ATAMIN DOĞUM GÜNÜ (atamın əziz xatirəsinə)
Bu gün atamın doğum günüdür. Dekabrın 27-si. Atam heç vaxt doğum gününü qeyd etməz, bu haqda danışmazdı...
Yadımdadır, uşaq vaxtı hər dəfə mən, bacılarım ondan “papa, sənin ad günün haçandır?” soruşanda deyirdi ki, nə bilim, pasportumda dekabrın 27-sı yazıblar, amma bunun dəqiq olub-olmadığını bilmirəm...
Biz bunu anlamazdıq. Necə yəni dəqiq deyil, sənəddə belə yazıblar...
Nədənsə həmin günə heç bir önəm verməzdi. Adi günlərdə olduğu kimi, anam bir qazan yemək bişirər, süfrə başına toplaşıb birlikdə yeyər, sonra da çay içərdik.
Atam içki içən deyildi, xoşlamırdı nəsə. Arada içən qonağımız gələndə yarım qədəhi ilə onu axıracan yola verir, qonaqlar hər dəfə içəndə o da qədəhini toqquşdurub sadəcə dodaqlarına toxundururdu. Bununla belə, gecəni narahat yatar, tez-tez yatağından qalxıb, su içərdi. Sonralar, bir az yaşa dolanda dodağına toxundurmağı da dayandırdı. Yəni qonaqlar içir-içsin də, bundan mənə nə.
Çox zaman atamın ad gününü heç xatırlamazdıq da, üstündən bir neçə gün keçdikdən sonra yada düşərdi. Anamın da belə şeylərə xüsusi həvəsi olmadığından atamın yaşının üstünə gələn yaş qeyd olunmazdı. Bəlkə də heç özünün də yadına düşməzdi, amma düşsə də xatırladan deyildi. Məncə, atam belə şeyləri özünə ar bilirdi, fəqət bu haqda heç nə danışmazdı.
Bacılarım bir az böyüdükdən sonra bunu ona xatırladanda deyirdi ki, üç-dörd gündən sonra Yeni İl bayramıdır, onda birlikdə qeyd edərik. Atam bu bayramı çox sevərdi, hətta hər dəfə şampan da alırdı və köhnə il tamam olanda “partladıb” badələri doldurur, bizə də verirdi. Dadından xoşumuz gəlməsə də, partlamasını xoşlayır və üz-gözümüzü turşuda-turşuda bir-iki qurtum içirdik.
Bu bayramda atamla aramızda televizor kanalı uğrunda əməlli-başlı mübarizə gedirdi. Anam daha çox mətbəxdə olduğundan televizor-filan yadına düşmürdü. Amma biz kanalın Bakıda, atamsa Moskvada olmasını istəyirdi. Atam nədənsə dövrün azərbaycanlı müğənnilərini və aktyorlarını xoşlamırdı. Onun sevdiyi Bülbül, Yaqub Məmmədov, Süleyman Abdullayev, Lütfəli Abdullayev, Ağasadıq Gəraybəyli, Məmmədsadıq Nuriyev, Bəşir Səfəroğlu Bakıdan verilən proqramlarda çıxış etmirdilər. Çünki bir qismi artıq ölmüş, bir qismi də daha çox radioda çıxış edir və televiziya verilişlərində görünmürdülər. Odur ki, mərkəzi televiziyadan Arkadi Raykinə, Gennadi Xazanova, Oleq Popova baxmağı, Lyudmila Zıkinanı, Lev Leşşenkonu, Alla Puqaçovanı dinləməyi xoşlayırdı. Raykinə və Xazanova baxarkən bəzən gözləri yaşaranacan gülərdi...
