Yeni açılmış iş yerlərinin çoxu niyə Bakıdadır? - Şərh
2023-cü ilin yanvar-oktyabrında açılmış 60 min 900 iş yerindən 80,4% Bakının payına düşür. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Yeni açılmış iş yerlərinin 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 18,4 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Mərkəzi Aran, 1,4 faizi Şirvan-Salyan, 1,2 faizi Qarabağ, 0,9 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Dağlıq Şirvan, 0,5 faizi isə Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.
"Bu ciddi məsələdir, mən komitə iclaslarında təklif etdim ki, hər bir iqtisadi rayonun (11 iqtisadi rayon var) işlə təmin edilməsi xüsusi prioritet sahə elan edilsin və 2024-2025-ci illərdə rayonlarda iş yerləri açılsın. Elə bir vəziyyət yaranıb ki, iş yerləri olsa da, əhali rayondan gələrək Bakıda işləməyə məcbur qalır. Bu səbəbdən bizim üçün prioritet sahələrdən biri rayonlarda iş yerinin açılmasıdır. Son illərdə İqtisadiyyat Nazirliyi qeyri-neft sektorunun inkişafı ilə əlaqədar böyük işlər görüb. Düzdür, Sumqayıtda 12 minə yaxın iş yeri, Sənaye parkları açıblar, o sıradan rayonlarda parklar açıblar burada müəyyən qədər iş yerləri var. Hazırda da Cəbrayılda, Ağdamda Sənaye Parkları acırlar, lakin bunlar kifayət deyil.
Hər rayonun spesfikasına uyğun olaraq burada iş yerləri açılmalıdır. Quba-Xaçmaz rayonu meyvə tərəvəz regionudur. Burada faktiki olaraq emal müəssisələri yoxdur. Ona görə emal müəssisələri, sənaye obyektləri açmaq lazımdır. Bu regionda həmçinin normal süd emalı zavodu yoxdur. Niyə olmamalıdır? İnsanların heyvanları var, kifayət qədər heyvan, mal-qara saxlayan insan var. Bu təkliflər artıq var, İqtisadiyyat Nazirliyi də bu istiqamətdə işlər görür”, - o əlavə edib.
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli hesab edir ki, Azərbaycan höküməti iqtisadiyyatda yaranan disbalansı aradan qaldırmaq istiqamətində işlər görmür.
"Bakıda daha çox yeni iş yerlərinin açılmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəb bundan ibarətdir ki, Bakı əvvəldən neft sənaye mərkəzidir. Azərbaycanın əsas sənayesi də neft sənayesi üzərində qurulub. Bizim ixracatımızın 70-80%-i neft və neft məhsullarındandır. Bu Bakını daha cəlbedici göstərir. Digər tərəfdən Azərbaycan höküməti neftdən gələn gəlirlərdən iqtisadiyyatın genişləndirilməsi üçün istifadə edir. Çox təəssüflər olsun ki, yeni iş yerlərinin daha çox açılması Bakı, Sumqayıt şəhərlərində, Xırdalanda reallaşdırılır. Sumqayıtdakı Sənaye Parkı Yevlaxda, Bərdə də açıla bilərdi. Qaradağ Sement Zavodu 60 ildir fəaliyyət göstərir. Onun modernləşməsi və yeni zavodun tikintisi yenə həmin yerdə reallaşdırıldı, lakin bu Daşkəsəndə açıla bilərdi. Bu gün Azərbaycan höküməti iqtisadiyyatda yaranan disbalansı aradan qaldırmaq istiqamətində demək olar ki, işlər görmür. Yalnız bu son vaxtlar işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı bir sıra regionlarda iş yerlərinin açılmasına nəzarət edilir”, - o əlavə edib.
İqtisadçı bildirir ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinə şərait yaradılmalıdır.
