Vitse-spikerdən Naxçıvanla bağlı çıxışına görə komitə sədrinə sərt reaksiya

Milli Məclisdə deputat Fazil Mustafanın çıxışı vitse-spiker Ziyafət Əsgərovun sərt reaksiyasına səbəb olub.

Lim10.az xəbər verir ki, Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda çıxış edən deputat Fazil Mustafa bildirib ki, Naxçıvanla Azərbaycanın quru sərhədinin açıldığı gün “Bütöv Azərbaycan” termini yenidən aktuallaşacaq.

Deputat qeyd edib ki, əgər Naxçıvan bir ada olsaydı və su ilə əlaqəsi olsaydı, Azərbaycan ayrılmaz hissə kimi qalardı:

“Lakin bu gün quru əlaqənin olmaması dövlət suverenliyini bərpa etsək də, Azərbaycanı real mənada bütövləşdirmək prosesini yekunlaşdırmır. Bu baxımdan çalışmalıyıq ki, gələcəkdə siyasi terminologiyadan hüquqi terminologiyaya keçid edək. Məsələn, "xalq suverenliyi" siyasi termindir və müəyyən demoqoji məna daşıyır. Amma "milli suverenlik", "dövlət suverenliyi" hüquqi termindir. Prezidentin bizə yaratdığı imkanları bu istiqamətə yönəldərək, gələcək Konstitusiyanın əsas prinsiplərini qorumaqla, bəzi yeni reallıqlara uyğun dəyişikliklər edə bilərik.”

Vitse-spiker Ziyafət Əsgərov isə Fazil Mustafanın fikirləri ilə razılaşmayaraq bildirib ki, dövlət və xalq anlayışları fərqlidir:

“Azərbaycanda hakimiyyəti xalq formalaşdırdığı üçün xalqın suverenliyindən danışmaq olar. Sizin Konstitusiyaya "dövlət suverenliyi" əlavə etmək fikrinizlə razıyam, amma Naxçıvanla bağlı dediyiniz fikri qəbul etmirəm. Konstitusiyamızda Azərbaycan ərazisinin bölünməz və bütöv olduğu açıq göstərilib. Quru yolu olsun ya olmasın, ərazimizin bütövlüyü dəyişməzdir. Sizin dediyiniz fikirdən sonra başqaları da deyə bilər ki, quru yolu yoxdursa, Naxçıvan Azərbaycanın ərazisi deyil. Belə düşünmək düzgün deyil. Vaxtilə sovet hakimiyyəti illərində Zəngəzur Azərbaycan ərazisindən çıxarılıb Ermənistana verilib, amma bu, onun Azərbaycan ərazisi olmadığı anlamına gəlmir. Naxçıvana quru yolu açılacaq, Zəngəzur yolu da açılacaq. Amma ərazini yalnız quru yolu ilə əlaqələndirərək bütövlüyü şübhə altına almaq düzgün deyil”.

Mürtəza