Bazarda satılan yağlar zərərlidir – Neftdən alınır, dad və iy vurulur
Orqanizmimizin müxtəlif yağların qəbuluna ehtiyacı var. Çünki yağlar bir çox vacib funksiyanı yerinə yetirir. Sağlam həyat üçün qida rasionumuza bir çox yağ növünü daxil etməliyik.
A, D, E, K kimi bəzi vitaminlər yağda həll olunan vitaminlərdir, yağ istehlakını məhdudlaşdırmaq bu vitaminlərin udulmasına mənfi təsir göstərə bilər. Bədənimizin bəzi hormonların istehsalı üçün yağlara ehtiyacı var, kifayət qədər yağ istifadə etməyəndə hormon tarazlığı pozula bilər.
Həkimlərin bildirdiyinə görə, beynin sağlam işləməsi üçün yağ turşularına ehtiyacı var və yağ istehlakının azalması idrak funksiyalarına təsir edə bilər. Keyfiyyətli və təmiz yağlar ürək sağlamlığını dəstəkləyir.
Bu qısa girişdən də göründüyü kimi, yağ qidalanmada vacib qida növüdür.
Təbii ki, söhbət sağlam, təmiz yağdan gedir. Bu gün isə bazar və dükkanlarda təmiz, keyfiyyətli yağ tapmaq asan deyil. Marketlərdə, mağazalarda yüzlərlə ad altında fərqli şəkildə qablaşdırılmış yağlar satılır. İstehlkaçı satılan yağların fərqinin yalnız qiymətində və qablaşdırılmasında olduğunu görür. Yağların, demək olar ki, hamısında eyni dad və qoxu var.
Bir sözlə, bu gün kifayət qədər baha olsa da, keyfiyyətli yağ tapmaq asan deyil.
Bəs bunun səbəbi nədir? Necə olur ki, qiyməti fərqli olan yağlar hamısı eyni dadda olur?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli TNS-ə bildirib ki, idxal edilən yağların əksəriyyəti ölkədə qablaşdırılır. Nəticədə ucuz yağlara - marqarin, palma və trans yağlara rəng və dad vurmaqla bazara çıxarırlar: “Bazarda kiloqramı 20 manata olduğu kimi, 5-10 manata satılan yağlar da var. 5-10 manata olan yağlar yüz faiz ya marqarin, ya hansısa trans və ya palma yağıdır. Dad və rəng vurub kərə yağı adı ilə satırlar. Amma həmin yağların tərkibində kərə yağına aid heç nə yoxdur. Gətirilən yağların qablaşdırmasının Azərbaycanda aparılması əsaslı şübhə yaradır. Məsələn, Yeni Zelandiyada “Westgold” şirkətində yağların 200-250 qram çəkidə paketlənməsi mövcud deyil. Bu amil təsdiqləyir ki, həmin yağ Azərbaycanda qablaşdırılır. Ümumiyyətlə, gətirilən yağları qablaşdırmadan əvvəl müəyyən temperatura qədər yumşaldır və tərkibinə müəyyən miqdarda kərə olmayan yağlar qarışdırırlar. Bu, marqarin, palma və s. yağlar ola bilər”.
Akif Nəsirli bildirib ki, Azərbaycanda əhalinin böyük əksəriyyətinin alıcılıq qabiliyyətinin aşağı olması Yeni Zelandiyadan gələn və pərakəndə satışı 25-30 manata olan yağı ala bilmir. Buna görə də yağı gətirənlər qiyməti aşağı salmağın yolunu məhsulun tərkibinə ucuz yağlar qatmaqla əldə edir: “Kərə yağı kimi aldığımız yağın cəmi 600 qramı kərə yağı olur, 400 qramı digər ucuz və orqanizm üçün zərərli yağlardır. Nəticədə 17-18 manata satılır və müəyyən qədər alıcı kütləsi olur. Bu qiymətdən aşağı olan yağlar isə tamamilə dad vurulmuş və kərə yağına aiddiyyatı olmayan yağlardır”.
İqtisadçının sözlərinə görə, satışda olan marqarinlər orqanik deyil. Belə ki, onlar nə bitki, nə heyvan yağıdır: “Marqarinlər neftdən alınır, dad və iy vurulur. Palmanın toxumundan alınan yağlar çox ucuzdur. Bu yağı da kərə yağı halına gətirir və 6 manata satırlar. Deyək ki, palma yağını litri 1,50 manat, digər yağları 0,50 manata əldə edirlər. Beləcə, iki manata alınan yağ 6 manata, maya dəyərindən 300 faiz baha satılır. Tərkibinə 150-200 qram kərə yağı qatılan məhsul 8-10 manatadır”.
Müsahibimiz bildirib ki, bütün bunların qarşısını ölkənin qida təhlükəsizliyi sistemi almalıdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu cür yağ qablaşdıranları müəyyən və ifşa etməlidir: “Ölkədə müstəqil laboratoriyalar fəaliyyət göstərməlidir. Cəmiyyətdən qida təhlükəsizliyi sisteminə dəstək gəlməlidir. Elə sistem qurulmalıdır ki, vətəndaşlar qida təhlükəsizlik sisteminə nəzarət edə bilsinlər. Aldığımız yağı müstəqil laboratoriyada analiz edib, içində nələr olduğunu müəyyənləşdirə bilməliyik. Kərə yağı və bitki yağlarından başqa orqanizm üçün faydalı olan yağ yoxdur. Bəzi bitkilərin toxumlarından alınan yağlar da yararsızdır. İnsanlar yağın tərkibi ilə bağlı sənəd aldıqdan sonra həmin şirkəti şikayət edib təzminat ala bilməlidir. Bu sistem olsa, qida təhlükəsizliyinə bütün cəmiyyət nəzarət edə bilər. Şirkətlər keyfiyyətsiz yağ buraxmaz”.
Burada bir haşiyə çıxıb qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yağın tərkibinin yoxlanılması üçün əhalidən 100 manatdan artıq məbləğ tələb olunur. Bunu xidmətdən yararlanmaq istəyənlər bildirib. Akif Nəsirlinin sözlərinə görə, yağın kimyəvi təkibinin laborator qaydada təhlil edilməsi üçün 3-4 manat xərc tələb olunur: “Qiyməti ona görə qaldırblar ki, əlçatan olmasın. Bu yoxlamanı müstəqil ictimai təşkilatların edə bilməsi üçün imkan yaradılmalıdır”.
İqtisadçı vurğulayıb ki, problemləri aradan qaldırmaq üçün ilk növbədə monopoliya aradan qaldırılmalıdır: “Bu monopoliya bütün iqtisadi sistemi iflic edir. Nəticədə əhali qeyri-sağlam qidaların təsirindən zərər görür, xəstəxanalar dolub-daşır”.
Aygün