"Ermənistan "3+3" regional platformasına (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) böyük əhəmiyyət verir və bu formatda növbəti görüşün harada keçiriləcəyini müəyyən etmək məqsədilə Azərbaycanla dialoq aparır".
Lim10.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə söhbətində bildirib.
"3+3" formatına gəldikdə, artıq bu formata əhəmiyyət verdiyimizi deməyə əsasımız var. Ümumilikdə, biz Avropaya inteqrasiyadan danışırıq, eyni zamanda Avrasiya İqtisadi Birliyinin bir hissəsiyik. Qonşularımızla münasibətlər bizim üçün heç də az əhəmiyyət kəsb etmir. Əlbəttə ki, "3+3" formatı bu baxımdan bizim üçün vacib olaraq qalır", - deyə nazir qeyd edib.
Bu formatda növbəti görüşə gəldikdə isə o, məsələnin texniki xarakter daşıdığını bildirib. Mirzoyan xatırladıb ki, bu regional platformanın digər üzv ölkələrinin paytaxtlarında görüşlər keçirildikdən sonra tədbirin Ermənistanda, yoxsa Azərbaycanda keçirilməsi məsələsi ortaya çıxıb.
"Hazırda Azərbaycanla bu görüşlərin ardıcıllıq qaydasını müzakirə edirik. Təbii ki, bizi və Azərbaycanı narahat edən bir məsələ yaranan kimi hər şey mikroskop altında araşdırılır və istəsək də, istəməsək də, bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə əlaqələndirilir. Ümid edirəm ki, yaxın gələcəkdə həll yolu tapılacaq", - deyə Ermənistan xarici işlər naziri vurğulayıb.



















