Səbail sakinləri: “Qurudulan yaşıllıq sahədə abadlıq işləri aparılmayıb” - ŞİKAYƏT + FOTO

Paytaxtın Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında beşmərtəbəli binanın sakinləri həyətyanı sahənin hələ də bərbad vəziyyətdə qaldığından şikayətçidirlər.

Onlar şikayətlərini yenidən Lim10.az-ın redaksiyasına ünvanlayıblar. Sakinlər bildiriblər ki, ərazidə heç bir abadlıq işi görülməyib:

“Biz, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 31 ünvanında yaşayan sakinlər 29.01.2024-cü il tarixdə beşmərtəbəli binanın qapalı həyətyanı sahədə bərbad vəziyyətdə olan çoxəsrlik ağacların quruması ilə bağlı, şəhərin mərkəzində, sözügedən ərazidə olan bu gözəl yaşıllıq guşəsində abadlıq işlərinin aparılmasına görə müvafiq qurumlara mürəciət etməyinizi xahiş etmişdik.

Nəzərinizə çatdırırıq ki, mürəciətinizə cavab verən Səbail Rayon YTB ərazidə ağacların bir neçəsində suvarma işləri aparıb və ərazidə olan yarpaqları yığışdıraraq öz işləri barədə sizə hesabat veriblər.

Lakin qurumuş budaqlar kəsilməyib, yeni ağaclar əkilməyib. Tikinti tullantıları yerində qalıb. Heç bir abadlıq işləri görülməyib. Zədələnmiş əsas divar bərpa olunmayıb. Sonradan qoyulmuş taxta lövhələr çıxarılmayıb”.

Məsələ ilə bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanladıq.

Həmin fotoları təqdim edirik:

Nəzrin Vahid