ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik müddətinin ilk ili Avropa liderlərinin Vaşinqtonla bağlı son illərdə formalaşdırdığı bütün illüziyaları dağıdıb.
Lim10.az xəbər verir ki, Politico nəşrinin ekspertlərə istinadən yazdığı məqalədə Avropada artıq Trampın idarə oluna bilən və ya nəzarətdə saxlanıla bilən siyasətçi olduğu fikrinin qalmadığı bildirilir. Qəzetin qiymətləndirməsinə görə, Trampın Avropa İttifaqına qarşı sərt ritorikası, müttəfiqlərə yönələn təhdidləri və Rusiya lideri Vladimir Putinlə yaxınlaşması Aİ daxilində parçalanmanı dərinləşdirib və transatlantik alyansı zəiflədib.
Məqalədə qeyd olunur ki, bu proseslər fonunda Ukraynanın gələcəyi 2026-cı il ərəfəsində qeyri-müəyyən olaraq qalır. Avropa ölkələri isə öz təhlükəsizlikləri barədə daha çox düşünməyə başlayıblar. Xüsusilə Putinin ambisiyalarının Ukrayna ilə məhdudlaşmaya biləcəyi ehtimalları narahatlıq doğurur.
Politico yazır ki, Avropa İttifaqı vəziyyətə qismən uyğunlaşmağa çalışıb. Aİ ABŞ-ın yeni gömrük rüsumları ilə razılaşıb, NATO çərçivəsində müdafiə xərclərini artıracağına söz verib və Ukraynaya 90 milyard dollar məbləğində kredit ayrılması barədə razılıq əldə edib. Tramp isə Avropanın bu yardımın maliyyə yükünü öz üzərinə götürəcəyi şərti ilə Kiyevə hərbi dəstəyin davam etdirilməsinə razılıq verib.
Bununla yanaşı, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Avropanın siyasi mərkəzi açıq şəkildə “etibarsız müttəfiq” kimi təqdim olunur. Məqalədə xatırladılır ki, Tramp Aİ ölkələrində seçkilərə mümkün müdaxilə ehtimalını da istisna etməyib və Qrenlandiyanı ABŞ-ın nəzarətinə götürmək istəyi barədə yenidən danışıb.
Ekspertlərin qənaətinə görə, 2026-cı ilə doğru Avropa “ən pis ssenarilərə hazırlaşmalı” olacaq. Onların fikrincə, ABŞ və Avropa İttifaqının strateji maraqları getdikcə daha açıq şəkildə bir-birindən uzaqlaşır.(musavat.com)



















