Azərbaycanla Gürcüstan arssında müzakirə ediləcək məsələlər açıqlanıb


Bu gün Gürcüstan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında aparılacaq siyasi məsləhətləşmələrin başlıca məqsədi iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin dialoq vasitəsilə də davam etdirməkdir.
Bunu Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, görüşlər zamanı bir sıra məsələlər müzakirə olunacaq və onların daha sürətli həlli yolları araşdırılacaq:

“Biz mövcud əlaqələrin yüksək səviyyəsinin bu günkü durumunu nəzərdən keçirəcəyik. Eyni zamanda hazırda dünyada baş verən dəyişikliklər, çağırışlar, təhlükələr kontekstində öz imkanlarımızı və birgə imkanları dəyərləndirəcəyik. Təbii ki, Gürcüstanla Azərbaycanı birləşdirən strateji əlaqələr var və bu strateji əlaqələr çərçivəsində hansı istiqamətləri daha yaxşı və sürətlə inkişaf etdirmək lazımdır, o məsələlərə nəzər salınacaq. Təbii ki, bizim dövlət başçıları, hökumət başçıları səviyyəsində çox sıx dialoq həyata keçirilir, təmaslar var, dostluq və etibarlı münasibətlər var. Ölkə başçıları səviyyəsində yüksək səviyyəli vəzifələr var, məsələlər var ki, bu, öz həllini tapmalıdır və davam etməlidir - bu istiqamətdə də hansı işləri biz görə bilərik, hansı istiqamətlərdə biz əlaqələndirməni gücləndirməliyik, bu məsələlərin də müzakirəsini aparacağıq. Eyni zamanda regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparacağıq, çünki bu məsələlərdə də Azərbaycan və Gürcüstanın birgə hədəfləri var, birgə maraqları var, Qarşılıqlı fəaliyyət potensialı və resursları var. Bunlardan biz hər iki ölkənin xalqlarının mənafeyinə necə istifadə edə bilərik, bütün bunlar müzakirə olunacaqdır”, - deyə Azərbaycanın xarici işlər nazirinin müavini vurğulayıb.

O həmçinin qeyd edib ki, əsas fokus Gürcüstan-Azərbaycan münasibətlərinin prioritet istiqamətlərini nəzərdən keçirərək onları irəli aparmaq, eyni zamanda müəyyən məsələləri aktuallaşdırmaq və onlarla əlaqədar ölkə rəhbərliyinə müəyyən təkliflər irəli sürməkdir.

Xələf Xələfov Azərbaycan və Gürcüstan xarici işlər nazirlikləri arasında aparılacaq siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə dövlətlərarası komissiyanın fəaliyyəti ilə bağlı da qeyri-formal müzakirə aparılacağını bildirib.