Almaniyanın hakim koalisiyası əmək qabiliyyətli ukraynalı qaçqınlara verilən sosial müavinətlərin azaldılmasını nəzərdə tutan yeni qanun layihəsi üzərində çalışır.
Lim10.az xəbər verir ki, Politico-nun məlumatına əsasən, hazırda ölkədə təxminən 490 min ukraynalı qaçqın uzunmüddətli işsizlik müavinəti alır. Qanun layihəsi həmin şəxslərin əmək bazarına daha tez inteqrasiyasını təmin etmək məqsədi daşıyır.
Son dövrlərdə Ukraynadan Almaniyaya gənc kişilərin kütləvi şəkildə axını ictimaiyyətdə müzakirələr doğurub. Bildirilir ki, bu tendensiya Ukraynadan çıxış qaydalarının yumşaldılmasından sonra müşahidə olunur.
Berlin rəsmiləri hesab edirlər ki, əmək qabiliyyətli şəxslərin ölkəyə axını Almaniyada Ukraynaya hərbi yardımın ictimai dəstəyinə mənfi təsir göstərə bilər.
Bununla belə, Sosial Demokrat Partiyasının (SDP) bəzi deputatları təşəbbüsə qarşı çıxaraq bildiriblər ki, Almaniya Ukraynanın kimləri cəbhəyə göndərdiyinə və kimləri ölkədən buraxdığına qarışmamalıdır.
The Telegraph nəşrinin məlumatına görə, son iki ayda 18–22 yaş arası təxminən 100 min gənc kişi Ukraynadan çıxıb. Bu isə məhz sərhəd nəzarətinin yumşaldılması ilə əlaqələndirilir.



















