Tramp-Putin görüşü sual altında: ciddi problemlər yaranıb

ABŞ Prezidenti Donald Trampla RF Prezidenti Vladimir Putin arasında növbəti görüş Macarıstan paytaxtı Budapeştdə keçirilməsi nəzərdə turulsa da, texniki cəhətdən görüşün baş tutumasında ciddi problemlər var. Rusiya-Ukrayna müharibəsi  səbəbindən Avropa Rusiyaya hava məkanını bağlayıb. 

Belə olan şəraitdə Tramp-Putin görüşünün reallaşması ciddi sual altına düşür. Məsələ ilə bağlı açılqama verən Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Putinin hansı ölkənin hava məkanından istifadə edərək Budapeştə uçması barədə danışmaq tezdir. “Polşa, Bolqarıstan və ya Rumıniya kimi ölkələrlə əlaqə saxlamaq hələ tezdir”, - nazir müavini qeyd edib.

Yuxarıda qeyd olunan NATO dövlətləri Rusiya və Macarıstanı ayırır. Burada maneəsiz yeganə yol Türkiyə üzərindən Aralıq dənizi, oradan Adriatik dənizi, Çernoqoriya və Serbiyanın hava məkanı istiqamətidir. Əgər Avropa ölkələri hava məkanını açmasa, o zaman Tramp Avropa İttifaqına təzyiq edib belə bir yolun açılmasını təmin edə bilər.

İkincisi, Aİ ölkələri də Rusiya-Ukrayna müharibəsində irəliləyişlərin əldə olunması məqsədilə hansısa ittifaqın hər hansı ölkəsinin hava məkanını Putinin təyyarəsi üçün aça bilər.

Qeyd edək ki, oktyabrın 16-da Putinlə Tramp arasında iki saat yarım davam edən telefon danışığı baş tutub. Görüşün yekunu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Moskva və Vaşinqton dərhal iki lider arasında Budapeştdə baş tuta biləcək yeni görüşə hazırlaşmağa başlayacaqlar. Uşakovun sözlərinə görə, Amerika lideri Macarıstanın paytaxtını təklif edib, Rusiya prezidenti isə bu ideyanı dəstəkləyib.

Macarıstanın Baş naziri Viktor Orban Budapeşt sammitinə hazırlıq üçün təşkilat komitəsinin yaradılmasına göstəriş verdiyini və hazırlıqların başladığını açıqlayıb. Slovakiya da görüşə   dəstək verməyə hazır olduğunu bildirib. 

Mürtəza
Lim10.az