“Son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, regional münaqişələrin regional və qlobal sülhü, təhlükəsizliyi təhdid altında qoyması ciddi narahatlıqlar yaratdığından beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb. Belə bir mürəkkəb, çoxqütblü mühitdə müstəqil və çevik xarici siyasət yürütmək, milli maraqları qlobal səviyyədə səmərəli şəkildə müdafiə etmək hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir.
Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu həm regional sülhün, sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın təmin olunmasında, həm də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin praqmatik düşüncəyə və milli maraqların qorunmasına əsaslanan xarici siyasəti Azərbaycanı müharibədə olduğu kimi, sülh prosesində də beynəlxalq müstəvidə qalib ölkəyə çevirib. Bu gün Azərbaycan Cənubi Qafqazda sülhün təminatçısı rolunda çıxış edir. Bütün bunlar Azərbaycanı ciddi oyunçuya və orta gücə çevirib. Artıq Azərbaycan dünyanın müxtəlif bölgələrində regional sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan aktor kimi çıxış edir.”
Bunu Lim10.az -a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov Prezidentin köməkçisi Hikmət Hacıyevin “Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından bütün tərəflər üçün arzuolunan tərəfdaşdır” fikrini şərh edərkən deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə həm Şərq, həm də Qərb istiqamətində uğurlu diplomatik fəaliyyət həyata keçirərək çoxvektorlu xarici siyasət modelini müvəffəqiyyətlə reallaşdırır:
“Azərbaycanın xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri tarazlı və praqmatik yanaşmadır. Bu siyasət nəticəsində ölkəmiz bir sıra nüfuzlu beynəlxalq tərəfdaşlarla əlaqələrini daha da dərinləşdirib. Hazırda dünyada gedən proseslər və çoxqütblü dünya düzəninin formalaşmağa başladığı şəraitdə məhz orta güc dövlətlərinin mövqeləri və ümumi güc balansındakı rolu artmaqdadır. Artıq qlobal güclərlə yanaşı, öz regionlarında sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfələr verən, həmçinin qlobal gündəliyə təsir imkanına malik olan ölkələr də beynəlxalq münasibətlərin qurucularına çevrilir. Azərbaycan da bu yeni reallıqda özünü müstəqil siyasət yürüdən, güclü milli iradəyə və strateji baxışa malik regional və orta güc kimi təsdiqləyib,” – deputat qeyd edib.
Prezident İlham Əliyevin Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakını şərh edən deputat bildirib ki, Yaxın Şərq və ümumilikdə İslam dünyası Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu səbəbdən bölgə ölkələri ilə çox sıx əməkdaşlıq münasibətləri qurulub və bu əlaqələr dinamik şəkildə inkişaf edir:
“Azərbaycan eyni zamanda Yaxın Şərq böhranının həllinə əməli şəkildə töhfə verən ölkələrdən biridir. Azərbaycanın Suriyada sabitliyin təmin olunması, İsrail-Fələstin münaqişəsində isə uğurlu diplomatiya yürütməsi bunun bariz nümunəsidir. Digər mühüm məqam isə Azərbaycanın İsraillə yaxın münasibətləridir. Bütün bunlar onu deməyə əsas verir ki, bütün tərəflərlə yaxşı əlaqədə olan Azərbaycan Yaxın Şərqdə uzunmüddətli sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlıq formatlarının yaradılmasına öz töhfəsini verməyə qadir ölkədir.
Əminəm ki, belə də olacaq. Prezidentin köməkçisi Hikmət Hacıyevin də bəyan etdiyi kimi, Prezident İlham Əliyevin Şarm əş-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın artan regional rolunun və orta güc kimi qlobal xarici siyasətinin təzahürü olmaqla yanaşı, bölgədə uzunmüddətli sülhə töhfə verməklə beynəlxalq münasibətlər sistemində bir daha orta güc kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək,” – deputat vurğulayıb.
Mürtəza