Adəm İsmayıl Bakuvi: “Regionda yeni dövr başlayır”

“Prezident İlham Əliyevin çıxışında səslənən əsas mesajlardan biri – hətta uzunmüddətli münaqişələrin də sülh yolu ilə həllinin mümkünlüyü ilə bağlıdır. Güclü siyasi iradə və beynəlxalq dəstək olduğu halda, qarşılıqlı etimadsızlıq mühitini dəyişmək mümkündür”.
“Millətin-Səsi.İnfo” xəbər verir ki, bu açıqlama ilə Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi çıxış edib.
Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimatında Prezident İlham Əliyevin çıxışını şərh edən partiya sədri hesab edir ki, bu çıxış - sülh ideyasının artıq təkcə regional deyil, qlobal mənəvi gündəliyin bir hissəsinə çevrildiyini göstərir:
“Prezidentin çıxışında Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papasına ünvanlanan minnətdarlıq ifadələri də bunu sübut edirdi. Dövlət başçısının ABŞ Prezidenti Donald Trampa ünvanladığı təşəkkür də bu prosesin beynəlxalq dəstək fonunda baş verdiyini göstərən mühüm məqam kimi qiymətləndirilməlidir”.
Adəm İsmayıl Bakuvinin fikrincə, Əbu-Dabidəki mərasimin simvolik məna daşıması – son danışıqlar raundunun məhz bu şəhərdə keçirilməsi və əldə olunan razılığın sonradan Vaşinqtonda rəsmiləşdirilməsi – sülh prosesinin coğrafiyasını da mənəvi xəritəyə çevirir:
“2025-ci il avqustun 8-də keçirilmiş üçtərəfli Zirvə Görüşündə sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması 30 ilə yaxın davam edən qanlı münaqişənin siyasi-diplomatik yolla sona çatmasının əsas dönüş nöqtəsi olub. Bu baxımdan, Əbu-Dabidə təqdim olunan mükafat həm də həmin tarixi qərarın beynəlxalq səviyyədə təsdiqi kimi qəbul edilir.
Son altı ayda münasibətlərin praktik müstəviyə keçməsi – nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması, Ermənistana neft məhsullarının ixracına başlanılması, ticarət əlaqələrinin genişləndirilməsi – sülhün yalnız siyasi bəyanat deyil, real əməkdaşlıq platformasına çevrildiyini göstərir. Qarşılıqlı etimadın məhz iqtisadi və humanitar addımlar vasitəsilə möhkəmlənməsi dayanıqlı sülhün əsas təminatıdır”.
Vəhdət Partiyasının sədri hesab edir ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması təkcə bir liderin fəaliyyətinə verilən qiymət deyil, həm də müharibədən sülhə keçidin, qarşıdurmadan əməkdaşlığa doğru dönüşün beynəlxalq etirafıdır. Bu isə regionda yeni dövrün – dialoq, sabitlik və birgə inkişaf mərhələsinin başladığını göstərən ən mühüm mesajdır.
Sonda partiya sədri qeyd edib ki, Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın son illərdə apardığı humanist siyasətin, dinlərarası dialoqa və sivilizasiyalararası anlaşmaya verdiyi töhfələrin məntiqi nəticəsidir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi isə regionda yeni siyasi reallığın – sülh mərhələsinin beynəlxalq miqyasda qəbulunun rəmzi kimi dəyərləndirilməlidir.


