Bizsə heç nə anlamazdıq. Bunu görən atam sakitcə otaqdan çıxar və haradasa bir saat, saat yarım geri qayıtmazdı. Gedib həyətdə nəyisə təmir edər, dəmir-dümürləri ilə qurdalanardı. Biz də fürsətdən istifadə edib, dərhal kanalı dəyişər, öz sevimli aktyor və müğənnilərimizə – Arif Quliyevə, Hacıbaba Bağırova, Siyavuş Aslana, Nəsibə Zeynalovaya, Yaşar Nuriyevə, İlham Əhmədova, Flora Kərimovaya, Məmmədbağıra, Brilyanta, Aygünə və digərlərinə tamaşa edərdik...
Atamın pasportunda onun təvəllüd tarixi 1940-cı il, dekabrın 27-si göstərilmişdi. Amma özü deyirdi ki, 1937-ci ildə qışda İmişlinin Qaralar kəndində anadan olub və qırxı çıxmamış onları Qazaxıstana sürgün ediblər. Atam qundaq körpəsi kimi yük vaqonunda bir aya yaxın yol gedib. Deyirdi ki, onlar əslində “kulak”, yəni “qolçomaq” olmayıblar. Pöyrüz (sənəddə Feyruz idi, ancaq nənəm Pöyrüz deyərdi) babamın bir az mal-heyvanı varmış və qəssablıq edərmiş. Amma onları rüşvət verən kiminsə əvəzinə “iranlı” kimi “qulaqlığa” basıblar və haraylarını eşidən olmayıb... Xalqımız üçün tanış, xarakterik haldır, elə deyilmi?..
Babam İmişlinin Qaralar kəndinə Biləsuvardan gəlib. Götürüb qaçdığı nənəmin davakar və aqressiv qardaşlarının və əmisi oğlanlarının əlindən bütün ailəsi (anası, bacısı və arvadı) ilə birlikdə İmişliyə pənah gətirib.
Atam bunlar haqda çox danışmağı xoşlamazdı, amma hərdən nəsə dərdi təzələnirdi, ürəyi açılırdi elə bil, xüsusilə də, nəyəsə, kiməsə hirslənəndə bəzi şeylər deyirdi. Atasını çox erkən itirmişdi. Babam sürgün olunduqdan bir neçə il sonra Qazaxıstanın Cambul Vilayətinin Çu rayonunda tif (yatalaq) xəstəliyinə tutularaq ölmüşdü. Atam onu güclə xatırlayırdı. Amma neçə yaşında olduğunu deyə bilmirdi. Təxminən 5-6 yaşı olarmış...
Babam öləndə atamgil üç qardaş, bir bacı olublar: atam Ədilağa, əmilərim Bayramağa və Səfərağa, bibim Gülsənəm. Atamın Surahı adlı nənəsi və Xansənəm adında subay bibisi də onlarla birlikdə yaşayırlarmış. Bir middətdən sonra Səfərağa və Gülsənəm də xəstəlikdən tələf olublar. Atamın məktəb yaşı çatsa da, vaxtında dərsə gedə bilməyib. Çünki kəndin quzularını otarır, heyvan sahiblərinin verdiyi süd-qatıqla dolanırlarmış. Özlərinin də bir miqdar mal-heyvanı varmış. Atam nədənsə həmişə “quzularını” deyirdi, heç vaxt “qoyunlarını” deməzdi. Vəziyyətin çətinliyi nənəmin ərə getməsi zərurətini doğurub. Kəndin ağsaqqalları, qohumlar dul qalmış nənəmin arvadı ölmüş Əliş adlı mömin kişiyə ərə getməsini məsləhət biliblər. Əliş kişi bəy nəslindən və nisbətən imkanlı adam imiş. Yeganə oğlu müharibədə həlak olmuş, arvadı da onun dərdinə dözə bilməyib dünyadan köçmüşdü. Üç qızı vardı. Sonradan mənim ögey bibilərim olacaqdılar.
Ancaq atamın nənəsi mənim nənəmin ərə getməsinə razı olmur. Atamla əmimi də verməyəcəyini bəyan edir və dediyini edir. Nənəm özündən yaşca xeyli böyük (30 yaşdan çox) Əliş kişiyə ərə gedir və onun evinə köçür, ancaq atam və əmim onunla getmirlər. Nənəm nə qədər yalvarsa da, yeni ərini dəfələrlə onların ardınca göndərsə də, özü də gəlib ağlasa da, atamgil getmirlər və nənələri, bibiləri ilə birlikdə öz kasıb komalarında yaşayırlar. Atam kəndin quzularını otarmağa davam edir...
