Rusiya Ali Məhkəməsi müğənni Larisa Dolinanın Moskvanın Hamovniki rayonundakı mənzili ilə bağlı qalmaqallı iş üzrə mühüm qərar qəbul edib.
Lim10.az xəbər verir ki, məhkəmə kollegiyası aşağı instansiyaların qərarlarını ləğv edərək işi yenidən baxılması üçün geri göndərib.
Qərara əsasən, mənzil Larisa Dolinanın mülkiyyətində qalacaq, lakin müğənni onu alan şəxsə — tək ana Polina Luryeyə 112 milyon rublu 2,1 milyon manat) geri qaytarmalı olacaq. Bununla belə, iş ikinci instansiyada yekun qərar verilənədək mənzil üzərində mülkiyyət hüququ müvəqqəti olaraq Polina Luryeyə məxsus hesab ediləcək. Sonradan isə mənzil yenidən Dolinanın adına rəsmiləşdiriləcək.
Xatırladaq ki, bundan əvvəl məhkəmələr sövdələşməni etibarsız saymış, Dolinanın dələduzların təsiri altında olduğunu əsas gətirərək mənzili ona qaytarmışdı. Alıcı Polina Lurye isə faktiki olaraq zərərçəkən vəziyyətdə qalaraq, pullarını geri almaq üçün dələduzları özü axtarmağa məcbur edilmişdi.
Ali Məhkəmə bu yanaşma ilə razılaşmayıb. Qərarda bildirilib ki, sövdələşmə etibarsızdırsa, “ikitərəfli restitusya” prinsipi tətbiq olunmalıdır: satıcı mənzili geri alırsa, alıcı da ödədiyi vəsaiti geri almalıdır.
Larisa Dolinanın müdafiə tərəfi məhkəmədə bildirib ki, müğənninin pulu yoxdur, çünki vəsait dələduzlara köçürülüb. Lakin Ali Məhkəmə bu arqumenti əsaslı saymayıb və pulun qaytarılması öhdəliyini Dolinanın üzərində saxlayıb.(musavat.com)



















