Vəhdət Partiyasının sədri Prezidentin Amnistiya təşəbbüsünü alqışladı

“Prezidentin təşəbbüsü ilə irəli sürülən Amnistiya Aktının qəbulu Azərbaycan dövlətinin humanist siyasətinin davamı kimi dəyərləndirilə bilər. “Konstitusiya və suverenlik ili”nə həsr edilən bu təşəbbüs Yeni il ərəfəsində minlərlə ailəyə bayram sevinci yaşadacaq”.
Bunu açıqlamasında Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ölkə başçısının Amnistiya Aktının qəbulu qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Amnistiya institutu təkcə hüquqi mexanizm deyil, həm də dövlətin insan amilinə verdiyi önəmi ifadə edən mühüm addımdır: “Amnistiyanın sosial təsirlərini xüsusi qeyd etmək lazımdır. Axı bu qərar minlərlə ailə üçün sevinc və ümid deməkdir. Ailələrin birləşməsi, valideynin övladına, övladın ailəsinə qovuşması cəmiyyətin mənəvi sağlamlığına da müsbət təsir göstərir”.
Partiya sədri deyib ki, ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilən Amnistiya Aktı penitensiar müəssisələrin yükünün azaldılması baxımından da əhəmiyyət kəsb edir:
”Bu, dövlət resurslarından daha səmərəli istifadəsinə imkan açacaq: “Amnistiya Aktı layihəsindən bəllidir ki, müəyyən kateqoriyadan olan məhkumların cəzadan azad edilməsi və ya cəzalarının yüngülləşdirilməsini nəzərdə tutur.
Xüsusilə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq. Bu, həmin şəxslərin cəmiyyətə yenidən inteqrasiyası üçün ikinci şans deməkdir”.
Partiya sədri hesab edir ki, bu təşəbbüs məhkumların daha yaxşı şəraitdə olmasının vacibliyini bir daha gündəmə gətirir: “Həbsxanalarda məhkumların əsas hüquqlarına hörmətlə yanaşmaq, onların sağlamlığına diqqət yetirmək, təhsil və əmək bazarına hazırlıq üçün şərait yaratmaq, cəmiyyətə qayıdışlarını asanlaşdıracaq əsas amillərdən biridir.
Bu məsələdə dövlətin müvafiq strukturları daha fəal olmalı, həbsxanalarda maddi-texniki baza təkmilləşdirilməli, şəxsi inkişaf, peşə hazırlığı və təhsillə bağlı layihələrə xüsusi diqqət ayrılmalıdır. Çünki məhkumların islah edilməsi, cəzalarını çəkərkən onlara yeni bacarıqlar qazandırmaq, gələcəkdə sosial reabilitasiyaya uğramalarına kömək edəcək”.


















