Valideyinlərə pediyatr məsləhət
Səxavət Əlisoy
"Təşəbbüs" Vətəndaş Cəmiyyəti Platformasının təsisçisi
Uşaqların ibtidai siniflərdə həddən artıq yüklənməsinin tibbi aspektdən hansı fəsadları ola bilər? Zülal aclığı nədir? Şagirdlər orta məktəbin son siniflərində nədən zəif oxuyur? Onlar dəqiq elmləri qavramaqda nədən zorlanır?
Uşaqları məktəbə gedən valideynlərin, xüsusilə, anaların oxuması faydalıdır
Valideynlər üçün uşaqların məktəbə ilk dəfə qədəm qoyduğu gün bir bayram. O günə maddi durumundan, vəzifəsindən, məsləkindən asılı olmayaraq, bütün valideynlər ciddi hazırlıq görür.
Uşaq üçün çanta, dərsliklər, qələm-dəftər, məktəbl forması və sair alınır. Eyni zamanda birinci sinifə gedəcək uşağın sağlamlığı barədə tibbi arayış məktəbə təqdim olunur.
Sonuncu-tibbi arayış üzərində dayanaq.
Məktəbə gedəcək uşağın qeydiyyatda dayandığı poliklinikada bu arayışlar hansı halda verilməlidir?
7 yaşlı uşaq həkim-pediatr tərəfindən ciddi müayinə olunduqdan və o uşağın Mərkəzi Sinir Sistemi başda olmaqla digər həyat üçün zəruri orqan və sistemlərində bir problem olmadığı, üstəgəl laborator müayinələrin cavabları qaneedici olduğu halda arayış təqdim olunmalıdır.
Belə olurmu?
Tam məsuliyyətlə vurğulayıram, bizim toplumun ən azı yüzdə doxsanı üçün sağlamlıq önəm daşımır. Özünün sağlamlığına biganə olan valideyn heç bir vaxt uşaqlarının sağlamlığı barədə ciddi fikirləşə bilməz.
Razılaşmayanlar üçün yazıram, 7 yaşına qədər bir uşaq ən azı 20 dəfə profilaktik məqsədlə poliklinikaya müraciət etməlidir.
Edirmi? Etmir! Çünki valideynlərin bu iş üçün yumşaq dillə desək zamanı olmur.
Elə buradaca, valideynlər, xüsusilə xanımlar məktəbə apardığı uşağını profilaktik məqsədlə neçə dəfə poliklinikaya apardığını düşünsün.
Təkrar yazıram, toplum olaraq öz sağlamlığımıza biganəyik. Səhiyyə mədəniyyətimiz çox aşağıdır. O səbəbdən də profilaktik müayinənin özümüz bir yana, uşaqlarımız üçün əhəmiyyətini dərk edə bilmirik.
Nəticədə nə baş verir?
Birinci sinifə qədəm qoyan uşaqların arasında müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla, yüzlərlə yox, minlərlə uşaq aşkar olunur.
Gedin orta məktəblərin birinin önündə dayanın. Saysız-hesabsız raxit, skolioz, artıq və ya az çəkili nə qədər uşaq görəcəksiniz. Dəri və selikli qişalarından anemiyası bəlli olan, qurd xəstəliklərinə mübtəla uşaqlarımız lap çox gözə dəyir.
Həkim-pediatrlar yəqin ki, razılaşar, iki uşaqdan birində anemiya və qurd xəstəliyi var.
Anemiya nədir? Sadə dildə yazıram. Qanda hemoqlobinin miqdarının az olması o deməkdir ki, baş beyin kifayət miqdarda oksigenlə təmin olunmur. Beyninə yetərincə oksigen daxil olmayan bir uşağın dərsi tam qavraması əsla mümkün deyil.
Qan azlığına rəğmən təzahür edən yorğunluqdan irəli gələn əsnəmələr, revmatizmə görə baş qaldıran oynaq ağrıları, qurd xəstəliklərinin törətdiyi narahatlıqların uşaq psixologiyasına nə qədər ağır təsir etdiyinin fərqindəsinizmi?
O xəstəliklərdən əziyyət çəkən uşaqların tədris olunan dərsləri qavraması problem olduğu halda uşaqların dərsdən sonra hazırlıq üçün müəllim yanına aparılması, rəsm, musiqi dərnəklərinə qoyulması, əlavə dil kurslarına cəlb olunması böyük bir yanlışlıqdı.
