MÜXALİFƏTİN İFLASININ SƏBƏBLƏRİ?

SƏXAVƏT ƏLİSOY

MÜNASİBƏTLƏRİN GƏRGİNLƏŞMƏSİ KİMƏ SƏRF EDİR?

İQTİDAR-MÜXALİFƏT MÜNASİBƏTLƏRİ NECƏ OLMALI?

İl 1998. Azərbaycanda növbəti prezident seçkiləri bu ilin Oktyabr ayında keçiriləcək.
Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra – 1997-ci ilin 30 Oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz Elçibəy, həmin ilin Noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü.
Bakıya qayıtdıqdan sonra bəlli oldu ki, Əbülfəz Elçibəy prezidentliyə namizəd olmaq istəyir. Prezident seçiləcəyi təqdirdə iki il işləyəcəyəni bəyan edir. Sonra tam demokratik ortamda prezident seçkiləri təyin edəcəyini və bu seçkilərdə namizəd olmayacağını bildirir.
Demokratik Konqres və SİDSUH (Seçki İslahatları və Demokratik Seçki Uğrunda Hərəkat) sədri kimi Əbülfəz Elçibəyin vahid namizəd olma istəyini siyasi partiyaların sıravi üzvləri coşqu ilə qarşıladı. Ancaq müxalifətin bəzi liderləri Əbülfəz Elçibəyin prezidentlik iddiasına düşməsindən narahat idi. Onlar Ə.Elçibəyin üzünə deməsələr də, arxada onun prezidentliyə namizəd olmaması üçün oyunlar qurur, bəzi partiya funksionerləri aldıqları təlimata uyğun mətbuatda eks-prezidentin əleyhinə çıxışlar edirdi.
Yumşaq dillə desək, keçmiş komanda üzvləri Elçibəyə nankorluq, sərt şəkildə ifadə etsək, xəyanət etdilər. Ə. Elçibəyin bir vaxt yüksək dövlət vəzifələrini etibar etdikləri özlərini artıq dahi siyasətçilər sayırdı və onların təkəbbürü, yekəxanalığı rasional qərar vermələrinə mane oldu. (Məhz onların təlimatı ilə Əbülfəz bəy barəsində mətbuata ikrah doğuran açıqlama verənlərin bəziləri illər sonra səhvə yol verdiklərini etiraf etdilər.)
1998-ci il seçkisində özünü lider sayanların siyasi uzaqgörən olmadığı açıq-aşkar göründü. Bu seçkilərdə AMİP sədri də namizəd idi. Adam 1993-cü ildə Elçibəyin hakimiyyətdən getməsi üçün bütün potensialını ortaya qoysa da, zəhməti hədər getmişdi. O, istədiyi vəzifəni ala bilmədiyi üçün bu seçkidə boy göstərib iqtidardan bir vəzifə qoparmaq iddiasında idi. AMİP sədri seçkidə uduzacağını gözəl bilirdi. Bu halda nədən oyuna girdiyi isə siyasətdən az-çox baş çıxaranlara bəlli idi. O, 1998-ci il seçkilərində Heydər Əliyev üçün ciddi rəqib deyildi. Ciddi rəqib Əbülfəz Elçibəy ola bilərdi. Ki, buna da o “dahi siyasətçilər” imkan vermədi.
Bu rəqabətdə Əbülfəz bəydən özünü daha reytinqli, daha populyar bilənlər, qələbə əldə edəcəyinə şübhə ilə yanaşanlar onu anlamadı ki, Ə. Elçibəy məğlub olacağı təqdirdə belə Azərbaycanın siyasi həyatında büsbütün yeni bir mənzərə yaranacaqdı. Nə üçün? Əbülfəz Elçibəyin namizədliyi qəbul olunsaydı, o, AMİP sədrindən ən azı 3 dəfə artıq səs toplayacaqdı və bu səslər həm müxalifətin real gücünün daha da artması üçün yetərli olacaqdı, həm də, qarşıdan gələn parlament seçkilərində müxalif qüvvələrin əhəmiyyətli sayda parlamentdə təmsil olunacağına zəmin yaradacaqdı. Başqa sözlə, iqtidar-müxalifət münasibətlərinin pozitiv yöndə nizamlanması üçün zəmin yaranacaqdı.
