Top Ermənistan tərəfdədir, növbəti məğlubiyyəti istəmirsə... - Zəngəzur dəhlizi ŞƏRHİ

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaq da. Əgər Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin, sıx əməkdaşlıq formatından danışırıqsa, o zaman Zəngəzur dəhlizi  Azərbaycanın irəli sürdüyü şərtlər daxilində açılmalıdır və bunun başqa alterntivi də yoxdur. Bir deyim var: olmazsa olmaz. Zəngəzur dəhlizi açılmazsa, sülh mümkün deyil. Dəhliz açılmadan Ermənistan nə nəqliyyat, nə də siyasi təcriddən xilas ola biləcək. Artıq İrəvan da bunu dərk etməkdədir”.

Bunu Lim10.az -a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov açıqlamasında deyib.

O bildirib ki, Ermənistan tərəfi məsələnin mahiyyətini dərk etsə də, hələ də üzləşdiyi çətin dalandan çıxmaq istiqamətində real addımlar atmır. “Ermənistan tərəfi nə qədər tez bu istiqamətdə real addımlar atarsa, o zaman üzləşdiyi böhrandan daha tez çıxa biləcək. Əks təqdirdə dünyada, regionda gedən geosiyasi proseslər Ermənistana yaxşı heç nə vəd etmir. Ona görə də Ermənistan tərəfi vəziyyəti düzgün dəyərləndirib buna uyğun addım atmalıdır. Yoxsa Ermənistan bu prosesdən də uduşsuz çıxacaq. Azərbaycan onsuz da istəyinə nail olacaq. Çünki cənab Prezident İlham Əliyev qarşısına qoyduğu bütün hədəflərə nail olub və Zəngəzru dəhlizi məsələsi də yürüdülən uğurlu çoxvektorlu siyasət nəticəsində Azərbaycanın milli və dövlət maraqları çərçivəsində həlini tapacaq. Bu artıq sadəcə zaman məsələsidir”.

İltizam Yusifov əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da bu yaxınlarda səsləndirdiyi kimi Zəngəzur dəhlizi layihəsinin reallaşması bütün region ölkələrinin xeyrinə olacağını bəyan edib. 

O deyib: "Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə deyil, regionun digər ölkələrinə də xeyir verəcək. Biz bu marşrutu geoiqtisadi ölçü baxımından son dərəcə vacib hesab edirik. Bu xətt regionumuzdan kənarda yerləşən coğrafi bölgələri birləşdirəcək və ticarəti canlandıracaq. Biz də ümid edirik ki, bu, nifaq mənbəyinə deyil, barışıq simvoluna çevriləcək. Mən inanıram ki, biz də regionda mümkün olan ölkələr kimi, bu məsələni regionda razılığa gələn ölkələr vasitəsilə həll edəcəyik". 

Prezident İlham Əliyev də III Şuşa Qlobal Media Forumunda bəyan etdi ki, Zəngəzur dəhlizi bir logistik arteriya kimi bir çox ölkələri birləşdirəcək. “Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvanla birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. 
Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk”, - Azərbaycan Prezidenti qeyd edib.

“Zəngəzur dəhlizinin açılması Ermənistan iqtisadiyyatının sürətli dirçəlişi, üzləşdiyi təcriddən çıxaraq, dünyanın istənilən istiqamətində rahat çıxışını təmin edərək, böyük dividentlər əldə etməsi deməkdir. Bu baxımdan da Zəngəzur dəhlizi təkcə Azərbaycanın Naxçıvanla birbaşa maneəsiz əlaqəsinin yaradılması kimi anlamaq yanlış düşüncədir. Dəhlizin açılması yüklərin Qərbən Şərqə, Şimaldan Cənuba, İran üzərində keçməklə Körfəzə çıxışını təmin edəcək. Yəni Zəngəzur dəhlizinin açılması, ilk növbədə Ermənistan üçün geniş perspektivlər vəd edir. Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfi belə bir fürsəti dəyərləndirə bilməyib və bu istiqamətdə heç bir iş görməyib. Əksinə, qəsdən gündəmdən çıxarılıb. Bu da Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansını sıfıra endirir. Ölkə başçısının qeyd etdiyi kimi, Ermənistan tərəfi bu prosesin qarşısını almaqda davam etsələr, özlərini nəinki nəqliyyat, həmçinin siyasi təcriddə qalmalı olacaqlar”, - o bildirib.

Sabiq deputat əlavə edib ki, İrəvanın Bakının şərtləri daxilində tez bir zamanda sülh sazişi ni imzalaması Ermənistanın digər  regional layihələrdə, xüsusən də “yaşıl enerji” layihələrində  iştirakına  imkanlar yaradacaq: “Bu gün Avrasiya coğrafiyasında Şərq-Qərb, Şimal-Cənub istiqamətində həyata keçirilən əksər  bağlantıların  Azərbaycansız təsəvvür  etmək qeyri-mümkündür. Bu da Azərbaycanın həm geosiyasi, həm geoiqtisadi mövqeyini gücləndirir. Ona görə də bütün güclər və tərəflər Azərbaycanın mövqeyini nəzərə almaq məcburiyyətindədirlər. Cənab Prezidentin də qeyd etdiyi kimi, “region təkcə Cənubi Qafqazı əhatə etmir. Biz daha geniş coğrafiyanı əhatə edirik. Ancaq burada mərkəzi nöqtə məhz Azərbaycandır”.  Yəni Azərbaycan bu gün Avrasiya coğrafiyasında söz sahibi olduğundan Ermənistan və onun havadarları bunu nəzərə alıb, vaxt itirmədən düzgün qərarlar verməlidirlər ki, sonradan peşman olmasınlar. Bir daha qeyd edirəm ki, Azərbaycan onsuz da prezident İlham Əliyevin liderliyi altında istədiyi hədəfə nail olub və olacaq. Nəticə çıxaracaq tərəf varsa, o, Ermənistan tərəfidir. Bu baxımdan top Ermənistan tərəfindədir. Növbəti dəfə oyunda məğlub çıxmaq istəmirsə, o zaman yanlış taktikadan əl çəkməlidir. Azərbaycan isə gözləyir. Azərbaycan üçün alternativlər tükənməzdir”.

Mürtəza