Çində yeni virusa yoluxanların sayı 7000-i ötdü, karantinlər başladı

Çində bir ay ərzində ağcaqanadlar vasitəsilə çikunqunya virusuna yoluxma hallarının 7000-dən çox olduğu bildirilir.

Lim10.az xarici KİV-ə istinadla xəbər verir ki, xəstələrin əksəriyyətinin cənubdakı Foşan şəhərində cəmləşdiyi bildirilir. 

Foşandan əlavə, Quanqdonqun ən azı 12 başqa şəhərində də hallar təsdiqlənib.

Səlahiyyətlilər, yoluxmuş şəxsləri xəstəxanalarda karantinə götürüldüyünü və onlardan test götürüldüyünü açıqlayıb.

ABŞ Çinə səyahət edən vətəndaşlarına heç bir müalicəsi və ya peyvəndi olmayan virusa yoluxma hallarının artması fonunda "ehtiyatlı olmaq" barədə xəbərdarlıq edib.

Yoluxmuş ağcaqanadın dişləməsi ilə yayılan virus qızdırma və şiddətli oynaq ağrılarına səbəb olur. Simptomlar adətən dişləmədən sonra 4-8 gün ərzində görünür, lakin 2-12 gün arasında dəyişə bilər. Xəstəlik ən çox ani başlayan yüksək hərarətlə özünü göstərir və adətən 2-3 gün davam edir. Ən çox yayılan simptom şiddətli oynaq ağrısıdır. Bu ağrı həftələr, aylar, hətta bəzi hallarda illərlə davam edə bilər. Baş ağrısı, əzələ ağrısı, yorğunluq, ürəkbulanma və dəri səpgiləri də ümumi simptomlardır.

Xəstəlik nadir hallarda ölümcül olsa da, şiddətli ağrı həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Əksər xəstələr bir həftə ərzində sağalsa da, bəzi hallarda göz, ürək və ya sinir sistemi ilə bağlı fəsadlar yarana bilər. Yenidoğulmuşlar (doğuş zamanı və ya ondan qısa müddət sonra yoluxmuş), 65 və daha yuxarı yaşda olan insanlar, hipertoniya, şəkərli diabet və ya ürək xəstəliyi olan şəxslər ağır xəstəlik riski altındadırlar.

Çikunqunya diaqnozu xəstənin simptomları və qan testləri əsasında qoyulur. Xəstəliyə qarşı xüsusi bir dərman və ya peyvənd yoxdur. Xəstəliyə yoluxanlar dincəlmək və bol maye ilə müalicə edilir.

Çikunqunya ilk dəfə 1952-ci ildə Tanzaniyada aşkar edilib və 110-dan çox ölkəyə yayılıb. Xüsusilə Afrika, Cənub-Şərqi Asiya və Sakit okean regionunda yayılıb.

Billurə