Bir daha vurğulayıram, 1998-ci il seçkisində Heydər Əliyev kimi usta bir siyasətçinin qarşısında duruş gətirə biləcək namizəd yalnız və yalnız Əbülfəz Elçibəy ola bilərdi. 1998-ci il həm də müxalifətin ilk seçki imtahanı idi. Üstəgəl ATƏT seçki proseslərinə birtərəfli müdaxilə etmirdi, iqtidar-müxalifət münasibətlərinin yoluna qoyulması üçün hər iki tərəflə mütəmadi görüşlər keçirirdi. 1998-ci ildə müxalifətin atacağı düzgün addım 2000-ci il parlament seçkiərində özünü göstərəcəkdi.
Çox təəssüf ki, müxalifət 1998-ci il imtahanında “iki” qiymət aldı. “Böyük” siyasətçilər böyük əhəmiyyəti olacaq bir fürsəti əldən qaçırdı.
1998-ci ildəki səhv addımları müxalifətin gələcəkdə uğur əldə etməsinin qarşısını aldı. Və bu səhvlər ard-arda gəlməyə başladı.
2000-ci ildə keçirilən parlament seçkilərində ATƏT-in iqtidarla apardığı danışıqlarda əldə olunmuş razılaşmaya rəğmən parlamentdə müxalifətə təklif olunan yerlərin sayı “böyük” siyasi liderlər üçün az oldu. Nəticədə nə baş verdi? Partiyalardan biri təmsil olunmaqdan imtina etdi, digəri iqtidarın özü ilə gizli sövdələşməyə gedib parlamentin 5 mandatını cibinə qoydu.
Bünövrəsi 1992-ci ildə qoyulmuş lal qarşıdurma Ə. Elçibəy dünyasını dəyişənə qədər davam etdi və 2003-cü il seçkilərində açıq formaya keçdi.
Reytinqinə görə hər kəsdən üstün olan namizəd digər müxalif qüvvələr tərəfindən dəstək almadı. Problemin həlli Londona qədər uzandı. 4-5 siyasətçi mühüm bir məsələdə Bakıda razılığa gələ bilmir və çıxış yolunu TAPMAQ ÜÇÜN LONDONA GEDİR. Bu, sadəcə, biabırçılıq idi.
“Birlik” adlanan məfhumun müxalifətdə allergiya yaratdığı açıq-aşkar görünürdü. Yekəxanalıq, mənəm-mənəmlik pik həddə çatmışdı.
1998-2003-cü ildə start götürmüş tənəzzül 2005-də daha da sürətləndi. 2010-cu ildə isə müxalifətin iflası özünü göstərdi. Başqa sözlə, 2010-cu il TƏNƏZZÜLÜN MİLADI oldu.
Bu iflasın əsas səbəbi müxalif düşərgədə Birliyin olmaması. Birliyə mane olan ən birinci arqument təbii ki, təkəbbür və səriştəsizlik.
O proseslərin içində olan biri kimi deyirəm, özünü "lider" sayanların əksəriyyəti üçün "Dövlət", "Vətən", "Millət", "Demokratiya" heç bir əhəmiyyət kəsb etmir. Sırf populizm! Onlar üçün önəmli olan yalnız və yalnız şəxsi mənafe.
Etiraf etmək lazımdır, 2000-ci ildən başlayaraq müxalif düşərgə “bazarlıq siyasəti” dövriyyədədir. Əgər bundan əvvəl ayrı-ayrı müxalif fərdlər iqtidarla danışıqlara gedib mandat qazanırdısa, 2000-ci ildən ATƏT-in bilavasitə iştirakı ilə partiyalar bazarlığa başladı.
