"Azəriqaz"da dövlət xidməti adı altında sistemli laqeydlik

Qış aylarında qaz təchizatı sadəcə texniki məsələ deyil, insanların həyat keyfiyyəti, sağlamlığı və təhlükəsizliyi ilə birbaşa bağlı olan sosial məsuliyyətdir. Azərbaycanda bu məsuliyyətin daşıyıcısı olan “Azəriqaz” İB isə illərdir ki, vətəndaşların gözündə xidmət göstərən qurumdan çox, biganəliyin və məsuliyyətsizliyin simvoluna çevrilib. Şaxtalı havada ailələrin saatlarla, bəzən günlərlə qazsız qalması artıq istisna yox, adi hal kimi qəbul olunur.
Bizim təqdim etdiyimiz fakt — cəmi bir elementin dəyişdirilməməsi səbəbindən bir sutkadan artıq qazsız qalmaq — tək bir ailənin problemi deyil. Bu, “Azəriqaz”ın xidmət mexanizminin iflic vəziyyətdə olmasının bariz nümunəsidir. Operatorların “gəlirik” vədləri ilə reallıq arasında dərin uçurum var. Bu uçurumun adı texniki çətinlik deyil, idarəetmə və məsuliyyət böhranıdır.
Artıq bir neçə gündür “Azəriqaz” abonentləri ən müxtəlif səbəblərdən - sayğacın bloka düşməsi, vəsaitin karta keçməməsi və s. - kütləvi şəkildə qazsız qalıblar. Qazsız qalan abonentlərin böyük əksəriyyəti SMART sayğac istifadəçiləridir. “Azəriqaz” isə sanki SMART tipli sayğacları “vətən xaini” hesab edir. Çünki SMART sayğaclarla abonenti aldatmaq, süni borc yaratmaq mümkün deyil.
Azərbaycan tarixində əhalinin təbii qaz borclarının silinməsi ilə bağlı ən böyük addım 2009-cu ildə atılıb. Prezident İlham Əliyevin 29 dekabr 2009-cu il tarixli fərmanına əsasən, 1 oktyabr 2009-cu il tarixinədək əhaliyə qaz istifadəsinə görə yaranmış təxminən 327 milyon manat borc tamamilə silinib və bu borcun kompensasiyası dövlət büdcəsi hesabına “Azəriqaz” İstehsalat Birliyinə ödənilib. Bunun ardınca Prezident tərəfindən açıq şəkildə tapşırıq verildi ki, əhalinin yenidən borclanmasına son qoyulmalıdır. Çıxış yolu kimi SMART sayğacların tətbiqi seçildi.
Bu gün isə “Azəriqaz” SMART sayğacları dəyişmək üçün müxtəlif bəhanələr axtarır. Artıq həyət evlərində SMART sayğaclar tamamilə sökülərək mexaniki sayğaclarla əvəzlənir. Halbuki SMART sayğacların tətbiqinə 2010-cu ildə başlanılıb və həmin sayğaclar üçün istismar müddəti 27 il nəzərdə tutulub. Avropa ölkələrində bu tip sayğaclar 40 ilə qədər xidmət göstərə bilir. Sadəcə olaraq bu sayğacların enerji batareyası 8-9 ildən bir dəyişdirilməlidir.
Ən birinci quraşdırılan SMART sayğaclar artıq 15 ilə yaxın müddətdə problemsiz xidmət göstərib. Buna baxmayaraq, “Azəriqaz” SMART sayğacların yarıdan çoxunu mexaniki sayğaclarla əvəzləyib. Bu, ilk növbədə açıq-aşkar israfçılıqdır: 27 illik istismar müddəti olan sayğac nəyə görə 13-15 ildən sonra dəyişdirilməlidir? Üstəlik, “Azəriqaz” dotasiya ilə işləyən dövlət şirkətidir. Özün dotasiya hesabına fəaliyyət göstərəsən, eyni zamanda hər il minlərlə sayğac dəyişəsən - bu hansı məntiqə sığır?
Aydındır ki, burada ciddi maraqlar var. Birincisi, “Azəriqaz” sayğacları dəyişmək üçün hansısa şirkətdən yeni sayğaclar alır - bu, potensial “pripiska” və ya korrupsiya riskidir. İkincisi, həmin sayğacların quraşdırılması üçün başqa bir şirkət seçilir - bu da növbəti şübhəli məqamdır. Üçüncüsü isə mexaniki sayğaclar daha çox sərfiyyat qeydə alır və nəticədə əhali əsassız şəkildə əlavə borcla yüklənir. Digər tərəfdən, mexaniki sayğaclara nəzarətçilərin müdaxiləsi mümkündür. Halbuki 2009-cu ildə məhz bu cür hallara son qoyulması Prezident tərəfindən birbaşa tapşırılmışdı.
