Bu il ərzaq məhsullarında bahalaşma gözlənilirmi? - İqtisadçıdan AÇIQLAMA
Ötən il bir çox ərzaq məhsulunun qiymətində 2022-ci ilə nisbətən bahalaşma müşahidə olundu. Belə ki, qiymət artımı daha çox xaricdən istehlak olunan məhsullarda özünü göstərib. Məsələn, 2023-cü ildə günəbaxan yağının satış qiyməti 2022-ci ilə nisbətən 59 % bahalaşıb.
Bəs görəsən bu bahalaşma tendensiyası 2024-cü ildə də davam edəcək mi?
Bu haqda Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli informator.az-a açıqlama edib.
"Azərbaycan iqtisadiyyatının xarakteri belədir ki, bütün qiymətlər, bəzən güclü, bəzən zəif olsa da, əsasən, bahalaşmağa doğru gedir. Yəni, istiqamət ancaq bahalaşmağa doğrudur. Bu da iqtisadiyyatın xarakterindən asılıdır, bir tərəfdən inhisarçılıq bunu gücləndirir, stimullaşdırır, digər tərəfdən, buna hökümət də təsir edir".
Akif Nəsirli bildirir ki, illik statistikalara göz gəzdirdikdə, görə bilərik ki, hər il gömrükdən yığılan pullar 30-40%, bəzən isə 50% artıb.
"Yığılan vergi də getdikcə artır. Bəzən isə bu 60-70% artıma kimi gedib çıxa bilir. Bu artan vergilər, gömrüklər, dövlət büdcəsinə daha çox gəlir gətirir. Amma bunu kimlər verir? Bu vergini, bu gömrük rüsumlarını sahibkarlar verir".
İqtisadçı düşünür ki, əlbəttə, sahibkarlar da öz pulunu verməyəcək, verdiyi vergini, rüsumu məhsulun maya dəyərinə daxil edəcək.
"Bizim üçün gömrük rüsumunun çoxalması, illik normadan 30% artması, o deməkdir ki, qiymətlər qalxacaq. 70% bahalaşan vergi, əlbəttə, birbaşa olaraq məhsulun maya dəyərinə təsir edir. Bu il də ötən illərdəki kimi bahalaşma davam edəcək. Məsələn, duru yağlar, bitki yağları, dünya bazarında mütəmadi olaraq, ucuzlaşır. Üç ildir ki, bu yağların ucuzlaşmasının şahidi oluruq".
Müsahib qeyd edir ki, Azərbaycanda bu məhsulların bahalaşmasının səbəbi iqtisadiyyat və onun gətirdikləridir.
"Məhsulun bolluğu ilə bəzən ucuzlaşma görülə bilər, lakin 2024-cü ildə də iqtisadiyyatda bütün məhsullar üzrə ümumi istiqamət bahalaşma üzrədir".
Gülay Qəribova