Atamın həmişə böyük sevgi və məmnuniyyət hissi ilə yad etdiyi nənəsi və bibisi də bir müddətdən sonra yatalağa tutularaq dünyadan köçürlər. O vaxt atamın təxminən 10-11, əmim Bayramın isə 8-9 yaşı olub. Kimsəsiz qalan uşaqlar məcburən, el-obanın təkidi ilə analarının təklifini və Əliş kişinin himayəsini qəbul ediblər. O vaxt nənəm gənc olsa da (20-25 yaş arası) Əliş kişidən uşağı olmayıb...
Atam danışırdı ki, məktəbə 12 yaşında gedib. Özündən yaşca xeyli kiçik uşaqlarla birlikdə oxumasından çox utanırmış...
Atamgil sürgündən 1953-ci ildə, Stalinin ölümündən sonra qayıdıb, İmişli stansiyasında məskunlaşıblar. Onlara 11 sot torpaq verilib, bir koma qaraldaraq yaşayıb, işləyiblər. Əsgərliyə gedənə qədər müxtəlif işlərdə işləyərək, əkin əkərək başlarını saxlayıblar.
1958-ci ilə atamı əsgər aparıblar. Qorki şəhərində 3 il qulluq edib. Rusca yaxşı bildiyi və intizamlı olduğu üçün onu kommunist partiyası sıralarına qəbul ediblər, tərxis olunarkən kiçik leytenant zabit rütbəsi veriblər. Bununla da atama dövlət aparatında və milis sistemində işləmək üçün yol açılıb.
Əliş kişi avam və mömin müsəlman idi. Eyni zamanda, çox səbrli və sakit bir adam idi. Heç vaxt əsəbləşməz, səsini qaldırmazdı. Hər gün uca səslə Quran oxuyur, daim namazını qılır, orucunu tuturdu. Camaat gəlib ona öz ölüləri üçün Yasin oxutdurur, bəzən pul verənlər də olurdu.
Atamdan fərqli olaraq Əliş babam yerli adam olduğundan rayonumuzda qohum-əqrəbası da çox idi. Deyilənə görə, Məzrəli kəndindəki Bayramlı tirəsinin əsasını qoyan Bayram bəyin nəvəsi idi. Soyadı da Bayramov idi.
Atam gülərüz, zarafatcıl olsa da, bir qədər sərt xarakterli idi, mən onun heç vaxt Əliş kişiyə “ata”, yaxud “dədə” dediyini eşitmədim. Atam anasını da ölənəcən normal danışdırmadı. Görünür, ikinci dəfə ərə getməsini ona heç vaxt bağışlamadı. Ancaq bu barədə heç vaxt nəsə deməzdi. Atamın atalığına və anasına münasibəti o qədər də ciddi deyildi, yəni onları ciddi adamlar saymır, onlarla heç vaxt ciddi söhbətlər eləmirdi. Sadəcə bəzən onlara acıqlanır, danlayır, məzəmmətedici nəsə deyirdi. Onlar da heç vaxt ona cavab qaytarmazdılar.
