ÇİN RUSİYA VƏ TÜRKİYƏNİ GERİDƏ QOYDU – “Çinin ölkə bazarında nüfuzu artır”

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın idxal əməliyyatları apardığı ölkələr siyahısında Çin Rusiyanı üstələyərək birinci sıraya yüksəlib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hazırkı dövrdə 2 milyard 500 milyon 605 min dollar dəyərində idxal göstəricisi ilə Çin siyahıda birinci yerdədir. Çinlə olan idxalın həcmi ümumi idxalın 17,64%-ni təşkil edib. 2022-ci illə müqayisədə Azərbaycan Çindən 807 milyon 501 min dollar və ya 47,7% çox məhsul idxal edib.

Qeyd edək ki, Çin idxalda əsas ölkələr siyahısında ötən il üçüncü yerdə idi. Hazırda Rusiya siyahıda ikinci, Türkiyə isə üçüncü yerdə qərarlaşıb. Rusiyadan 2 milyard 482 milyon 15 min dollarlıq (ümumi idxalın 17,51%-ni təşkil edib), Türkiyədən isə 1 milyard 908 milyon 189 min dollarlıq (ümumi idxalın 13,46%-ni təşkil edib) məhsul idxal olunub. Digər əsas idxal ölkələri isə – Almaniya, Türkmənistan, ABŞ, İran, Fransa, Yaponiya, Koreya Respublikası, İtaliya, Böyük Britaniya, Belarus, Braziliya və Qazaxıstan olub.

Xatırladaq ki, keçən ilki cədvələ əsasən Rusiya birinci yerdə, Türkiyə isə ikinci yerdə idi.

Maraqlıdır Çin bir il ərzində necə olub ki, həm Rusiyanı, həm də Türkiyəni geridə qoyaraq Azərbaycanın bir nömrəli idxalçısına çevrilməyi bacarıb?

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika.info”-ya şərhinə bildirib ki, Azərbaycanın idxalında hər zaman 3 ölkə - Rusiya, Türkiyə və Çin arasında rəqabət olub.

Ekspert qeyd edib ki, ötən illə müqayisədə Çin, Rusiya və Türkiyənin idxalında azalma baş verməyib:“Qeyd olunan hər üç ölkənin idxalında artım baş verib. Azərbaycanın Rusiyadan idxalı ötən ilin ilk on ayı ərzində 2 milyard 148 milyon, bu il isə 2 milyard 482 milyon, yəni 16 faiz artıb. Türkiyədə isə ötən il 1 milyard 833 milyon, bu il isə 1 milyard 908 milyon, yəni 4,1 faizlik artım olub. Çindən idxalda isə 47,7 faizlik bir artım qeydə alınıb”.

 

 

X. Kərimli qeyd edir ki, Çindən idxalın artmasının bir neçə səbəbi var: “Birincisi, konteynerlərin qiymətində ucuzlaşma müşahidə edilir. Çində 2020-2021-ci illər ərzində ciddi konteyner problemi var idi. Biz idxal məhsullarını Çin limanlarından gəmi ilə Bəndərəbbas və ya Poti limanlarına, oradan da yük maşınları ilə Azərbaycana gətiririk. Əvvəl bu konteynerlərin qiyməti 5 dəfəyə qədər artmışdı, həm də tapmaq çətin idi. Konteynerlərin baha olması sahibkara sərf etmirdi. Ancaq son bir ildə proses sürətləndi, konteyner ucuzlaşdı və daşıma xərcləri aşağı düşdü. Nəticədə Çindən idxal əlverişli vəziyyətə gəldi.

İkincisi, Çinin ixracatında ləngimələr, azalmalar var. Bu, Çində satış məhsullarının qiymətlərinin aşağı düşməsinə səbəb oldu.

Üçüncüsü, son bir ildə Çinin sənayedə istifadə olunan və hazır məhsullarına tələbat artıb. Məsələn, hazırda elektrik mühərrikli avtomobllərin alışında Çin Azərbaycan bazarında yüksəlişdədi. Əvvəllər biz daha çox Yaponiya, Koreya, Almaniya, ABŞ istehsalı olan avtomobillərə rast gəlirdiksə, indi Çin maşınlarının bazarda sayının artdığını görürük. Həmçinin elektronik cihazlarla bağlı da belə bir artım tempi müşahidə edilir. Əvvəl ABŞ, Avropa markalarına daha çox maraq var idisə, indi Çin smartfonları da bu rəqabətin içərisindədir. Bir sözlə, Çinin sənayesində baş verən inkişaf bu ölkənin yerli bazarda nüfuzunun artmasına səbəb olub”.

E. Bəyməmmədli

“AzPolitika.info”