Aygül İsayeva hazırladığı qanun layihəsini Gürcüstan parlamentə təqdim edib

“Maarif” təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva “Təqaüd yaşına çatmış müəllimlərin əmək fəaliyyətinin tənzimlənməsi haqqında” hazırladığı qanun layihəsini Gürcüstan parlamentinə təqdim edib. Bu barədə baki-xeber.com-a məlumat verən A. İsayevanın sözlərinə görə, qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması üçün Gürcüstan parlamentinin üzvlərindən birinin dəstəyinə ehtiyac var.
Qanun layihəsini təqdim edirik.
Təqaüd yaşına çatmış müəllimlərin əmək fəaliyyətinin tənzimlənməsi haqqında Gürcüstan qanununa əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi
Maddə 1. Qanunun məqsədi
Bu qanunun məqsədi — təqaüd yaşına çatmış müəllimlərə seçim imkanı vermək, onların sosial rifahını qorumaq, gənc müəllimlərin işə qəbuluna şərait yaratmaq və təhsil sistemində balanslı kadr siyasətini təmin etməkdir.
Maddə 2. Əsas anlayışlar
1. Təqaüd yaşına çatmış müəllim – Gürcüstan qanunvericiliyinə əsasən pensiya yaşına çatmış, lakin pedaqoji fəaliyyətini davam etdirmək hüququna malik müəllim.
2. Seçim hüququ – təqaüd yaşına çatmış müəllimin dövlət tərəfindən təklif edilən iki alternativdən birini seçmək imkanı.
Maddə 3. Təqaüd yaşına çatmış müəllimlərin seçim hüququ
1. Təqaüd yaşına çatmış müəllimlər üçün aşağıdakı iki seçim imkanı müəyyən edilir:
a) Dərs deməyə davam etmək – müəllim məktəbdə pedaqoji fəaliyyətini əvvəlki qaydada davam etdirir və maaş alır, eyni zamanda təqaüd hüququ saxlanılır;
b) Təqaüdə çıxmaq – müəllim dərs demək fəaliyyətini dayandırır, lakin son əməkhaqqısı səviyyəsində təqaüd alır.
2. Hər bir müəllim bu seçim hüququndan istifadə edə bilər və seçim barədə yazılı ərizə ilə məktəb rəhbərliyinə müraciət edir.
3. Məktəb rəhbərliyi və Təhsil Nazirliyi müəllimin seçimini nəzərə almalı və qanunla müəyyən edilmiş qaydada qərar qəbul etməlidir.
4. Müəllimlik fəaliyyətini dayandıran və artıq təqaüdə çıxan müəllimlərin təqaüdləri də onların məktəbdə işlədikləri dövrdə aldıqları maaşa bərabər olsun.
Maddə 4. Əmək fəaliyyəti və sosial təminat
1. Dərs deməyə davam edən təqaüd yaşlı müəllimlər üçün əmək münasibətləri əvvəlki qaydada saxlanılır, onlar həm maaş, həm də pensiya almaq hüququna malikdirlər.
2. Dərs demək istəməyən, lakin təqaüdə çıxan müəllimlərin təqaüd məbləği, onların təqaüdə çıxmadan əvvəlki orta aylıq əməkhaqqına bərabər olur.
3. Təqaüdün məbləği dövlət büdcəsindən təmin edilir.
Maddə 5. Təhsil sistemində kadr yenilənməsi və gənc müəllimlər üçün imkanlar
1. Təqaüd yaşına çatmış müəllimlər üçün bu seçim mexanizminin yaradılması, məktəblərdə gənc pedaqoqlar üçün yeni iş yerlərinin açılmasına şərait yaradır.
2. Təhsil Nazirliyi gənc müəllimlərin işə cəlb olunması məqsədilə mentor-müəllim proqramlarını genişləndirməlidir.
3. Təqaüd yaşına çatmış, lakin dərs deməyə davam edən müəllimlər gənc pedaqoqlara mentor kimi fəaliyyət göstərə bilərlər.
Maddə 6. Keçid müddəaları
1. Bu qanun qəbul edildiyi tarixdən 3 ay sonra qüvvəyə minir.
2. Gürcüstan Təhsil və Elm Nazirliyi 3 ay müddətində qanunun icrasına dair əlavə qaydaları və mexanizmləri hazırlayır.
ƏSASLANDIRICI ARAYIŞ (İZAH VƏRƏQİ)
Layihənin məqsədi
Layihənin məqsədi Gürcüstanda təqaüd yaşına çatmış müəllimlərin (o cümlədən artıq məktəbdə işləməyən keçmiş müəllimlərin) sosial təminatını və seçim azadlığını təmin etməkdir. Bu dəyişiklik həm müəllimlərin rifahını qoruyacaq, həm də gənc kadrlar üçün yeni iş yerləri yaradacaq.
Problemin mövcud vəziyyəti
Hazırda təqaüd yaşına çatan müəllimlər ya işlərini tam dayandırmalı, ya da aşağı məbləğli təqaüdlə kifayətlənməlidirlər. Bu, sosial gərginliyə və təhsil sistemində təcrübəli kadrların itirilməsinə səbəb olur.
Layihənin təklif etdiyi həll
Layihə müəllimlərə seçim imkanı verir:
-Fəaliyyətini davam etdirmək istəyənlər dərs deməyə davam edərək həm əməkhaqqı, həm də pensiya ala biləcəklər;
-Fəaliyyətini dayandırmaq istəyənlər isə son əməkhaqqı məbləği əsasında təqaüdə çıxa biləcəklər.
Bu, həm sosial ədalət, həm də gənc pedaqoqlar üçün yeni imkanlar yaradır.
Maliyyə təsiri
Dövlət büdcəsinə yük minimaldır, çünki təqaüd və maaş xərcləri mövcud sistem daxilində balanslaşdırılır. Yeni işə qəbul olunan gənc müəllimlər üçün isə orta və uzunmüddətli dövrdə iqtisadi fayda yaranacaq.


