Əliş babam ögey olsa da, atama qarşı çox yaxşı olmuşdu. Əsgərlikdən gələndən az sonra rayondakı imkanlı qohumlarından birinin qızına atam üçün elçi düşmüş, ancaq qızı verməmişdilər. Həmin adam babama demişdi ki, məndə yetimə veriləsi qız yoxdur. Babam bu haqda bir məclisdə danışıb, giley-güzar edəndə Bakıda yaşayan əmisi nəvəsi, yəni digər babam, anamın atası ona ürək-dirək vermək üçün deyir ki, fikir eləmə, əmi, qız məndə. Bakıda yaşayan babam yeyib-içən “zavmaq” idi, bu sözü deyəndə də deyəsən, kefli olubmuş. Amma Əliş babam təsəlli üçün deyilən bu ötəri kəlmədən möhkəm yapışaraq, bir müddətdən sonra Bakıya elçiliyə gedir. Ədil babam (atamla ana babam adaşdırlar) deyir ki, əmi, mənim qızım hələ uşaqdır, məktəbə gedir, mən o sözü sənin könlünü almaq üçün zarafata demişəm. Ancaq kişi əl çəkmir ki, Quran oxuyan, namaz qılan adamam, durub oradan-bura gəlmişəm, məni əliboş qaytarma, Allaha xoş getməz...
Ədil babam araq içən olsa da, Allahın adını heç vaxt unutmaz, hər dəfə rumkasını dodaqlarına yaxınlaşdıranda “Allah, keç günahımdan” deyən bir adam idi. Odur ki, qızını rayona vermək istəməyən nənəmin ciddi etirazına baxmayaraq, Əliş kişini əliboş yola salmır. Atam 29 yaşında özündən 11 yaş kiçik şəhər qızı ilə evlənir.
Babamın öz şəhərli qızını yetimin və “kəndçinin” birinə, həm də erkən yaşda ərə verməsində, məncə, onun öz marağı da olub. Çünki babam sonralar həmişə deyərdi ki, şəhərlilər mənim kimi pyanıska və arvadbaz olurlar. O, qızını şəhərliyə verib, “bədbəxt” etmək istəməyib. Eyni zamanda, atam ucaboy, yaraşıqlı, o vaxtın trendinə uyğun olaraq rusca yaxşı danışan, tərbiyəli, perspektivli bir gənc olub. Anam onu çox bəyənir, yaraşıqlı olmasıyla fəxr edirdi. Aralarındakı 11 illik fərq onlara heç bir problem yaratmayıb. Altı uşaq (beşi qız) böyüdüb, hamısını yerbəyer edə biliblər.
Çox keçmədən babam şəxsi əlaqələrindən istifadə edərək, İmişli rayon icraiyyə komitəsində kargüzar işləyən atamı İmişli DİŞ Mühafizə Bölməsinin rəisi vəzifəsinə keçməsinə nail olur. Sonralar atam Mərdəkandakı Milis Məktəbində (indiki Polis Akademiyası) də qiyabi oxuyur. O zaman artıq mən məktəbə gedirdim. O, karyerist deyildi, tutduğu vəzifə onu artıqlaması ilə qane edirdi. Hətta bu vəzifədən belə yorulur, şikayətlənirdi. Pis adamlar onu çox əsəbləşdirirdilər. Deyirdi ki, gərək dövlət işinə getməyəydim, usta, sənətkar-filan olaydım...
Atamın səhv düşündüyünü sonralar anladım. Çünki o xarakterdə, həqiqətsevər, ədalətpərəst, haqqını tələb edən bir insanı rahat ustalıq etməyə də qoymazdılar. Gərək vəzifəsində də yuxarıya can ataydı, çünki irəliyə getmək istəməyəni yerində qalmağa qoymazlar. Gərək daim hücumda olasan, zira hücum ən yaxşı müdafiədir.
Bəli, qurdlar atamın o kiçik vəzifəsini də ona çox gördülər. Çünki rüşvətxor, alan, verən, yeyən, yedizdirən deyildi. O, qulluq göstərməyi bacarmırdı. Bəzən babam Bakıdan zəng vurub, onu rayonumuza yeni gələn rəisə tapşırtdırdığını, onunla ünsiyyət qurmasını, ona qulluq göstərməsini, kömək etməsini məsləhət görərdi. Atam əvvəlcə can-başla razı olsa da, yeni gələn rəisə müəyyən qulluq, köməklik göstərsə də, günlərin bir günü evə əsəbindən sapsarı saralmış halda gəlirdi. Anam ondan “nə olub” soruşanda, təzə rəisi də, bütün milis sistemini də, höküməti də, partiyanı da söyüb-biabır edirdi. Deyirdi ki, bunların yuxarıdan qorxuları olmasa, nələr edərlər... Biz qorxurduq, ancaq məhz nə baş verdiyini bilmirdik. Çünki yanımızda açıq danışmazdı, anama da məncə heç nə demirdi. Desəydi, sonralar eşitmiş olardım. Sonralar babamla görüşəndə və söz düşəndə deyirdi ki, əmoğlu, sənin bu adamın quldurun, əxlaqsızın biridir...