Liderlər arasındakı anormal münasibət - “mehriban düşmənlər” siyasəti demək olar ki, eyni məramı olan qurumların birgə fəaliyyətinə imkan vermədi. “Ana müxalifət” statusu uğrunda mübarizə şiddətləndikcə müxalif qüvvələr xalqın gözündən düşməyə başladı. “Yolumuz Rəsulzadə-Elçibəy yoludur” deyənlərin arasındakı “müharibələr” partiyaların sıravi üzvlərinə olduqca ağır zərbə vurdu. Aparılan davanın demokratiya, söz azadlığı, haqq-ədalət uğrunda olmadığını, yalnız “yorğan davası” olduğunu anlayanlar xəyal qırıqlığına uğradı.
İntellektual kəsim müxalif düşərgədən uzaq durdu. Praqmatik düşüncə sahibləri dərhal uzaqlaşdı, bir kəsim isə abırına qısılıb susdu.
Bir fakta diqqət edin. 20 il əvvəl rayon təşkilatlarında üzvlərin sayı yüzlərlə idi. Bu gün ən böyük rayon təşkilatlarında 20-30 nəfəri zorla bir yerə toplamaq olur. Özünü “lider” sayanların ətrafında qalanlar əsasən sadəlövhlər və liderlərin “siyasi alverindən” yararlananlar. Vəssalam!
Gücü olan iqtidar olur, gücü az olan iqtidar olmaq üçün yollar axtarır, gücü olmayansa səs-küy salır və söyür. Etiraf etmək lazımdır, özünü “lider” sayanların taktiki gedişləri tam yanlış. Bir strategiya yoxdur. Bu, gücsüz müxalifətin ən böyük problemidir.
Bizdə müxalifət heç bir vaxt demokratik dəyərlərin yaradılması üçün mübarizə aparmadı. Mübarizə yalnız və yalnız prezident postunu ələ keçirməyə hesablandı.
Toplum tarixdə ən həssas və qürurlu günlərini yaşayır. 30 il düşmən işğalında qalmış torpaqlar azad edilib. Zəfəri belə həzm etməyənlərin müxalifətçiliyinin adı nədir? İqtidarların keçici, dövlətinsə daimi, əbədi olduğunu anlamaq bu qədərmi zor?
Məhz bu reallıqları anlamayanların üzündən “barışmaz və radikal müxalifət” terminləri dövriyyəyə girdi.
Dünyanın heç bir ölkəsində iqtidar barışmaz və radikal yolla gedənlərin, tənqidi təhqirlə əvəz edənlərin “başını tumarlamır”.
Yalnız iki rəngi-ağı və qaranı görənlərin anlamadığı bir nəsnə də var.
Dövlət Qurulur, demokratiya isə Yaradılır.
Demokratiya bir kültür. Demokratiyanı demokratiya edən ünsürlər var ki, onların yoxluğunda demokratiya yaratmaq mümkün olmur. Zehniyyət var, maddi durum var, təhsil səviyyəsi var, toplumun keçmiş olduğu iqtisadi-siyasi mərhələ və sair var. Bunları nəzərə almadan demokratiya yaratmaqdan danışmaq absurd. Toplum öncə maariflənməli, demokratik dəyərləri həzm etməyə alışmalıdır.
Bəlkə 100 dəfə yazmışam, təkrar yazıram. Mübarizənin iki yolu var. Birinci yol evolyusiyaya-təkamülə söykənən intellektual mübarizə yoludur. İkinci yol isə, xaosa, inqilaba, qarşıdurmaya aparan radikal yoldur. Çağdaş dünya birinci yolu məqbul hesab edir. Radikal yol olduqca təhlükəlidir. Azərbaycanda təşkilatlanmış radikal qüvvələr yoxdur, bunu hər kəs bilir. Bizdə sadəcə təhqir-söyüş dili ilə silahlanmış müxalif dəstə var. Ki, onların da bir hissəsi daxildə digər hissəsi Avropada. Aldıqları qrant, təlimat əsasında sosial şəbəkələrdə öz əxlaqlarına uyğun şəkildə “yaradıcılıqla” məşğul olurlar.
Bu, müxalifətçilik deyil, əslində. Müxalifətçiliyi ayaq altına atmaqdır.
Müxalifət rəngini, dilini, davranışını, bir sözlə mahiyyətini dəyişməli. Üzərinə düşən məsuliyyəti dərk etməlidir.
Lütfən, diqqətlə oxuyun. Dünyanın heç bir ölkəsində iqtidar olan taxtdan əl çəkmək istəmir. BMT-yə üzv olan 206 dövlətin böyük əksəriyyətində iqtidar olanlara nəzər yetirin. Müsəlman dövlətlərindəki duruma diqqət edin. Və ən əsası Qərbin İraqa, Suriyaya, Yəmənə, Liviyaya, Gürcüstana, Qırğızstana, Ukraynaya... gətirdiyi demokratiyanın nəticələrini göz önündə canlandırın. Bu yazılanlara qərəzsiz yanaşan, təkamül yolunun nə qədər düzgün yol olduğunu təsdiq edəcək.
Türkiyə və daha bir-iki dövlət xaric dörd tərəf Azərbaycanda xaosun, vətəndaş qarşıdurmasının olmasını istər. Radikallıq, söyüş-təhqir müxalifətinin getdiyi yol məlum güclərin tam olaraq maraqlarına xidmət edir.
Evolyusiya yolu ilə hakimiyyətə gəlməyi qarşısına məqsəd qoyan qüvvələrin varlığı ölkədə vətəndaş həmrəyliyi üçün, demokratiyanın yaradılması üçün çox vacibdir. Güclü müxalifət güclü dövlətin formalaşmasına zəmin yaradır. Sivil və intellektual mübarizə yolu tutmuş müxalifətin varlığı psevdomüxalifətin dəfni deməkdir, korrupsiya və rüşvətin qarşısının alınması deməkdir, qanunun hər yerdə Şah olması deməkdir.
Sivil və güclü müxalifətin varlığı sosial ədalətsizliyin aradan qalxması deməkdir, yaltaqlıq, saxtakarlıq, riyakarlıq epidemiyasının qarşısını almaq deməkdir. Və belə müxalif qurumlar dövlət tərəfindən maliyyələşməlidir. Ümumiyyətlə, maliyyə məsələsində dövlət elə bir addım atmalıdır kimüxalif qüvvələr yardım üçün xarici səfirliklərin qapısında boynubükük dayanmasın. Dövlət tədbirlərində sivil dünyada olduğu kimi bizdə də müxalifət iqtidarla yanaşı dayanmalı, bir masa arxasında oturmalıdır.
İlk dəfə düz 20 il əvvəl yazmışdım. Ki, dövlətçilik naminə, vətəndaş həmrəyliyi naminə müxalif partiyaların rəhbərləri ölkə prezidentinə görüş üçün müraciət etməlidir. İndi də o fikirdəyəm. Dövlət və dövlətçiliyi özü üçün qırmızı xətt sayanlar cəm olub dövlət başçısı ilə görüşməlidir.
İradlar, tənqidlər, təkliflər bu görüşdə dövlət başçısına deyilməlidir. Bu, baş verərsə, İngiltərənin, Fransanın, Almaniyanın... çaldığı havalarla oynamağa ehtiyac qalmaz.
Müxalifət Dövlətlə ingilisin, fransızın, almanın... vasitəsi ilə danışmamalı.
Azərbaycanın sivil, intellektlə silahlanmış güclü müxalif partiyalara ehtiyacı var.
Güclü Müxalifət Güclü Dövlət deməkdir!!!

"Təşəbbüs" Vətəndaş Platforması. IV yazı