Gürcüstanda "geopolitik partlayış" təhlükəsi: Qərbə arxa çevirən "Gürcü arzusu" Kremlin "qaranlıq tunel"inə tuş gəlib

İndi Gürcüstan cəmiyyəti Qərbə inteqrasiya, yoxsa Rusiyanin orbitinə qayıdış barədə prinsipial qərar verməyə məcburdur... Gürcüstan müxalifətinin "Gürcü arzusu" Partiyasını hakimiyyətdən devirmək niyyəti daha təhlükəli mərhələnin hələ irəlidə olduğunu göstərir...

Lim10.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Gürcüstanda ölkədaxili siyasi situasiya yenidən gərginləşməyə başlayıb. Belə ki, bu qonşu ölkədə siyasi böhran dərinləşməkdə davam edir. Gürcüstanda keçiriləcək növbəti seçkilər hakimiyyət və müxalifət arasında qarşıdurmanı yenidən toqquşma həddinə çatdırıb. Və müşahidələr onu göstərir ki, Gürcüstan hazırda faktiki olaraq, Rusiya-Qərb qarşıdurmasının girovuna çevrilmiş durumdadır.

Onu da qeyd etmək lazımdır ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər fonunda Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən qəbul edilən qətnamə ciddi siyasi diskussiyaya səbəb olub. Baş nazir İrakli Kobaxidzenin bu sənədi “gürcü xalqına qarşı ədalətsiz hücum” adlandırması Gürcüstan hakimiyyətinin Qərblə münasibətlərdə sərtləşən ritorikasını bir daha gündəmə gətirib. Paytaxt Tiflisdə keçirilən kütləvi etiraz aksiyaları və Daxili İşlər Nazirliyinin sərt bəyanatı isə onu göstərir ki, seçkilər yalnız daxili siyasi qarşıdurma deyil. Və bu, həm də geosiyasi kursun müəyyənləşdirilməsi uğrunda mübarizədir.

aef93707216adf964dcbab70a1b794e8.jpg (82 KB)

Məsələ ondadır ki, Gürcüstan hökuməti son illərdə Qərb təsisatlarının ölkənin daxili siyasətinə dair tənqidlərini “suverenliyə müdaxilə” kimi təqdim edir. Baş nazir İrakli Kobaxidzenin AŞPA qətnaməsini “məqsədsiz sənəd” və “bürokratik xaosun nəticəsi” adlandırması bu xəttin davamıdır. Gürcüstan hakimiyyəti Qərbin demokratiya və insan hüquqları ilə bağlı çağırışlarını nüfuzdan salmaqla, həm cəmiyyətdə “xarici düşmən obrazı” yaratmağa, həm də Rusiyanın “Qərbin ikili standartları” narrativini möhkəmləndirməyə cəhd edir.

Maraqlıdır ki, hakimiyyətdəki "Gürcü arzusu" Partiyasının Qərblə ziddiyyətlər içərisində olması Gürcüstanda və Cənubi Qafqazda geopolitik maraqları olan Rusiya üçün müəyyən strateji üstünlüklər qazandırır. Kreml uzun müddətdir ki, Gürcüstanı Qərbin təsir dairəsindən çıxarmağa çalışır. Ona görə də, Gürcüstan hökumətinin AŞPA və digər Avropa qurumlarına qarşı sərt reaksiyası Rusiyanın maraqlarına tamamilə uyğundur. Və bu, bir neçə istiqamət üzrə Rusiyaya müəyyən siyasi dividendlər qazandırır:

Belə ki, rəsmi Tiflisin bu sərt mövqeyi Gürcüstan cəmiyyətində Qərb təsisatlarına olan etimadı nisbətən azaldır. Bunun əksinə olaraq, Gürcüstanda Kremlin təsir imkanlarını artırır. Yəni, Gürcüstanın Avropa ilə münasibətləri gərginləşdikcə, Rusiya üçün ikitərəfli əlaqələri dərinləşdirmək imkanları da genişlənir. Və buna paralel olaraq, Gürcüstanın Qərblə inteqrasiya yolunda fəaliyyətinin zəifləyərək, məhdudlaşması Cənubi Qafqazda Rusiyanın mövqelərini nisbətən gücləndirir.

111-777-Снимок.JPG (45 KB)

Ancaq bütün bunlara baxmayaraq, seçkilər ərəfəsində paytaxt Tiflisdə keçirilən kütləvi etiraz aksiyaları Gürcüstan cəmiyyətində dərin siyasi parçalanmanın mövcud olduğunu da üzə çıxarır. Gürcüstanda müxalifət qüvvələri hesab edirlər ki, mövcud hakimiyyət Qərbə inteqrasiya kursundan uzaqlaşaraq, ölkəni yenidən Rusiyanın təsir dairəsinə qaytarır. Və bu, əslində, Gürcüstan cəmiyyəti üçün “Avropa gələcəyi” ilə “Rusiyaya yaxın avtoritar model” arasında seçim məcburiyyəti ilə bağlı ciddi dilemmadır.

