"İkinci çörəyə” ögey münasibət var
Niyə ölkəmizdə keyfiyyətli məhsul yetişdirilmir? Nədən bazarlarda Gədəbəy kartofu tapılmır? Əgər səbəb qiymətdədirsə, niyə Belarus məhsulu daha ucuzdur?
Azərbaycanda aqrar sektorda kartof istehsalının payı hər zaman böyük olub. Bu da ölkədə kartof istehlakının yüksək həddi ilə bağlıdır. Azərbaycan xalqının mətbəxində kartofun əvəzedilməz yeri var: yeməklərimizin çox böyük hissəsi kartofla bişirilir. Təsadüfi deyil ki, kartofu ölkəmizdə “ikinci çörək” adlandırırlar. Lakin son günlər mətbuatda paylaşılan məlumata görə, Azərbaycan Belarusdan kartof alışını 100 dəfə artırıb. Üstəlik, yerli kartofun qiyməti idxal olunandan nisbətən bahadır. Kartofun qiyməti, hardan gətirildiyindən asılı olaraq, dəyişir. Hazırda bir kiloqramının qiyməti 60 qəpik - 1 manat 50 qəpik arasındadır.
“Kartof - özümüzü 90 faiz təmin edirik. Hesab edirəm ki, bu, qəbuledilməzdir. Özümüzü kartofla 100 faiz təmin etməliyik, ixrac da etməliyik. Ona görə ciddi məşğul olun ki, biz bu boşluğu dolduraq. Kartof istehsalında 35 faiz xarici amil var - yenə də gübrə, dərman”. Bunu 2017-ci ildə Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirmişdi.
Bəs, görəsən, ölkəmizdə münbit şərait varkən, niyə xaricdən kartofu idxal edirik?
Niyə ölkəmizdə keyfiyyətli məhsul yetişdirilmir? Nədən bazarlarda Gədəbəy kartofu tapılmır? Əgər səbəb qiymətdədirsə, niyə Belarus məhsulu daha ucuzdur?
Yerli məhsulun istehsalını artırmaq üçün hansı stimullaşdırıcı tədbirlər görülməlidir?
Bu kimi suallarla Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirliyə müraciət etdim.
O, məsələyə xeyli səbəbin təsir etdiyini söylədi: “Azərbaycanda getdikcə torpaqların deqradasiyaya uğraması, ətraf mühitin çirklənməsi səbəbindən bütün kənd təsərrüfatı məhsullarının, bitkilərinin məhsuldarlığı aşağı düşür. Bu da ona gətirib çıxardır ki, məhsul istehsalı azalır. Beləliklə, ildən-ilə qıtlıq yaranır. Hazırda Azərbaycan bazarlarında Belarus, İran, Pakistandan gətirilən kartoflar daha çox üstünlük təşkil edir”.
Ekspert hesab edir ki, bunun aradan qaldırılması üçün, digər sahələrə olduğu kimi, kartof və digər kənd təsərrüfatı mənşəli ərzaq məhsullarının istehsalına da hökumət dəstək verməlidir. Fermerlərin kreditə çıxışı asanlaşdırılmalı, güzəştlər tətbiq olunmalıdır.
A.Nəsirli təəssüflə qeyd etdi ki, kənd təsərrüfatı sahəsində kartof istehsalına bir az “ögey” münasibət var: “Belə bir fikir formalaşıb ki, onsuz da Azərbaycanda kifayət qədər kartof əkilir. Çünki bu, azsaylı məhsullardan biri idi ki, yerli kartof ölkə tələbatının 80-90, bəzən də 100 faizini ödəyirdi. Amma baxımsızlıq üzündən artıq bu il kartof ilə özümüzü belə tam təmin edə bilmədik”.
Günel RAFAYILQIZI