Yalnız bizim topluma xasdır, istəyirik ki, 7-10 yaşlı uşaq həm dərslərini yaxşı oxusun, həm də yaxşı şəkil çəksin, musiqi alətlərinin birində ifa etməyi öyrənsin, xarici dil bilsin.
Biz qəsdən yox, bilmədiyimiz üçün uşağa uşaq ömrünü yaşamağa, uşaqlıq mərhələsini normal keçirməyə imkan vermirik.
Uşaq psixoloji travmanı təkcə xəstəliklərə rəğmən almır.
Ailədə durum necədir?
Uşaqların (məktəblilərin) qidalanması nə vəziyyətdədir?
Çox uzun zaman təcrübəsi onu deməyə əsas verir ki, biz hələ də orta əsrlər düşüncəsindən xilas ola bilmirik.
İndi oxuyacağınız cümləni yaddan çıxarmayın. Bizim ailələrin ən az 90 faizində hüzur yoxdur. Yüzlərlə yox, minlərlə ailədə oldum. Hüzur içində, problemsiz yaşayan, həyatın mənasını tam anlayan çox az ailəyə rast gəldim.
İqtisadi durum ailədə hüzuru pozan ən birinci faktor olaraq qalmaqdadır. Cehiz, daş-qaş, geyim faktorlarının da evdə hansı qalmaqallar yaratdığını bilirsiniz. Bu faktorların varlığında evdəki uşağın dərs oxuması çox zor bir işdir. Demək istəmirəm ki, uşaqlarımızı sevmirik. Sevirik və hətta deyərdim ki, həddən artıq çox istəyirik. Amma epidemiya kimi yayılmış “ər-arvad müharibələri” o sevgini heçə endirir. Dava-dalaş, səs-küy uşaq psixologiyasına çox ağır yaralayır. Nəticə o olur ki, uşaq dərs yükünün öhdəsindən gələ bilmir. Qışqırıb bağırmaqla uşağına evdə dərs öyrədənlər unutmasın, bu, yolverilməzdir. Nə qədər səsinizin tonunu artırsanız belə oxuduğu uşağın yaddaşına uzunmüddətli yazılmır. Yaddaşa yazılan ona yaşatdığınız stress olur. Hamar formada olan uşaq beyin yarımkürələrinə ilk düşən izlərin əzabını və ağrısını o uşaq ömrünün sonuna qədər yaşamaq zorunda qalacaq.
Gənc ailələrin psixoliji yardıma daha çox ehtiyacı olduğu bir zamanda yaşayırıq.
Bunlar “xırda şeylərdir” deyib biganəlik göstərmək yanlışdır. Bizdə ailələrin əksəriyyəti uşaqların düzgün qidalanmasından da xəbərsizdi.
Düzgün qidalanma elmi əsaslara söykənən qidalanmadır.
Bu, necə olur?
7-17 yaşlarında uşaq orqanizminin normal yaşaması üçün qəbul etdiyi yağ, zülal, mineral və karbohidrat 2000-3000 kilokaloriyə ekvivalent olmalıdır. Yalnız bu qədər enerji maddələr mübadiləsini- assimlyasiya və dissimlyasiya proseslərini idarə edə bilir.
Digər tərəfdən tələb olunan enerjinin qəbul olunan zülal, yağ və karbohidratın 1:1:4 nisbətinə uyğun olunması gərəkdir.
Çox təəssüf ki, bizim ailələr uşaqların qidalanması zamanı bu nisbətə önəm vermir.
Nəticədə uşaq orqanizminə gərək olan o 2-3 min kkal. enerjinin böyük bir qismini karbohidratlar sayəsində depolayır.
Uşaq orqanizminə yetərli miqdarda yağ, zülal, vitamin və mineral maddələrin daxil olmaması o uşağın qavrama qabiliyyətinin azalması ilə sonuclanır. Belə uşaqlar dəqiq elmlərə maraq göstərmir, özləri etiraf edir ki, oxuduqları yadından tez çıxır. Yetərsiz qidalanma əslində uşağın ac qalmasıdır. Bizdə uşaqların qidalanmasına dair heç bir araşdırma aparılmadığından konkret rəqəmlər ortaya qoymaq mümkün deyil.
40 illik məslək təcrübəsinə isnad edərək, tam məsuliyyətlə demək mümkün ki, orta məktəb dövründə uşaqların qidalanması orqanizmin sağlamlığı üçün yetərli deyil.
Yadda saxlamaq lazımdır ki, uşaq orqanizmi davamlı olaraq zülal, yağ və minerallar qəbul etmirsə, onun immun sistemi zəifləyir.
