DÜNYA ÖLKƏLƏRİNDƏ ƏHALIYƏ SATILAN TƏBİİ QAZIN QIYMƏTI


Təbii qaz qiymətləri dünyada ən aktual mövzulardan biri olaraq qalır. Qazın istehlakından və tədarükündən asılılıq, bu təbii yanacağın qiyməti son illər dünyada, xüsusilə də bir çox Avropa ölkələrində mühüm iqtisadi və siyasi reallıqlar doğurur. Əksər ölkələrdə qazın qiyməti son istehlakçılar üçün mübadilə və müqavilə göstəricilərindən əhəmiyyətli dərəcədə kənara çıxır. Bəzi yerlərdə qiymət onları əhəmiyyətli dərəcədə üstələsə də, bəzilərində bazar səviyyəsindən aşağıdır. Nəticədə istehlakçıların ödədiyi qiymətlər arasında böyük fərqlər yaranır.
Bu baxımdan qaz istehlak edən mülki əhalini iki kateqoriyaya ayırmaq olar. Neft-qaz hasil edən ölkələrdə yaşayan və bu məhsulları xaricdən idxal edən əhaliyə. Aydın məsələdir ki, neft-qaz çıxaran ölkə bu məhsulla ilk növbədə öz əhalisini təmin etməli, artıq qalanını satmalıdır. Satış qiymətləri ölkə vətəndaşları üçün daha ucuz olmaqla yanaşı, həm də onların gəlirləri ilə uyğunluq təşkil etməlidir.
Ancaq bəzən əksini də müşahidə etmək mümkündür. Baxırsan ki, dövlətin əhaliyə satdığı qazın qiyməti həm xaricə satılandan bahadır, həm də orta aylıq əmək haqqına adekvat deyil. Dolayısı ilə əhalinin əksəriyyəti gəlirlərinin əhəmiyyətli hissəsini həyati əhəmiyyəti yüksək olan yanacağa, xüsüsilə də qaz almağa xərcləyir.
Gəlin görək, bu məsələdə Azərbaycanda durum necədir və dünya ölkələrindən, xüsusilə də, çoğrafi və iqtisadi-siyasi baxımdan bizə yaxın, neft-qaz hasil edən və satan ölkələrdən nə ilə fərqlənirik? Hansı üstün cəhətlərimiz və minuslarımız var.
Əvvəlcə hazırda MDB məkanında yerləşən 12 postsovet ölkəsindəki illik qaz hasılatını, əhalinin orta aylıq əmək haqqını və ona satılan qazın qiymətini nəzərdən keçirməklə müəyyən təsəvvür əldə etməyə çalışaq.
Cədvəldən gördüyümüz kimi, MDB ölkələri arasında əhaliyə ən ucuz qazı Rusiyadan sonra ən böyük təbii qaz hasilatçısı olan Türkmənistan (ildə 78,3 milyard kub metr) satır – bizim pulla cəmi 1 qəpiyə. Bu ölkədə orta aylıq əmək haqqı 320 dollardır, yəni bizdən 26 dollar az.
Onun ardınca Qazaxıstan gəlir. Bu ölkə təbii qazı öz vətəndaşlarına 4 qəpiyə satır. Ölkənin illik qaz hasilatı 26 milyard kub metr, əhalisinin orta aylıq məvacibi isə 486 dollardır. Gördüyümüz kimi, Azərbaycandan xeyli az qaz istehsal etsə də, onu öz əhalisinə daha ucuz qiymətə satır. Üstəlik, bu ölkədə orta aylıq əmək haqqı da bizdən 40 dollar yüksəkdir.
Nə qədər qəribə olsa da, təbii qazı öz vətəndaşlarına ucuz qiymətə satmaqda 3-cü yeri hazırda müharibə vəziyyətində olan Ukrayna tutur. Bu ölkədə qazın qiyməti 6 qəpikdən bir qədər bahadır. Qaz hasilatı Azərbaycandan iki dəfə az, əhalisinin orta aylıq əmək haqqı isə bizdən 14 dollar yüksəkdir.
Sonrakı yeri dünyada qaz istehsalı üzrə ABŞ-dan sonra ikinci olan Rusiya (ildə 618,4 milyard kub metr) tutur. Qazprom mavi yanacağı ruslara təxminən 7 qəpiyə satır. Rusiyada orta aylıq məvacib 615 dollardır.
Beşinci yerdə neft və qaz ehtiyatları olmayan, öz ehtiyaclarını Rusiya qazı ilə ödəyən Belarusdur. Bu ölkədə əhaliyə satılan qazın qiyməti təxminən 9 qəpikdir. Orta aylıq əmək haqqı isə 545 dollardır.
Özbəkistan qaz ehtiyatlarına görə MDB məkanında 3-cü yeri tutsa da (ildə 48,9 milyard kub metr), bu ölkədə orta aylıq məvacib xeyli aşağıdır (cəmi 184 dollar) və təbii yanacağın kub metrini öz vətəndaşlarına təxminən 10,4 qəpiyə satır.
