Avroqrup bazar ertəsi keçiriləcək iclasında digər məsələlərlə yanaşı, avronun dünyadakı rolu məsələsini də müzakirə edəcək.
Lim10.az "Report"a istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) yüksək səviyyəli rəsmisi görüşdən əvvəl bildirib.
O bildirib ki, avronun beynəlxalq mövqeyi təkcə güclü olaraq qalmaqla kifayətlənmir, həm də daha da möhkəmlənir.
Onun sözlərinə görə, müzakirələrə əsas kimi Avropa Mərkəzi Bankının (AMB) bu məsələ ilə bağlı son hesabatı götürülüb: “Bu müzakirələr çox vacib bir dövrdə baş tutur. Əvvəlki illərlə müqayisədə bu hesabat böyük maraq doğurur ki, bu da geosiyasi vəziyyət və ödəniş texnologiyalarının inkişafı ilə bağlıdır. Bütün bunlar beynəlxalq valyuta sisteminə və avronun roluna əhəmiyyətli təsir göstərir”.
Hesabatda ümumilikdə 2024-cü ildə avronun beynəlxalq rolunun - istər ehtiyat valyuta, istərsə də ödəniş vasitəsi kimi - sabit qaldığı bildirilir.
“Avro böyük fərqlə beynəlxalq aləmdə ikinci ən vacib valyuta mövqeyində qalır. Əgər bu sabitliyi ümumi kontekstdə nəzərdən keçirsək, ABŞ dollarının payı ardıcıl şəkildə azalır. Bu isə bəzi regionların valyuta ehtiyatlarını və istifadə edilən valyutaları diversifikasiya etmək səyləri fonunda avronun mövqeyinin qorunub saxlanması baxımından yaxşı nəticə hesab olunur”, - deyə avropalı rəsmi qeyd edib.
O, avronun ABŞ dolları qarşısında möhkəmlənməsi fonunda avrozonaya mənfi təsirlər yaradan məzənnə ilə bağlı sualları şərh etməkdən imtina edib. Eyni zamanda, avronun ehtiyat valyuta kimi mövqeyinin yaxşılaşmasını təkcə dolların zəifləməsi ilə izah etməyi düzgün hesab etməyib.
Aİ-nin rəsmisinin sözlərinə görə, AMB bu məsələdə haqlı olaraq xəbərdarlıq edir ki, avronun mövcud statusu “öz-özlüyündə qəbul edilməməlidir”: “Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bu məsələdə fəal mövqe tutur. O, "Avropanın anı", "avronun qlobal anı" anlayışlarını vurğulayaraq, Aİ siyasətçilərini bu imkanların gerçəkləşdirilməsi üçün düzgün şərait yaratmağa çağırır”.
Onun sözlərinə görə, hazırda qlobal bazar iştirakçılarının Avropaya münasibəti çox müsbətdir və onlar Aİ-nin maliyyə bazarlarında daha fəal iştirak etməyə hazır olduqlarını bildirirlər: “Əsas məsələ isə budur ki, Avropa bu imkandan nə dərəcədə faydalana biləcək”.
Aİ rəsmisi əlavə edib ki, ötən həftə keçirilmiş Avropa Şurasının iclasında da rəqabət qabiliyyətinin artırılması, vahid bazarın dərinləşdirilməsi və avronun beynəlxalq rolunun gücləndirilməsi vacib vəzifə kimi qeyd olunub: “Bu istiqamətdə Avroqrup da daxil olmaqla, bütün Aİ institutlarına dəstək və təşviq çağırışı edilib”.
Qeyd edək ki, Avroqrup - avronun rəsmi valyuta olduğu 21 Aİ ölkəsinin maliyyə nazirlərindən ibarət qeyri-formal qurumdur. Onun əsas məqsədi bu ölkələr arasında iqtisadi siyasətin koordinasiyası yolu ilə avrozona daxilində sabitlik və artımı təmin etməkdir.