Dövri mətbuat və rəsmi statistikalar da mövcud vəziyyəti təsdiqləyir. Enerji Nazirliyinin açıq məlumatlarına görə, 2024-cü ilin doqquz ayı ərzində nazirliyin çağrı mərkəzinə daxil olan müraciətlərin böyük əksəriyyəti məhz qaz təchizatı ilə bağlı olub. Minlərlə şikayətin eyni sektordan gəlməsi artıq fərdi narazılıq yox, sistemli problemdir. Bu, “Azəriqaz”ın abonentlərlə işləmə modelinin iflasa uğradığını açıq şəkildə göstərir.
Son illərdə tətbiq olunan SMART sayğac sistemi vəziyyəti yaxşılaşdırmaq əvəzinə, düzgün idarə olunmadığı üçün yeni problemlər yaradıb. Media dəfələrlə yazıb ki, minlərlə abonent balans yükləyə bilmədiyi üçün qışın ortasında qazsız qalıb. Sistem xətaları, texniki nasazlıqlar və operativ müdaxilənin olmaması onu göstərir ki, “Azəriqaz” rəqəmsallaşmaya hazır olmadan bu prosesi vətəndaşın üzərində sınaqdan keçirib. Nəticədə isə cəzanı yenə də adi insanlar çəkir.
Bununla yanaşı, borc hesablamaları ilə bağlı absurd hallar ictimai qəzəbi daha da artırır. Mətbuatda dərc olunan faktlara əsasən, bəzi abonentlər qısa müddətdə real istehlakla uyğun gəlməyən yüzlərlə manatlıq borcla üzləşiblər. Bu cür səhvlər nə vaxtında izah olunur, nə də vətəndaşın xeyrinə operativ həll edilir. Əksinə, insanlar günlərlə idarələrin qapısında gözləməyə, cavabsız qaynar xətlərə zəng etməyə və ya məhkəmələrə müraciət etməyə məcbur qalırlar. Müsbət hal isə odur ki, bu mübahisələrin böyük əksəriyyəti məhkəmələrdə vətəndaşın xeyrinə qərarlarla yekunlaşır.
“Azəriqaz”ın planlı və qəza təmir işləri də ayrıca problemdir. Qazın kəsilməsi ilə bağlı məlumatlar ya gec verilir, ya da ümumiyyətlə verilmir. İnsanlar səhər oyananda evin buz kimi olduğunu görür, səbəbi isə sonradan öyrənirlər. Sadə bir elementin dəyişdirilməsi və ya xırda texniki müdaxilə saatlarla, bəzən günlərlə uzadılır. Bu isə xidmətin operativ olmadığını, texniki briqadaların koordinasiyasının zəifliyini göstərir.
Məsələ təkcə vətəndaş şikayətləri ilə məhdudlaşmır. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin monitorinqləri zamanı “Azəriqaz”ın fəaliyyətində normativ pozuntuların aşkar edilməsi göstərir ki, problem yalnız subyektiv narazılıq deyil, rəsmi səviyyədə də təsdiqlənib. Dövlətin öz nəzarət orqanı belə bu qurumun fəaliyyətində ciddi nöqsanlar aşkar edirsə, vətəndaşın qışın şaxtasında qazsız qalması heç də təəccüblü deyil.
“Azəriqaz”ın tez-tez qabartdığı “gücləndirilmiş iş rejimi”, “vətəndaş qəbulları” və “operativ xidmət” anlayışları real həyatda öz əksini tapmır. Kağız üzərində hər şey qaydasındadır, amma reallıqda vətəndaşın evi buzxanaya çevrilir. Bu ziddiyyət “Azəriqaz”ın fəaliyyət fəlsəfəsinin əsas problemini açıq göstərir: statistika və hesabat var, amma insan amili yoxdur.
Nəticə etibarilə, qışın ortasında ailələri qazsız qoymaq sadəcə səhlənkarlıq deyil. Bu, vətəndaşa dəyər verilməməsinin, sosial məsuliyyətin kağız üzərində qalmasının göstəricisidir. “Azəriqaz” üçün qaz kəsintisi texniki hadisə ola bilər, amma vətəndaş üçün bu, soyuq, xəstəlik riski və ləyaqətin tapdalanması deməkdir. Dövlət xidməti anlayışı isə məhz burada imtahandan çıxır — və bu imtahandan “Azəriqaz” illərdir ki, kəsilir.
Akif NƏSİRLİ



















