Azərbaycan və Ermənistan sülhü kənar dəstək olmadan əldə edə bilərlərmi?
AzadlıqRadiosunun müxbiri Coşua Kuçera yazır ki, onilliklər ərzində iki düşmən ölkə - Azərbaycan və Ermənistan arasında danışıqlar Rusiya, ABŞ və Avropa İttifaqı daxil müxtəlif ölkələrin vasitəçiliyi ilə aparılıb.
Belə hesab olunurdu ki, iki tərəfin bir-birinə etimadsızlığı şəraitində vasitəçilərsiz keçinmək mümkün olmayacaq.
Amma Azərbaycan ötən sentyabrda çevik əməliyyatla Qarabağ üzərində nəzarəti ələ aldıqdan sonra Bakı və Yerevan danışıqlarını birbaşa aparırlar.
Məsələn, ötən dekabrda onlar əsirlərin mübadiləsi və Azərbaycanın BMT iqlim konfransına ev sahibliyinə dəstək məsələsində misli görünməmiş ikitərəfli razılaşma əldə ediblər.
İki ölkənin yüksək vəzifəli rəsmiləri də birbaşa ikitərəfli təmaslardadır. Bakı və Yerevan iki ölkə arasında bağlanmalı olan sülh müqaviləsinin mətninə dair ikitərəfli təkliflər mübadiləsi aparırlar.
Azərbaycan rəsmiləri deyirlər ki, Rusiya və Qərb arasında münasibətlərin kəskinləşdiyi bir vaxtda onları Qafqazlarda sülh yox, öz geosiyasi motivləri maraqlandırır.
Eyni zamanda Ermənistanda narahatdırlar ki, onlar daha güclü Azərbaycanla təkbaşına danışıqlarda gücsüz mövqedə ola bilərlər.
İki rəqib platforma
Ermənistan rəsmilərinin, o cümlədən xarici işlər naziri Ararat Mirzoyanın fikrincə vasitəçilərsiz aparılan danışıqların əhəmiyyəti lazımınca olmaya bilər:
"Biz Avropa İttifaqının vasitəçiliyi ilə danışıqqlar aparırdıq, amma indi görürük ki, Azərbaycan mövcud çərçivədə danışıqları bərpa etmək istəmir. Bizim diqqətimiz daha çox vasitəçiliyi kimin etməsi yox, danışıqların hansı prinsiplər əsasında aparılmasıdır”.
Politoloq bildirir ki, hətta buna baxmayaraq Ermənsitan hökuməti özündə cəsarət tapmağa çalışır:
"Onlar anlayırlar ki, ikitərəfli danışıqlar Azərbayacana sərf edir. Amma onlar büruzə vermək istəmirlər ki, ikitərəfli formatı Azərbaycanın təzyiqi altında qəbul etməyə məcburdurlar”.
Kuçera yazır ki, 2022-ci ildə münaqişənin tənzimlənməsi iki rəqib platforma üzərində aparılırdı. Bunlardan biri Rusiya, ikincisi isə ABŞ tərəfindən dəstəklənəın Avropa İttifaqı idi.
Bir müddət siyasi danışıqların vasitəçiliyi daha çox Qərb tərəfə keçdi. Rusiya daha çox sərhədin delimitasiyası kimi danışıqlarda vasitəçilik edirdi.
Qərb özünü sındırmasa da...
Amma ötən yanvar ayında məlum olmuşdu ki, ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrtə xüsusi nümayəndəsi Luis Bono Yerevana səfər etsə də, Bakıda onun səfərindən imtina ediblər. Avropa İttifaqının Ermənistan-Azərbaycan danışıqçısı Toyvo Klaar da Yerevana səfər etmiş, amma Bakıya gəlməmişdi.
Kuçera yazır ki, Vaşinqton və Brüssel özlərini o yerə qoymayaraq bəyan etmişdilər ki, belə bir hal Azərbaycanın 7 fevral prezident seçkisinə hazırlığı ilə bağlıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan bəyanatlarında zaman-zaman yüksək səviyyədə təmasların davam etdiyinə işarə edir, amma təfərrüatları açıqlamır.
Bakıda mənzillənmiş Topçubaşov Mərkəzindən Şücaət Əhmədzadə Ermənistanın istəyinə zidd olaraq vasitəçilərin danışıqlardan kənarlaşdırılması hazırda Azərbaycan tərəfinin sərt strategiyasıdı.
Politoloq: “Ermənistanın seçimi azdır”
Poqosyan bildirir ki, bunu bilə-bilə Yerevanın ikitərəfli formata razılaşması bütün kartların Azərbaycanın əlində olmasına görədir və Ermənsitan üçün seçim azdır.
Politoloq deyir ki, Ermənistan ikitərəfli danışıqları qəbul etməsəydi, birincisi “qeyri-konstruktiv tərəf” kimi görünər, ikincisi danışıqların olmadığı bir şəraitdə hərbi eskalasiya riski artardı.
Politoloqun fikrincə, Paşinyan hökuməti Ermənistan üçün tam əlverişli olmasa da Azərbaycanla sülh müqaviləsini ölkədaxili problemlərə görə imzalamağa hazırdır:
"Hökumət cəmiyyətə nəsə yaxşı bir xəbər verməlidir. Məsələn, deməlidir ki, “Qarabağı itirdik, amma əvəzində nəsə alırıq. Mən sizə sülh gətirəcəyəm, demişdim və gətirdim” kimi”.