Dünya çempionları Vəhdət Partiyasında!

Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edərək çempion titulunu qazanan gənc idmançılar bu gün Vəhdət Partiyasının qonağı olublar.
Türkiyənin Bursa şəhərində keçirilən 5-ci Alpaqut üzrə dünya çempionatında və Qazaxıstanda İFK Kyokuşin karate üzrə təşkil olunmuş “Astana Cup” turnirində yüksək nəticələr əldə etmiş idmançılar partiya rəhbərliyi tərəfindən xüsusi ehtiramla qarşılanıblar.
Görüş zamanı vurğulanıb ki, Vəhdət Partiyası hər zaman gənclərin inkişafını, onların idman və ictimai fəaliyyətini dəstəkləyib. Gənc çempionlarımızın qazandığı bu uğurlar təkcə onların şəxsi nailiyyəti deyil, bütün Azərbaycan üçün böyük qürur və fəxr mənbəyidir.
Tədbirdə çıxış edən məşqçilər İlqar Abdullazadə, Abdulla İsmayılov və Novruz İsazadə göstərilən diqqət və dəvət üçün Vəhdət Partiyasına təşəkkür ediblər. Onlar bildiriblər ki, komanda növbəti beynəlxalq yarışlara daha iddialı şəkildə hazırlaşır və ölkəmizin adını yenidən zirvələrə qaldırmaq əzmindədir.
Görüşdə iştirak edən gənc çempionlar öz fəaliyyətləri barədə məlumat verərək, əldə etdikləri qələbələri şəhidlərimizin əziz xatirəsinə həsr etdiklərini xüsusi olaraq qeyd ediblər.
Bu görüş həm idmanın, həm də gənclərin inkişafına verilən dəyərin bariz nümunəsi kimi yadda qalıb.




















