Əlillərin güzəşt və üstünlükləri nədən ibarətdir?
Əlil və ya məhdud əmək qabiliyyətli şəxslərin əmək hüquqlarını qorumalı və ya nəzarət etməli olan qurumlar çoxdur: əlillərin özü, əlil təşkilatları, işəgötürənlər, əmək qanunvericiliyində ictimai nəzarəti həyata keçirən Həmkarlar Təşkilatı, bu sahədə dövlət nəzarətini həyata keçirən - Dövlət Əmək Müfəttişliyi Xidməti və sair. Lakin, praktika - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına edilən müraciətlər də sübut edir ki, əlil olan şəxslərin bir çox əmək hüquqları pozulur və pozulmaqda davam edir. Halbuki:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə əlil və ya məhdud əmək qabiliyyətli digər şəxslər üçün bir çox güzəşt və təminatlar nəzərdə tutulub. Əsas məqsəd də əlil olan şəxslərin digər şəxslərlə bərabər əmək və ya məşğulluq hüququnu təmin etməkdir. Bu şəxslər üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində əsasən aşağıdakı hüquq və təminatlar nəzərdə tutulur:
1. AR-nın Əmək Məcəlləsinə əsasən: əlilliyi olan şəxslərə və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və digər əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
2. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa və Əmək Məcəlləsinə uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək - işəgötürənin əsas vəzifələrindən biridir.
3. İşçilərinin sayı 100-dən çox olan idarə və müəssisələrdə işçilərin orta illik siyahısayının 2,5 faizi əlilliyi olan şəxslər, o cümlədən də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmaqla kvota nəzərdə tutulmuşdur, yəni, güzəştli şərtlərlə işə qəbul olunmaqla.
4. Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti - 42 təqvim günündən az olmayaraq verilir.
5. Əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
6. İşçinin səhhəti və ya əlilliyi ilə əlaqədar, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.
7. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda əlil olan şəxslərin işdə saxlanmasına üstünlük verir.
8.Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.
9. İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.
10. Sağlamlıqları, bilik və bacarıqları imkan verdi halda əlillərin vəzifədə irəli çəkilmək və ya başqa işlə təmin olunmaq hüququ vardır.
11. Əmək müqaviləsi, Kollektiv müqavilə və ya Müəssisənin daxili normativ hüquq xarakterli aktları ilə əlillər üçün əmək haqqı, maddi yardım, iş vaxt və s. sahələrdə digər güzəşt və təminatlar nəzərdə tutula bilər.
12. Əlillərin ağır, təhlükəli və zərərli işə cəlb edilməsi qadağandır.
13. Əlillərə qarşı Azərbaycan Respublikasının Əmək Məcəlləsnin tələblıtini pozan, onlar üçün nəzərdə tutulan güzəşt və üstünlükləri təmin etməyən işəgötürənlər maddi, mənəvi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azər Quliyev.