Hər bir valideyn, xüsusilə analar gün ərzində məktəbli uşağına rəva bildiyi qida rasionunun enerji balansını hesablamağa səy göstərsin, burada elə bir çətinlik yoxdur. O vaxt əmin olacaq ki, uşağın gündəlik enerjisinin 70-80 faizi karbohidratların sayəsində toplanır. Uşaqlarımızı ac saxlamırıq. Amma uşaqlarımızın zülal aclığına məruz qaldığının fərqində deyilik. Zülallarla zəngin ət və balıq məhsullarının orqanizmə davamlı qəbul olunmaması Zülal aclığı ilə sonuclanır. Nəticədə belə uşaqların intellektual səviyyəsi yaşına adekvat olmur. Kartof və makaron məmulatlarının, çörəyin və şirin yeyəcəklərin həddən çox istifadə olunması yolverilməzdir. Karbohidratlar sayəsində toplanan enerji orqanizmin elmlə məşğul olmasına imkan verməməklə yanaşı onun müxtəlif uşaq infeksiyalarına yoluxma riskini də iki-üç dəfə artırır.
Qarşımda 30 il əvvəl Sumqayıt birləşmiş uşaq xəstəxanasında 7-16 yaşlı 1200 uşağın xəstəlik tarixinin araşdırılmasına dair rəqəmlər var.
O vaxt uşaqların xəstələnmə səbəblərini araşdırarkən, ilginc bir faktla qarşılaşdıq. Qanda ümumi zülalın miqdarı 7-16 yaşda 60-80 q/l olur. Başqa sözlə 7-16 yaşında bir uşağın qanının hər litrində 60-80 qram ümumi zülal olur. Ümumi zülalın (sadə dildə yazıram ki, oxuyanlara aydın olsun) orqanizm üçün əlahiddə rolu var. O orqanizmin yaşamasında, fəaliyyətində xüsusi rol oynayır. Orqanizmin bütün sistemləri onun sayəsində fəaliyyətdə olur.
Qanda ümumi zülalın azalması çox ciddi fəsadlar ortaya çıxarır.
30 il əvvəlki araşdırma sayəsində bəlli oldu ki, qanında ümumi zülalın miqdarı normadan 30-50 faiz aşağı olan uşaqlar ildə 4-5 dəfə xəstələnir, xəstəlikləri ağır keçirir və ən başlıcası dərs oxumağa meylli olmur.
Ümumi zülalın qanda miqdarının azalmasının səbəbi nədir?
Səbəblərdən ən önəmlisi uşaqların düzgün qidalanmamasıdır ki, var.
Əminəm ki, bu gün də deyək ki, Pediatriya İnstitutu və ya digər bir səhiyyə qurumu ciddi araşdırma aparsa, anoloji nəticə ortaya qoyar.
Qanında zülal normadan 20-30 faiz az olan uşaq təbii ki, məktəbə gedir, humanitar fənlərə maraq da göstərir, amma dəqiq elmlər onu özünə çəkmir. Doğal olaraq, belə uşaqlar elm yükünü qaldıra bilmir.
Pubertat-cinsi yetişkənlik dövrünə qədər uşaqlar anormal qidalanma və psixoloji sarsıntı ilə dərsləri el dili ilə desək, “birtəhər yola verə bilir”. Cinsi yetişkənlik mərhələsində endokrin sistemdə təzahür olunan ciddi dəyişikliklər “oxumaq-oxumamaq” dilemmasını daha bariz şəkildə sərgiləyir. Anormal psixoloji mühit və anormal qidalanma uşağa “oxuma”, valideynlər isə ona “oxu” əmri verir.
Bu “müharibədə” kimin qalib olduğu ortadadır.
Bütün bunlardan nə hasil olur?
1. Uşaqlarımız üçün münbit psixoloji mühit bərqərar edə bilmirik
2. Onları elmi əsaslarla deyil, körtəbii olaraq qidalandırırıq
3. Uşaqlarımızın sağlamlıq durumuna eynən özümüzdə olduğu kimi önəm vermirik
Bu anormallıqları aradan qaldırmaq üçün nə etməliyik?
1. Öncə “uşaq mütləq ali təhsil almalıdır” şüarından xilas olmalıyıq. Bu şüarın nə qədər yanlış olduğunu hələ də anlamadıqmı? Anlamadıqsa, təkrar-təkrar düşünmək zorundayıq.
