Ermənistan mina sahələrinə dair 8 formulyarı Azərbaycana verib
Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib.
Bu barədə "Turan"a bu gün, fevralın 12-də Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Məlumata görə, təqdim olunan formulyarlar, əsasən, Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir: "Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib".
Qurumdan habelə vurğulanıb ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25 faiz təşkil edib.
Son açıqlamaya, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil.
Son dörd ilin statistikası
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 65-dən çox vətəndaşı minaya düşərək həlak olub, 270 civarında şəxs isə müxtəlif xəsarət alıblar.
2021-ci ildə Ermənistan Azərbaycanda saxlanılan hərbçilərindən bəzilərinin geri verilməsi əvəzi işğaldan azad olunan bir sıra rayonların minalanmış ərazilərinin xəritələrini təqdim etmişdi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri demişdi ki, onlar əllərində olan yaxşı xəritələri özlərində saxlayıb Azərbaycana pisini verməyiblər.
Xatırlatma
1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma (10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.