Ən önəmli məqamlardan biri odur ki, Gürcüstan cəmiyyətində xüsusilə də gənc nəsil Avropa Birliyinə və NATO-ya inteqrasiya kursunu dəstəkləyir. Ancaq hakimiyyətin dövlət nəzarətini gücləndirən və kütləvi etiraz dalğasını boğmağa çalışan siyasəti Qərbdə Gürcüstanın “demokratik geriləməsi” kimi qiymətləndirilir. Və bunun nəticəsində də Gürcüstan-Qərb münasibətlərində ziddiyyətlər artan xətt üzrə inkişaf edir.

Onu da qeyd etmək lazımdır ki, Daxili İşlər Nazirliyinin kütləvi etiraz aksiyaları ilə bağlı “qanunun sərt şəkildə tətbiq olunacağı” barədə bəyanatı Gürcüstan hakimiyyətinin mövcud mövqeyini açıq-aşkar ortaya çıxarır. Belə anlaşılır ki, Gürcüstan hakimiyyəti seçkilər fonunda kütləvi küçə etirazlarını potensial siyasi təhlükə kimi qiymətləndirdiyini gizlətməkdə çətinlik çəkir. Halbuki, hakim "Gürcü arzusu" Partiyasının bu yanaşması, Qərbin baxış bucağında Gürcüstan hökumətini “avtoritarizmə yönəlik rejim” statusuna yaxınlaşdırır. ABŞ-da və Avropa Birliyində Gürcüstan hakimiyyətinin bu siyasəti “demokratik geriləmə” və “Rusiyaya yaxınlaşma” kursu kimi qiymətləndirilir.

Maraqlıdır ki, Avropa Birliyi və ABŞ Gürcüstan hakimiyyətinə indiyə qədər dəfələrlə xəbərdarlıq edib ki, demokratik azadlıqların məhdudlaşdırılması ölkənin Qərbə inteqrasiya yolunu təhlükə altına salır. Qərb siyasi dairələri və Gürcüstan müxtəlifəti AŞPA-nın son qətnaməsini də məhz bu narahatlığın təzahürü kimi təqdim edir. Və indi rəsmi Tiflisə növbəti dəfə xəbərdarlıq edilir ki, əgər, Gürcüstan hökuməti bu xətti davam etdirərsə, Avropa Birliyi üzvlüyünə namizədlik statusu və maliyyə dəstəyi risk altına düşə bilər.

69508ec4e9e42b142f07202053c9a6e7.jpg (122 KB) Bununla yanaşı, Qərbin hazırda Gürcüstana təzyiq vasitələri də olduqca məhdud xarakter daşıyır. Çünki rəsmi Tiflisin indiki mərhələdə Rusiya ilə daha da yaxınlaşmaq məcburiyyətində buraxılması Qərb üçün olduqca arzuolunmaz nəticəyə çevrilərdi. Ona görə də indi həm Avropa Birliyi, həm də ABŞ Gürcüstanı tam itirməmək üçün hələlik mümkün qədər balanslı siyasət yürütməyə məcburdur. Və bu, hakim "Gürcü arzusu" Partiyasına əlavə siyasi manevr məkanı açmış olur.

Göründüyü kimi, növbəti seçkilər ərəfəsində Gürcüstanda AŞPA qətnaməsi ətrafında yaranan siyasi qalmaqal əslində, Rusiya-Qərb qarşıdurmasının Tiflisdəki açıq təzahürüdür. Hər halda, Gürcüstan hakimiyyətinin Qərb əleyhinə ritorikası və sərtləşən daxili siyasəti ölkəni Avropaya inteqrasiya yolundan uzaqlaşdırmağa başlayıb. Və bu, Gürcüstanı Rusiyanın təsirinə daha açıq vəziyyətə gətirmiş kimi görünür.

Belə anlaşılır ki, seçki prosesi fonunda kütləvi küçə etirazları, Qərbin təzyiqləri və Rusiyanın "propoqanda maşını" Gürcüstanı yeni geopolitik dilemmanın mərkəzinə çevirir. İndi Gürcüstan cəmiyyəti Qərbə inteqrasiya, yoxsa Rusiyanin orbitinə qayıdış barədə prinsipial qərar verməyə məcburdur. Bu dilemmadan necə çıxmaq barədə veriləcək yekun qərar yaxın gələcək üçün Gürcüstanın siyasi taleyini müəyyən edəcək.

Eyni zamanda, bu, hakim "Gürcü arzusu" Partiyasının həqiqətən də Gürcüstan vətəndaşlarının arzusu olub-olmadığına da aydınlıq gətirəcək. Gürcüstan müxalifətinin "Gürcü arzusu" Partiyasını hakimiyyətdən devirmək niyyətini açıq mətnlə bəyan etməsi isə daha təhlükəli mərhələnin hələ irəlidə olduğunu göstərir. Və deməli, Gürcüstanda hakimiyyətlə müxalifət qüvvələri arasında daha sərt toqquşmaların ola biləcəyi qətiyyən istisna deyil.