2. Səhiyyə mədəniyyətimizi yüksəltməliyik. Orta məktəbin birinci sinfinə tam sağlam uşaq qoya bilmək üçün özümüz maariflənməliyik. Məktəb yaşlı uşağın ən azı ildə iki dəfə profilaktiv məqsədlə tibbi müayinədən keçirilməsinin nə qədər zəruri olduğunu dərk etməliyik. Anlamalıyıq ki, uşaq tam sağlam deyilsə, onu basqı altında oxutmaq, əlavə hazırlıq dərsləri ilə yükləmək olduqca ziyanlıdır. Bu, uşağın psixologiyasına ağır zərbə vurur. Uşağı “çəkə biləcəyi yükün altına” yönləndirmək gərək. İmkan yaratmaq lazımdır ki, uşaq həm də öz uşaq ömrünü yaşasın.
3. Uşaqların qidalanmasına nəhayət ki, elmin ortaya qoyduğu qaydalarla əməl etmək lazımdır. Qidalanma həm də uşağın Mərkəzi Sinir Sisteminin normal inkişafına zəmin yaratmalıdır.
4. Valideynlər uşaq üzərində “diktaturasına” son qoymalıdır. Onunla ünsiyyət, rəftar elə olmalıdır ki, psixologiyası zədə almasın. Valideynlərin daha ciddi bir patoloji düşüncədən xilas olması çox vacibdir. Orta əsr zehniyyətindən xilas olmaq lazımdır. İqtisadi zəmində gərəksiz ailə davalarına son qoyulmalı, nəfsin ötəsinə keçməyi bacarmaq gərəkdir.
5. Ailə planlamasına sivil dünya xüsusi önəm verir. Biz də bunu etməliyik. Sözdə yox, əməldə. Ardarda baş verən hamiləliklər, uşaqlar arasındakı cüzi yaş fərqi, ailə büdcəsinə hesablanmamış uşaq sayı... bütün bunlar mentalitetimiz üçün çətin qəbul edilən olsa da, elmi əsasları var. Uşağı dünyaya gətirəcək ananın psixoloji durumunun normal olması doğulacaq körpənin sağlamlığına müsbət təsir edir. Qadına qarşı şiddət yolverilməzdir. Psixoloji problemli qadın sağlam uşaq doğa bilməz. Bu bir aksiomadır. Bu istiqamətdə ən böyük yük dövlətin çiynində olmalı. Dövlət dünyaya gələcək vətəndaşın sağlam doğulmasında maraqlı olmalıdır. Gender problemi praktik olaraq öz həllini tapmalı və yürüdülən sosial siyasət şüarçılığa deyil, konkret addımlarda öz əksini tapmalıdır.
6. Orta məktəb şagirdlərinin fəsli vitaminizasiyası həyata keçirilməlidir. İbtidai sinif şagirdlərinin gündəlik pulsuz südlə təmin olunması zülal aclığının qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər.
7. Dövlət aztəminatlı ailələrə uşaqların ət və balıq məhsullarının istifadəsini əlçatan etmək üçün xüsusi ət və balıq mağazalar şəbəkəsi açmalıdır. Kuba 50 ildən çoxdur ki, bu praktikadan istifadə edir. Aztəminatlı ailələrə dövlət güzəştli qiymətlərə ət və balıq məhsulları satılır.
8. Həm dövlət, həm də, qeyri-hokumət təşkilatları sağlam həyat tərzinin təşviqi üçün müxtəlif tədbirlər paketi hazırlamalı, KİV-lər, xüsusən, TV-lər əhalinin tibbi aspektdən maariflənməsi üçün davamlı proqramlar yayınlamalıdır.
Toplum olaraq, dünyaya baxışımız dəyişməli. Öncə özümüz çağdaş dünyamızın reallıqlarına adekvat hərəkət etməyi bacarmalıyıq. Yəni, dünyaya, ailəyə, ətrafa olan yanaşmamızı saf-çürük etməliyik. Sadı dillə desək, başımızın dəyişməsinə nail olmalıyıq. Nə qədər ki, buna edə bilmirik, ailədə hüzur olmayacaq. Hüzur olmayan ailədə sağlam uşaq böyütmək çox zor bir iş. Sağlamlığı olmayan uşağın dərs oxuması bir işgəncə. Uşaqları işgəncəyə məruz qoymaq olmaz. Onların sağlamlığına nail olmaq lazımdır. Uşaq sağlamdırsa, yaxşı oxuyacaq, yaxşı övlad olacaq və cəmiyyətə fayda verəcək. Hər şey ailəyə və ailədəki hüzura bağlı...