"Açılan 60 min iş yeri məzmununa diqqət yetirsək, görərik ki, onlar hamısı sosial, yəni xidmətə bağlı olan işlərdir. Əhalinin böyük əksəriyyəti xidmətə ehtiyacı olan ərazi kimi Bakı və Abşeron yarımadasındadır. Açılmış iş yerlərinin çox hissəsi hökümətin, çox az hissəsi isə özəl sektorun payına düşür. Hökümətin açdığı iş yerləri də büdcədən maliyyələşir. Əslində Azərbaycan höküməti iş yerlərinin açılmasında fərqli düşüncə ortaya qoymalıdır. Bu gün biz sahibkarlıq fəaliyyətinə geniş şərait yaratmalıyıq ki, sahibkar iş yeri açsın. Azərbaycanda hökümətin iş yeri açması məhdud məsələdir, yəni büdcənin imkanı nə qədər çatırsa, o qədər iş yeri aça bilər. Büdcədən kənar özəl sektorun fəaliyyətinə şərait yaratsaq, Azərbaycanda bazar iqtisadiyyatı modelini oturuşdursaq, onun bütün qaydalarına əməl etsək, sahibkarlar özləri iş yerləri açar, özəl sektor inkişaf edər, xaricdən sərmaye yatırılar. Bununla da daha çox iş imkanı yaranar və Azərbaycan artıq Avropa vətəndaşı kimi iş yeri imkanına malik olar. Amerikada günü 100 dollara iş hamı üçün əl çatandır, amma ixtisaslı işçilər günə 100 dollar ilə razılaşmır. Orada əmək bazarı inkişaf edib. Bizim problemimiz budur”, - Nəsirli vurğulayıb.
Sədr qeyd edir ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün mülkiyyətə zəmanət qanunla verilsə də, reallıqda da verilməlidir.
"Sahibkarlığın inkişaf etdirilməsi üçün ilk növbədə inhisarçılıq aradan qaldırılmalı, sahibkar kimi fəaliyyət göstərmək istəyən hər kəsə şərait yaradılmalı, qanunların aliliyi, məhkəmələrin müstəqilliyi təmin edilməli, mülkiyyətə zəmanət verilməlidir. Mülkiyyətə zəmanət qanunla verilib, lakin reallıqda da verilməlidir. Bununla sahibkar əmin olmalıdır ki, onun mülkiyyəti toxunulmazdır. Məsələn, İsveçrədə köhnə bir əmlakı hasara alırlar, soruşanda görürsən ki, onillərlə istifadəsiz qalıb, nə özü işlətmir, nə də başqasına vermir, buna baxmayaraq heç kim də ona toxunmur. Bizdə mülk 2 gün sahibsiz qalanda gəlib görürsən ya sökürlər, ya kimsə istifadə edir və s. belə olmaz. Bu anarxiyadır. Sahibkarların xarici ölkələrə üz tutmasının səbəbi dövlətə etibar etməmələridir, çünki onlar düşünürlər ki, burada mülk yaradarlarsa, bir müddət sonra "ilişdirilib” mülkləri əlindən alınacaq.
Məhkəmələr müstəqilliyi ona görə vacibdir ki, sahibkarın hüququ tapdalananda sübut edə bilsin ki, hüququ tapdalanıb və hüquqları bərpa edilsin. Azərbaycanda bunu etmək mümkün deyil. Hazırda məhkəmələr ya sifarişlə işləyir, ya da rüşvətlə. Bu hamımız üçün aydın məsələdir. Bizim köklü problemlərimiz aradan qaldırılsa, Azərbaycan həm yerli, həm xarici sahibkar üçün maraq doğuran ölkəyə çevrilər və qısa müddətdə Avropanın ən öndə gedən ölkələrindən biri olar”, - o deyib.
Noyabrın 4-də Milli Məclisdə Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deputat Jalə Əliyeva regionlarda işsizliyin böyük problemə çevrildiyini deyib.
İyunun 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bir neçə deputat regionlarda iş yerlərinin açılmasının vacibliyini vurğulayıb və bildiriblər ki, rayonlarda iş yerlərinin olmaması hələ də ciddi problem olaraq qalır.