Qaz yataqları ilə zəngin olmayan Qırğızıstan əhalisinin orta aylıq gəliri də yüksək deyil – 283 dollar. Əsasən Rusiyadan alınan qaz burada əhaliyə 12,3 qəpiyə satılır.
Tacikistanda, deyəsən, yalnız idxal LPG (sıxılmış qaz) istifadə olunur və bu ölkə MDB üzrə ən aşağı orta aylıq əmək haqqı göstəricisinə malikdir. Cəmi 155 dollar.
İllik tələbatının üçdə birinə belə yetməyən təbii qaz ehtiyatlarına malik Moldova əsasən Rusiyadan, qismən də Azərbaycandan idxal etdiyi mavi yanacağı əhaliyə 17,1 qəpiyə satır. Moldovada orta aylıq əmək haqqı 437 dollara bərabərdir, yəni Azərbaycandakından 91 dollar çox.
Qonşu Gürcüstanda da qaz ehtiyatları azdır və ölkənin tələbatı əsaən Azərbaycandan alınan yanacaq hesabına ödənilir. Bununla belə, mavi yanacağın bir kubu əhaliyə xeyli ucuz, təxminən 3,6 qəpiyə satılır.
Ermənistanda da təbii qaz yoxdur və bu ölkə onu İrandan idxal edir. Ona görə də, digər MDB ölkələrinə nisbətən qazı öz əhalisinə daha baha qiymətə, təxminən 18,6 qəpiyə satır. Ancaq bu yenə də Azərbaycandakından ucuzdur. Üstəlik ermənilərin orta aylıq gəliri bizdəkindən 32 dollar çoxdur.
MDB məkanında təbii qazı öz vətəndaşlarına ən baha qiymətə satan ildə 34,1 milyard kub metr qaz istehsal edən Azərbaycandır. Azəriqaz təbii yanacağı bizə orta hesabla 19 qəpiyə satır. Vətəndaşlarımız 1200 kub metrə qədər mavi yanağacın hər kubuna 12 qəpik, 1200 kub metrdən 2500 kub metrə qədər işlətdikdə hər kub metrə 20 qəpik, 2500 kub metrdən artıq sərfiyyatın hər kub metrinə isə 25 qəpik ödəyirlər. Orda hesabla 19 qəpik. (12+20+25):3=19.
Onu da nəzərə alaq ki, 1200 kub metr qaz mütləq əksəriyyətin, 2500 kub metr isə əksəriyyətin illik tələbatını ödəmir. Vətəndaşların böyük əksəriyyəti hər 4 aydan bir qazın qiymətini daha yüksək tariflə ödəməyə məcbur olurlar.
Orta aylıq əmək haqqı Azərbaycanda 346 dollardır. Bu göstərici Tacikistandan (155 dollar) Özbəkistandan (184 dollar), Qırğızıstandan (283 dollar),Türkmənistandan (320 dollar) yüksək, Rusiyadan (615 dollar), Belarusdan (545 dollar), Qazaxıstandan (486 dollar), Ukraynadan (460 dollar), Gürcüstandan (458 dollar), Moldovadan (437 dollar) və Ermənistandan (378 dollar) aşağıdır.
Aparılan araşdırmalara görə, dünyada təbii qazın əhaliyə ən ucuz satıldığı ölkə İrandır. İslam respublikasında da qazın qiyməti təxminən Türkmənistanla eynidir, yaxud cüzi dərəcədə ucuzdir, yəni 1 kub metri, Azərbaycan valyutası ilə 1 qəpikdən ucuz. Xatırladım ki, İran təbii qaz hasilatına görə, dünyada ABŞ və Rusiyadan sonra üçüncü yeri tutur. OPEK-in məlumatına görə, onun illik qaz hasilatı 262,4 milyard kub metrdir. Bu ölkədə orta aylıq əmək haqqı 420 dollardır.
Dünyada qazı öz əhalisinə ən baha qiymətə satan dövlət İsveçdir. Bu ölkədə bir kub metr təbii qazın qiyməti nə az, nə çox, düz 2,56 dollar, orta aylıq əmək haqqı isə 2893 dollardır. İsveç qaz istehsal etmir.
2022-ci ildə qardaş Türkiyədə əhaliyə satılan təbii qazın 1 kub metri 0,11 dollar olub, yəni təxminən bizdəki kimi – 19 qəpiyə. Ancaq Türkiyədə qaz hasilatı yoxdur və onu Rusiyadan alır. Orta aylıq əmək haqqı bu ölkədə 961 dollardır.
Qaz istehsalı üzrə dünya lideri olan ABŞ-da təbii qaz əhaliyə təxminən 0,27 dollara satılır. Azərbaycan manatına çevirəndə 46 qəpik edir. ABŞ-da orta aylıq əmək haqqı 3921 dollardır.

Nadir Quliyev, "Təşəbbüs" Vətəndaş Pıatformasının üzvü