MEKSİKALININ QUM TORBASI, KOR DOLMA VƏ AZƏRBAYCAN MEDİASI

Səxavət  Əlisoy

Meksikalı dalında bir torba qum velosipedlə ABŞ-ın sərhəddinə gəlir. Pasportunu təqdim edir. Torbanı masanın üstünə qoyur. Polis baxır torbaya. Qumu nədən aparırsan, deyə meksikalıya sual edir. Meksikalı da deyir ki, yuxum gələndə torbanı başımın altına qoyub yatıram.

İkinci dəfə meksikalı yenə velosipedlə və qum torbası ilə gəlir. Üçüncü dəfə gələndə polis şübhələnir. Yoxlamaya narkotik polisini çağırır. Yoxlayırlar və torbanın içindən qumdan savayı bir şey tapılmır.
Meksikalının növbəti gəlişində polis qum torbasını radiaktiv müayinəyə göndərir. Cavab gəlir ki, torbadakı adi qumdur, heç bir radioaktiv maddə qarışığı yoxdur. Bir ay, üç ay, bir il bu vəziyyət davam edir. Meksikalı qum torbası dalında velosipedi ilə Amerikaya gedir.
Bir neçə il sonra meksikalının qum torbasını yoxlatdıran polis sərinləmək üçün pivə içməyə gedir. Bara girəndə görür ki, o meksikalı da buradadır. Yaxınlaşıb onun yanında oturur və deyir:
-Hər dəfə dalında qum torbası velosipedlə Amerikaya getdin. İçimi dağıdan bir sualım var sənə. Artıq təqaüdə çıxmışam. Bundan sonra sənə bir pislik etməyəcəyimə əmin ol, kovboy sözü verirəm. Nə keçirirsən, Amerikaya?
Meksikalı gülə-gülə cavab verir:
-Velosiped!
Nədənsə, bizim media barəsində söhbət düşəndə meksikalının bu sərgüzəşti yadıma düşür.
Bizim media da eynən o polis kimi, qum torbasına baxır, eşələyir və təftiş edir. Amma və lakin velosipedi görə bilmir.
Baxmaq, görmək demək anlamına gəlməz. Arada dərin bir fərq var.
Medianın əsas funksiyası nədir? Ən birincisi, topluma dürüst və obyektiv informasiya çatdırmaq, onu maarifləndirmək və sair.
Bizim media toplumu dürüst və obyektiv informasiya ilə təmin edirmi? Cavab verməzdən öncə vicdanınızı yadınıza salın, lütfən.
Qətiyyən təmin etmir. Mən belə düşünürəm və fərqli düşünənlərdən rica edirəm ki, fikirlərini cəmiyyətə açıqlasınlar.
10-15 il əvvələ ekskursiya etməkdə fayda var. O vaxt toplumun az-çox oxuduğu qəzetləri yadınıza salın.
O qəzetlərin manşetində ən az 500 dəfə iri hərflərlə getmədimi, Kəmaləddin Heydərovun, Ziya Məmmədovun, Hacıbala Abutalıbovun və sair vəzifəli şəxslərin bu gün-sabah işdən azad olunacaqları?
Ən az 500 dəfə manşet olmadımı, ABŞ-ın İrana raket zərbələri endirəcəyi?
Ən az 500 dəfə manşet olmadımı, bu iqtidarın yaxınlarda süqut edəcəyi?
Ən az 500 dəfə manşet olmadımı, ABŞ və Qərbin bu iqtidarı cəzalandıracağı?
Ən az 500 dəfə manşet olmadımı, partiyaların müdrik liderlərinin seçkilərdə qalib gələcəyi?
Nə qədər yalanlar manşet oldu və bircə dəfə hansısa bir qəzetin bu yalanları dövriyyəyə buraxdığı üçün toplumdan üzr istəməsi baş verdimi?
Media tirajladığı yalana görə utanmalıdır, özündə az-çox ləyaqət görən qəzet patronu başını aşağı dikməlidir.
Tarixdən iki ibrətamiz örnək.
1. İl 1936. ABŞ-da prezident seçkiləri öncəsi 1 milyondan artıq tirajı olan “Literary Digest” jurnalı bir sorğu keçirib demokrat Franklin Ruzveltin və ya respublikaçı Alfred Lendonun seçiləcəyini müəyyən etmək istəyir. İki milyon 400 min seçicinin rəyi öyrənilir. Jurnal 51:49 hesabı ilə Alfred Lendonun qalib gələcəyini açıqlayıb. Seçkinin nəticəsi necə oldu? F.Ruzvelt 61 faiz səslə qalib çıxdı seçkidən!
“Literary Digest” oxucularından əvvəl üzr istədi. Daha sonra yönəticilər topluma yalan informasiya verdikləri üçün jurnalı bağladılar.
2. 1990-cı illərdə Türkiyədə Turqut Özalın prezidentliyi dönəmində Ana Vətən Partiyasını (ANAP)- (Partiya sədri prezident Turqut Özal idi) tərənnüm edən bir qəzet “Türkiyənin ən yaraşıqlı kişisi”ni tapmaq üçün sorğu keçirir. Birinci yerə prezident Turqut Özalın adı yazılır. Türk toplumunda komik bir şaşqınlıq yarandı. Qəzetin heç vecinə deyildi. O zehniyyətə rəğmən ölkə prezidenti və hakim partiyanın sədrindən başqa kimsə “yaraşıqlı kişi” ola bilməzdi. O sorğunu montaj edib tirajlayanlar əsla utanmadı. Nəticə necə oldu? ANAP bir siyasi qurum olaraq iflasa uğradı...
Mətbuat yalan tirajladıqca gözdən düşür, oxunmur. Əvvəllər az da olsa, metroda, avtobusda, parklarda qəzet oxuyanlar vardı. İndi əlində qəzet olanın nə məqsədlə onu aldığını ayırd etmək çətindir.
Bu gün “Təqaüdçülərə müjdə” manşeti atan, yaxud, “Maaşlar artırıldı” xəbərini tirajlayan qəzet patronu toplumun bu xəbəri nə qədər kinayə ilə qarşıladığının fərqindəmi?
Sanki təqaüdlər və maaşlar iki-üç dəfə artmış kimi muştuluq verən qəzet patronunda zərrə qədər utanc hissi olsa, belə ucuz işlərə əl qoymaz. 16 səhifəlik qəzetin 15 səhifəsini könlün istədiyi şəkildə yaran, tərənnüm et, amma toplumun heysiyyatına toxunan muştuluqlarına gərək yox. Bu ölkədə 1 milyon 300 min təqaüdçü var. Bu xəbəri yaymaqdan öncə təqaüdlərin miqdarına baxsaydın, artımın təqaüdün baza hissəsinin 11.2 faizi qədər olacağını dərk etsəydin, bu muştuluğa gərək qalmazdı. Bunu edə bilmirsən, nədən ki, gördüyün meksikalının qum torbasıdır.
Başqa bir manşetə diqqət edin. “Filan rayonun İcra hakimiyyətinin arxitektoru, mühəndisi, şöbə müdiri, nəbilim daha hansı kiçik-orta görəvlisi rüşvət aldığı yerdə yaxalandı.”
Çox əcaib bir xəbər. Oxuyanın nə düşündüyünü, nə dediyini bilirsənmi? O “kiçik-orta” məmurun İcra başçısı üçün rüşvət aldığını yeddidən yetmişyeddiyə hər kəs bildiyi halda sən bilmirsən? Yenə meksikalının qum torbası yada düşür.
Bizim medianın topluma verilən informasiya el dili ilə desək, kor dolmadır. İçində ətdən savayı hər şey olan dolma.
Yüzlərlə problemin varlığında toplumun informasiya aclığını “kor dolma” ilə doyurmağa girişmiş delitant, qeyri peşəkar və savadsız jurnalist ordusu fəaliyyətdədir. Savadlı və vicdanlı qələm sahibləri onların kölgəsində qalıb. Dərin analitik yazılar, obyektiv təhlillər və araşdırmalar az-az gözə dəyir. Bu durumda medianın inkişafından danışmaq absurd.
Dürüst və obyektiv informasiya xalqa xidmət etməkdir, dövlətə xidmət etməkdir.
Azərbaycanda bəzi qəzet patronları qəzetçiliyin əxlaqını pozdu. Eynən bəzi tibb işçilərinin həkimliyin əxlaqını pozduğu kimi. (Bu barədə ayrıca bir məqalə olacaq)
Aldıqlarına, qazandıqlarına rəğmən dürüstlük və obyektivlik ayaq altına atıldı. Olduqca utancverici bir durum.
Yaxın keçmişdə qəzetlər iki qrupa bölünərdi. 1. Oxunan qəzetlər 2. İstifadə olunan qəzetlər. Artıq oxunan qəzet qalmadı. Bazarda olan yalnız istifadə üçün yararlı qəzetlərdi.
Nəticə?
Qəzet oxuyan qalmadı bu məmləkətdə.
Qəzet və kitab oxumayan, dürüst və obyektiv informasiyadan məhrum toplumların aydınlığa qovuşması isə çox zor bir iş...