Meksikada 60-a yaxın mumiyalanmış cəsəd tapılıb.
Lim10.az xarici KİV-ə istinadla xəbər verir ki, meyitlər Çihuahua əyalətinin Syudad Xuares şəhərinin cənubunda yerləşən Qranjas Polo Qamboa məhəlləsində lisenziyasız krematoriya aşkarlanıb.
Hadisə məhəllə sakinlərinin pis qoxular və şübhəli hərəkətlər barədə polisə məlumat verməsi ilə üzə çıxıb.
Hadisə yerinə ilk olaraq baxış keçirən polislər cənazə maşınının içində qalaqlanmış, iki ayrı otaqda da çoxlu mumiyalanmış cəsədlərin olduğunu bildirib.
Sağlamlıq Risklərinin Qarşısının Alınması üzrə Dövlət Komissiyası (Coespris) məhkəmə-tibb ekspertləri və prokurorlarla birlikdə meyitlərin qeyri-sağlam otaqlarda və cənazə maşınının içərisində qalaqlandığını müəyyən edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılıb.
Rayon prokurorluğu hadisədə indiyədək hər hansı cinayət tərkibinin aşkar edilmədiyini, meyitlərin şəxsiyyətinin ailələr tərəfindən təsdiqləndiyini və təbii səbəbdən həyatını itirənlərə aid olduğunu açıqlayıb.
Bildirilib ki, krematoriyanın tutumu yetərli olmadığından cəsədlər qalaqlanıb. Biznes sahibinin dindirilmə üçün saxlanıldığı bildirilib.
Qeyd edək ki, krematoriya meyitlərin yüksək temperaturda yandırıldığı yerdir. Bir çox din və mədəniyyətdə krematoriya geniş yayılıb. Bəzi mədəniyyətlərdə ölülərin külü suvenir kimi saxlanılır. Bundan əlavə, epidemiya riski olan cəsədlər də krematoriyalarda yandırılır.
Billurə Yunus