Rusiya qoşunları Ermənistandan çıxır: İrəvan təklənir
Münhendə baş tutan görüş zamanı Ermənistan baş naziri Nikol Paşinyanın anti-Rusiya çıxışları ölkəsində birmənalı qarşılanmayıb. Paşinyanın müxalifləri onu sərhəddə baş verən son hadisələri gündəmə gətirməmək və Rusiyaya qarşı qərəzli fikirlər söyləməkdə ittiham edir.
Son olaraq Ermənistanda ədliyyə general-mayoru olan Tatul Petrosyan Paşinyanın çıxışlarının yaxın gələcəkdə Rusiya ilə münasibətləri daha da kəskinləşdirəcəyi və rus qoşunlarının Ermənistandan çıxarıla biləcəyini iddia edib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanla Rusiya arasında gərginlik əslində kritik həddə deyil:
“Ermənistanla Rusiya arasında müəyyən problemlər olsa da, bunun həddən artıq kritik səviyyədə olduğunu düşünmürəm. Gəlin məsələyə hərtərəfli baxaq. Ermənistanla Rusiya arasındakı gərginlik Ukrayna müharibəsinin birinci mərhələsindən sonra başladı. Paşinyanın KTMT ilə bağlı ilk nümayişkəranə addımı 2022-ci ilin noyabrında İrəvanda keçirilən toplantıda oldu. Tərəflər arasında belə bir görüntü var ki, sanki Rusiya və Ermənistan arasında dərinləşmiş və kəskin ixtilaf yaranıb. Amma eyni zamanda Ukrayna müharibəsi başladıqdan sonra Ermənistandan Rusiyaya ikili təyinata malik məhsulların satışı rekord həddə artıb. Ermənistanın özü istehsalçı ölkə olmadığından xüsusilə hərbi təyinatlı avadanlıqların Rusiyaya satışı geniş şəkildə həyata keçirilir. Bu onu göstərir ki, Rusiya və Ermənistan arasında münasibətlər heç də söylənən qədər kritik deyil. Digər tərəfdən, Ermənistan Rusiya ilə bağlı müəyyən narazılıqları var. Erməni cəmiyyətində anti-Rusiya mövqeləri güclənib. Bunun əsas səbəbi ermənilərin 44 günlük müharibədə Rusiya qoşunlarının onların əvəzindən Azərbaycanla vuruşmalı olduğunu düşünmələridir. Çünki erməni cəmiyyətinin əksəriyyəti Ermənistanın Rusiya tərəfindən yaradıldığını çox gözəl bilir”.
Politoloq müqaviləyə əsasən, Rusiya qoşunlarının Ermənistandan 2044-cü ildə çıxarılacağını qeyd edib:
“Rusiya qoşunlarının Ermənistandan çıxarılması ilə bağlı proqnoz real deyil. Ən azından tərəflər arasında bağlanmış müqaviləyə görə, 2044-cü ilə qədər Rusiya qoşunları Ermənistanda qalacaq. Rusiyanən Ermənistanın sərhədləri və təhlükəsizliyinin qorunması ilə bağlı öhdəlikləri var. Bu baxımdan Rusiyanın hansısa şəraitdə öz qoşunlarını nəzərdə tutulan müddətdən 20 il qabaq çıxaracağını düşünmürəm. Bu sadəcə olaraq erməni cəmiyyətinin siyasi mübarizədə istifadə etdiyi tezislərdir. Paşinyanın tərəfdarları göstərməyə çalışır ki, öz təhlükəsizlik imkanlarımızı daha da genişləndiririk və Rusiya bizim təhlükəsizliyimizlə bağlı öhdəliklərini tam yerinə yetirmir. Rusiyayönümlü siyasi qüvvələr isə, Paşinyanı Rusiya ilə münasibətləri pisləşdirməklə erməni dövlətçiliyinə xəyanət etməkdə günahlandırır. Lakin bunlar sadəcə qarşılıqlı siyasi ittihamlardır”.
Nazim Hacıyev