Aleksey Overçuk Zəngəzur dəhlizində danışdı
Aleksey Overçuk: “Regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası ilə başlayacaq”
Hamı anlayır ki, Azərbaycan və Ermənistan arasında sülhə alternativ yoxdur və sülhə nail olmağın ən yaxşı yolu insanların qarşılıqlı əlaqəsi üçün imkanlar açmaq, ümumi yol çəkməkdir.
Bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu görüş keçirib və bunun nəticəsində kompleks sənəd hazırlanıb. Regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası ilə başlayacaq və bu, tərəflərin suverenliyinə hörmət əsasında əsas yanaşmaları müəyyənləşdirir: “Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri onların ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yola münasibətdə istər Azərbaycanda, istərsə də Ermənistanda yerli qanunvericilik tətbiq olunacaq”.
A.Overçuk vurğulayıb ki, Azərbaycan öz ölkəsinin qərb rayonları ilə Naxçıvan arasında ən qısa zamanda birbaşa və rahat nəqliyyat əlaqəsi yaratmağa çalışır. Bundan əlavə, dəmir yolunun İran və Türkiyəyə daha da uzanacağı göz qabağındadır ki, bu da onu Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevirəcək.