim10.az bildirir ki, bu barədə The New York Times iranlı rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Xamenei İsrail və ya ABŞ tərəfindən öldürülə biləcəyini istisna etmir və bunu şəhidlik kimi qəbul edəcəyini bildirib. Belə bir ehtimalı nəzərə alaraq, o, İranda ali lideri seçmək səlahiyyətinə malik olan Ekspertlər Şurasına artıq üç mümkün namizədin adını təqdim edib. Məqsəd odur ki, hərbi vəziyyət şəraitində varis məsələsi uzun-uzadı prosesə çevrilməsin və rəhbərlikdə boşluq yaranmasın.

Adətən bu seçim aylarla çəkir, çünki din xadimləri öz siyahılarından seçim edirlər. Lakin indiki şəraitdə Xamenei sürətli və nizamlı keçid istəyir, eyni zamanda öz siyasi-mənəvi irsini qorumağa çalışır.

The New York Times həmçinin qeyd edir ki, Xamenei artıq komandirləri ilə birbaşa deyil, yalnız etibarlı bir köməkçi vasitəsilə əlaqə saxlayır. Elektron kommunikasiya isə təhlükəsizlik səbəbilə dayandırılıb.

Qeyd edək ki, İranın ali lideri ölkənin Silahlı Qüvvələrinin baş komandanı olmaqla yanaşı, həmçinin məhkəmə, qanunverici və icraedici hakimiyyətin ali rəhbəri statusuna malikdir.