Amma təəssüf ki, bu ölkədə başqa cür mümkün deyil. Vəzifələri əsasən o cür adamlara verirlər. Yəqin ki, elə başqa ölkələrdə də belədir. Drayzer öz əsərlərində ABŞ məmurlarının mənəvi-əxlaqi keyfiyyətlərini əla açıb. Sadəcə, bizdə bir az formalar ibtidai, kobuddur...
O, bu həyatda 67 il yaşadı. Son 7 ili xəstə oldu. Şəkəri vardı, 45 yaşında, mən əsgərlikdə olanda infarkt keçirmişdi. Son vaxtlar ayağında qanqrena əmələ gəlmişdi... Biz onun sağalması və yaşaması üçün çox çalışdıq və müəyyən nəticələrə nail olduq. Ancaq hər şeyi edə bilmədik. Əgər sosial problemlər, maddi çətinliklər olmasaydı, elə həmin xəstəliklərlə daha çox yaşaya bilərdi. Əgər mütəmadi olaraq normal müalicə alsaydı, bizimlə bir az da birlikdə olardı. Onu işığın həddən artıq tez-tez sönməsi (o zaman vəziyyət daha pis idi), kasıblıq, soyuq, müalicəsizlik, vicdansız həkimlər, pis adamlar çox əsəbləşdirirdilər. Hər şeyi ürəyinə salan adamın ürəyi çox tab gətirə bilməzdi...
Ölümündən bir həftə qabaq DİN hospitalındakı vicdansız, rüşvətxor, ermənisifət bir həkim onu bərk qəzəbləndirmişdi. Həkimlə danışdım, sırf mənfəətpərəst, həkimliklə tacirliyi bir-birindən ayırmayan alver adamı idi. Atamınsa belələrindən həmişə zəhləsi getmişdi. Atama bir az səbrli olmasını məsləhət gördüm ki, baxaq görək neynirik. O zaman atamın oğlu nazir işləyən keçmiş bir iş yoldaşı, dostu vardı. Ona zəng vurmağa məcbur etdim ki, oğlundan atamı tapşırmasını xahiş etsin. Çünki AXC hakimiyyətdə olanda hər gün atama zəng vurur, məni xəbər alırdı. Dedim, ona zəng vur de ki, oğlu hospitalın baş həkiminə səni tapşırsın. Bu onun əlində heç nədir. Zəng vurmaq istəmədi, dedi, onlar öz xeyirləri olmayan heç bir şeyi etməzlər. Dedim, axı əvvəllər sənə həmişə zəng vurur, kefini xəbər alırdı. Dedi ki, cəbhə hakimiyyətdəydi və sən də cəbhə üzvüydün, sənin perspektivinə görə zəng vururdu. Dedim, sən də onun kimi ol, oğlu nazirdir, böyük şey istəmirik ki, bir zəngdi də, tapşırsa, burda sənə əla baxacaqlar. Dedi, biz onlar kimi ola bilmərik, oğlum. Amma sözümü yerə salmayıb, zəng vurdu... Ancaq o adam bu dəfə atamla həqiqətən çox soyuq danışdı, dedi ki, oğlunun DİN hospitalı ilə heç bir əlaqəsi yoxdur... Sözü yerə düşən və bundan sonra daha da ruhdan düşən atam mən hospitaldan çıxan kimi, şeylərini yığışdıraraq getmişdi rayona evə. Bir neçə gündən sonra ardınca gedib, dedim ki, Bakıda geniş ev kirayələyib, gəlib onları da aparacağam (daha əvvəl rayondakı evimizi xarici şirkətə kirayəyə verərək, belə bir şey etmişdim). Daha