"Total" Azərbaycandan nə vaxt qovulacaq?

Uzun illərdir Fransanın Azərbaycana qarşı apardığı qərəzli siyasət, sərgilədiyi düşmən münasibətə Azərbaycan dövləti seyrçi mövqedə qala bilməzdi.

Odur ki, Azərbaycan  Fransa ilə bütün sahələrdə, o cümlədən də iqtisadi sahədə əməkdaşlığı dayandırmaq və Fransa şirkətlərini ölkəmizdən çıxarmaq barədə qərar qəbul edib. Söhbət Milli Məclisin qəbul etdiyi bəyanatda əks olunan məsələlərdən gedir. Bu məsələlərin gerçəkləşməsini cəmiyyətimiz çoxdandır ki, gözləyir. Azərbaycan iqtisadiyyatından milyardlar qazanan Fransa şirkətlərinin bu ölkədən getməsi vacib məsələyə çevrilib. Çünki bunu Fransanın apardığı siyasət təlqin edir. 

Fransa  Senatının qətnaməsi ilə əlaqədar Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin bəyanatında qeyd olunur ki, “TotalEnergies" şirkəti də daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın". 

"Total" şirkəti Azərbaycandan nə vaxt çıxarılır?

Vüqar Bayramov: “Parlamentin bəyanatı tövsiyə xarakterlidir” 

Millət vəkili Vüqar Bayramov "Bakı-Xəbər"ə şərhində "Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin qəbul etdiyi bəyanat təbii ki, tövsiyə xarakterlidir. Burada  Azərbaycan və Fransa arasındakı iqtisadi əlaqələrə baxılması tövsiyə olunur. Nəzərə alsaq ki, hətta siyasi münasibətlərin gərgin olmasına baxmayaraq iki ölkə arasındakı ticarət dövriyyəsi  son illər artıb. Əgər 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 274 milyon dollar idisə, bu rəqəm praktik olaraq 2023-cü ilin ilk 11 ayında 514 milyon dollar olub. Yəni bu o deməkdir ki, ötən il ticarət dövriyyəsi əvvəlki ildən təxminən  iki dəfə artıq olub. Bunun 382, 3 milyon dolları da Fransadan idxaldır. Yəni Azərbaycanla ticarət hesabına Fransa şirkətləri 2023-cü ildə birbaşa 400 milyon dollara yaxın valyuta qazanıblar”-deyə bildirdi. 

Millət vəkili qeyd etdi ki, Azərbaycan iqtisadiyyat dövriyyəsindən valyuta qazanan tərəf məhz Fransa şirkətləridir. “Total şirkətinin fəaliyyətinə gəldikdə isə, “Total” şirkəti Azərbaycan enerji sektorunda investisiya qoyuluşu həyata keçirib. O, qarşılıqlı müqavilələr əsasında reallaşan bir fəaliyyətdir. Ona görə də təbii ki, parlamentin bəyanatı tövsiyə xarakterlidir. Bütövlükdə Azərbaycan tərəfi münasibətlərin gərginləşməsində deyil, əməkdaşlığın güclənməsində maraqlıdır. Ümid edirik ki, bütövlükdə Fransa Senatının saxta və eyni zamanda ikili standartlara əsaslanan qətnaməsinə baxmayaraq, biz Azərbaycanla Fransa arasındakı münasibətlərin yenidən normallaşmasını və inkişafını müşahidə edə biləcəyik. Bütün hallarda, təbii ki, Azərbaycan bu ölkələrlə, o cümlədən də Fransa ilə gərginlikdə  deyil, əməkdaşlıqda maraqlı ölkədir” - deyə V.Bayramov qeyd etdi.

Akif Nəsirli: “Bir ekspert kimi fikrim odur ki, hökumət tez bir zamanda Fransa şirkətlərinin, “Total”ın  ölkəmizdən çıxarılması ilə bağlı addım atmalıdır” 

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, parlamentin qəbul etdiyi bəyanatla tanış olub: “Əslində parlament hökumətə çağırışlar edir ki, Fransa ilə bütün əlaqələr kəsilsin, Fransa vətəndaşlarının aktivləri Azərbaycan məkanında aşkarlandıqda dondurulsun, “Total” şirkəti qarışıq bütün şirkətlər Azərbaycandan çıxarılsın. Hesab edirəm ki, əslində bu, Azərbaycan parlamenti tərəfindən qəbul edilən əsaslı, adekvat və cəsarətli bir bəyanatdır. Artıq hakimiyyətin bir qanadı bu addımı atıb, növbəti addım hökumətin atacağı addımdır. Parlament artıq hökumətin addım atması üçün zəmin yaradıb. Bu zəmini, yəni paralamentin bəyanatını əsas götürüb Azərbaycan hökuməti müəyyən addımlar atmalıdır. Məsələn, Fransa Senatı bütün dünya ölkələrini çağırır ki, Azərbaycanın neft-qaz, enerji ixracatına sanksiyalar tətbiq edilsin. Əgər Fransa hökuməti enerji sektoruna sanksiya tələb edirsə, Fransa şirkətinin Azərbaycanın enerji sektorunda fəaliyyət göstərməsi nə qədər doğrudur? Əlbəttə, bu yolverilməzdir. Artıq Azərbaycan hökuməti bu suala cavab verməlidir, parlament yox. Parlament edə biləcəyini edib”.

A.Nəsirli qeyd etdi ki, parlament qanunverici orqandır, oyun qaydalarını müəyyən edir. O bildirdi ki, vaxtilə parlament “Total” şirkəti ilə müqaviləni ratifikasiya edib və indi hökümətə çağırış edir ki, müqavilə ləğv edilsin. Bu sualı Nazirlər Kabinetinə yönəltmək lazımdır ki, “Total” şirkəti Azərbaycandan nə vaxt çıxarılacaq? Parlamentin bəyatanından irəli gələn məsələlər nə vaxt icra ediləcək? Bu suala yəqin ki, onlar cavab verəcəklər.

Bir ekspert kimi fikrim odur ki, hökumət parlamentin çağırışına əsasən Fransa şirkətlərinin, “Total”ın ölkəmizdən çıxarılması ilə bağlı addım atmalıdır” - deyə A.Nəsirli vurğuladı.

İradə SARIYEVA