Bakıda ajiotaj: Ev alanlardan gəlirin mənbəyini tələb etmək qanunidir?

Son vaxtlar daşınmaz əmlak bazarında alıcılar üçün problem yaranıb.

Məlumata görə, alıcılar ev, mənzil, torpaq sahəsi və s. almaq istəyərkən onlardan yazılı deklarasiya tələb olunur. Bakı şəhərindəki bəzi notariuslar 20 000 manatdan yuxarı olan məbləğlərə görə alıcıdan pulun mənbəyini təqdim etməsi üçün sənəd tələb edir. Notarius alıcılara bildirib ki, yanvarın birindən təzə qərar çıxdığı üçün alqı-satqı deklarasiyasız mümkün deyil. 

Maraqlıdır ki, Azərbaycanda alqı-satqı prosesi zamanı deklarasiya varmı? 

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, son günlər daşınmaz əmlak sahəsində, əmlak bazarında və sosial şəbəkələrdə notariuslarda rəsmi deklarasiya tələbi ilə bağlı xəbərlər yayılıb və bu, böyük ajiotaja səbəb olub:

"Təbii ki, Azərbaycanda deklarasiya tələbi yoxdur, amma digər bütün inkişaf etmiş ölkələrdə böyük pul mübadilələri, xüsusilə əmlakların alqı-satqısı zamanı həmin pulun mənbəyi tələb olunur. Amma Azərbaycanda belə deyil. Azərbaycanda yanlız notariuslar tərəfindən pulun mənbəyi tərəfindən şifahi məlumatlandırma alınır. Bəzi sahələr var ki, orada rəsmi formada deklarasiya göstərilə bilir. Amma bəzi sahələr vergiyə cəlb olunmayıb, məsələn, kənd təsərrüfatı sahəsinin bir hissəsi (əkinçilik, bağçılıq və s.) vergidən azaddır". 

Ekspert qeyd edib ki, alıcı notariusun suallarını şifahi cavablandırdıqdan sonra artıq alqı-satqı baş tutur:

"İpoteka kreditləri və bank kreditləri ilə mənzil alarkən, yaxud vətəndaşın digər bank hesabında böyük pul vahidi olduqda, həmin bank hesabından notarius hesabına pul köçürülsə, pulun mənbəyi soruşulmur. Yalnız pul nağd şəkildə gətirildikdə, pulun mənbəyi haqqında şifahi olaraq sorğu baş tutur". 

İqtisadçı Akif Nəsirli isə sözügedən məsələ ilə bağlı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Azərbaycanda hazırda “Deklarasiya haqqında” Qanun qəbul edilməyib, ona görə də notariuslar tərəfindən vətəndaşdan deklarasiya tələb edilməsi qeyri-qanunidir:

"Bu gün Azərbaycan vətəndaşı olan vəzifəli şəxslər, dövlət məmurları ölkənin daxilində və xaricində milyonlarla qiyməti olan əmlak alırlar, onlardan deklarasiya tələb olunmadığı halda, 30-40 il qəpiyi qəpiyin üstünə qoyaraq ev almaq istəyən vətəndaşdan da deklarasiya tələb olunmamalıdır". 

Ləman İsmayıl