Trampın MAGA qadınları: Botoks, sarı saçlar və taxma kirpiklər

ABŞ Prezidenti Donald Trampın hakimiyyət dövründəki sarı saçlı, botokslu qadınlar "MAGA üzlü" qadınlar adlandırılır.

Lim10.az xarici KİV-ə istinadla xəbər verir ki, "Amerikanı Yenidən Böyük Edin" (MAGA) hərəkatının yüksəlişi ilə yayılan "MAGA üzü" Respublikaçı qadınların "mühafizəkar" kimliyinin vizual simvoluna çevrilib.

"Ailə dəyərləri və dini inanclar"la fəxr edən MAGA qadınları uzun, sarı və dalğalı saçlar, diqqətçəkən makiyaj, taxma kirpiklər və dolğulu bir stil qəbul ediblər, eyni zamanda "ənənəvi" geyim tərzlərini qoruyub saxlayıblar.

Professor Cülyet Uilyams düşünür ki, MAGA üzü qadınlara qarşı siyasi bir müzakirədir.

“Bu, "Kişilər üçün cəlbedici olduğunuz qədər dəyərlisiniz" mesajını çatdıran bir yanaşmadır”.

AFP-yə danışan “America First”in təsisçisi Melissa Rein Layvli "MAGA üzü"nün eyni düşüncəli insanlara "eyni komandada olduqlarını" göstərmək üçün bir yol olduğunu söyləyir.
Layvli düşünür ki, Trampın qızı İvanka və gəlini Lara Tramp bu üslubun "pionerləri" olublar. Həmçinin, Ağ Evin sözçüsü Karolin Livitt, Daxili Təhlükəsizlik Katibi Kristi Noem və Erika Kirk də onun ən görkəmli nümayəndələri arasındadır.

Həyat yoldaşı Melaniya keçmiş model olan ABŞ lideri MAGA qadınlarının qəbul etdiyi stilə qarşı çıxmır. O bu yaxınlarda televiziya çıxışında mətbuat katibi Liviti təsvir edərək deyib:
“O, ulduza çevrilib. O üz. O beyin. O dodaqlar, hərəkət tərzi... O, avtomat kimi hərəkət edir”.

ABŞ-da yerləşən Axios şirkətinin 2017-ci il tarixli hesabatında iddia edilirdi ki, Tramp qadın işçilərindən "qadın kimi geyinmələrini" istəyib və kişi işçilərindən "müəyyən bir görünüş" tələb edib.

Qeyd edək ki, Tramp prezident olmazdan əvvəl 1996-cı ildən 2015-ci ilə qədər "Miss USA" və "Miss Teen USA" da daxil olmaqla "Kainat Gözəli" müsabiqələrini təşkil edən şirkətlərin sahibi idi. O, qadınları xarici görünüşlərinə görə mühakimə etdiyi keçmiş açıqlamalarına görə tez-tez tənqid olunub. ABŞ liderinin bu yanaşması xüsusən də prezidentliyinin ikinci dövründə qadın tərəfdarları arasında "siyasi kimliyə" çevrilib.

Billurə