Bakı şəhərində Azərbaycan və Belarus Xarici İşlər Nazirlikləri (XİN) arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Lim10.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycan XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Belarus nümayəndə heyətinə isə Belarus XİN-in Konsulluq baş idarəsinin rəisi Kojan Andrey Vyaçeslavoviç rəhbərlik edib.
Məsləhətləşmələrdə hər iki tərəfin xarici siyasət orqanlarının məsul əməkdaşları, Azərbaycan Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, həmçinin Belarus Xarici İşlər Nazirliyinin və bu ölkənin Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.
Məsləhətləşmələrin sonunda aparılmış müzakirələrə uyğun olaraq Protokol imzalanıb.





