əvvəlki tək işıq sönməyəcək, soyuq olmayacaq, imkanlaşdırıb, onu özəl xəstəxanaya da qoyacağam. O da bir az möhkəm olmalıdır. Məni könülsüz dinlədi və heç nə demədi. Bilirdi ki, imkanım yoxdur. Doğrusu, mən də nə edəcəyimi bilmirdim. Özüm birotaqlı mənzildə kirayədə qalırdım, gəlirim də öz ailəmə güclə çatırdı. Bəzən çatdırıb, kirayə haqqını belə ödəyə bilmirdim. Rayondakı evi satmağa atam razı deyildi. “Ancaq mən öləndən sonra” deyirdi. Qərara gəlmişdim ki, Bakıda ev tutub ata-anamı aparandan sonra, evimizi atamdan gizli satım. Anama da dedim bunu. Başqa yolum yox idi. Düşünürdüm ki, təki vəziyyətdən çıxaq, sonra ona hər şeyi izah edərəm...
Bakıya qayıdıb şəhərdən kənarda, daha ucuz qiymətə və daha geniş yeni kirayə ev axtardığım zaman atamın ölüm xəbəri gəldi. Aradan cəmi 3 gün keçmişdi. O sanki oğlunun niyyətini anlamış, mənə mane olmamaq, həm də evinin satılmasını görməmək üçün bu zalım, fani, yalan dünyanı həmişəlik tərk etmişdi. Bu işdə ona ikinci dəfə keçirdiyi infarkt kömək etmişdi...
Sağ qalsaydı, sənədlə 80, sənədsiz 83 yaşı tamam olacaqdı. Amma yenə də yada salmayacaqdı, qeyd etməyəcəkdi. Uşaqları nəsə bir süfrə-filan açmaq istəsəydilər, deyəcəkdi ki, neynirsiz e, onsuz da üç-dörd gündən sonra Yeni İl gəlir. Qızlarının gətirdiyi hədiyyələrə də toxunmadan gözucu baxacaqdı mənim gözütox, dili bir qədər acı, qəlbi təmiz, haqsevər, niyyəti xoş, qürurlu, sözü ilə əməli bir, ürəyindəki dilində olan, namuslu-qeyrətli, atadan yetim atam...
Doğum günün mübarək, əziz ata! Sən həqiqətən mübarək bir insan idin. Bu dünyada çox çətinliklər gördün, çox əzablara qatlaşdın, ancaq kişi kimi yaşadın. Həmişə ailənlə birlikdə oldun, ona xəyanət etmədin, atana-anana sahib çıxdın, övladlarını bacardığın qədər firavan böyütdün, onlara həm atalıq, həm mühafizəçilik, həm həkimlik, həm müəllimlik etdin, sənin qorxundan, zəhmindən pis adamlar bizə yan belə baxa bilmədilər, xəstəliklər bizdən uzaq qaçdılar. Sən el-obanın da işinə yaradın, vəzifəndən istifadə edərək heç vaxt kimsəni əzmədin, hamıya yaxşılıq etməyə çalışdın və etdin. Mən bu yazıda hər şeyi yazmadım, amma yadımdadır, qapımıza nə qədər adam borc pula gələrdi, sən heç kəsi boş qaytarmazdın. Qaytarmayandan da istəməzdin...
Sən xoşbəxt adamsan. Nə olsun ki, 80-90 il yaşamadın, amma missiyanı yerinə yetirdin və Tanrının əmriylə özün çıxıb getdin. Gözlərin arxada qalmadı. Oğlundan, qızlarından narahat getmədin bu dünyadan. Kimsəyə pislik etmədiyindən peşman da getmədin...
27 dekabr, 2020-ci il
Nadir Quliyev