KXDR (Koreya Xalq Demokratik Respublikası) təxminən 20 ildir ki, beynəlxalq sanksiyalar altında yaşayır. Buna baxmayaraq, ölkə daxilində internet ciddi məhdudiyyətlər çərçivəsində də olsa, tədricən inkişaf etməyə davam edir.
Lim10.az Şimali Koreyada internetin necə işlədiyini, ondan kimlərin istifadə edə bildiyini və ölkə əhalisinin bu barədə nə düşündüyünü oxucuların diqqətinə çatdırır.
KXDR-də rəqəmsallaşma sahəsində baş verənlər haqqında etibarlı məlumat əldə etmək olduqca çətindir. Ölkə daxilində informasiya axınları tam şəkildə hökumət tərəfindən idarə olunur. Xarici müşahidəçilər yalnız dövlət tərəfindən rəsmi olaraq təsdiqlənmiş məlumatları görə və eşidə bilirlər. Alternativ informasiya mənbəyi isə əsasən ölkədən qaçan şəxslərin verdiyi məlumatlardır.
Şimali Koreya əhalisinin böyük əksəriyyəti üçün internet faktiki olaraq mövcud deyil. Təhsil müəssisələrində onun işləmə prinsipləri tədris olunsa da, bir çox insan internet haqqında yalnız müxtəlif şayiələr eşidib və heç vaxt ondan istifadə etməyib.
Ölkədə internetə çıxış dövlətə məxsus daxili şəbəkə - Kvanqmyonq ilə məhdudlaşır. Bu şəbəkədə təxminən 100 dövlət saytı fəaliyyət göstərir. Buraya aviabiletlərin sifarişi, yemək çatdırılması üçün platformalar və xəbər portalları daxildir. Qeyd edək ki, Şimali Koreyadan kənarda bu saytlara giriş mümkün deyil. Maraqlıdır ki, əhalinin böyük hissəsi xarici dilləri bilməsə də, bu resurslarda materiallar əsasən ingilis və rus dillərində təqdim olunur.
Kvanqmyonq şəbəkəsinə çıxış da sərbəst deyil. İstifadə üçün xüsusi sorğu tələb olunur və müraciətlərin cavablandırılması həftələrlə vaxt apara bilər. Qlobal internetə çıxış isə daha sərt şəkildə nəzarət altındadır.
Ölkədə yalnız məhdud sayda insanın açıq internetə çıxışı var. Bunlara əsasən lider Kim Çen Inla əlaqəli onlarla ailə üzvü və bəzi əcnəbilər daxildirlər. Bundan əlavə, rəsmi şəxslər, akademik tədqiqatçılar və IT sahəsində təhsil alan tələbələr də daxil olmaqla bir neçə min nəfər ciddi nəzarət altında qlobal internetdən istifadə edə bilir.(oxu.az)



















